”Artıq məmurların villasını çəkən yoxdur”

Noyabrın 10-da Bakı Apelyasiya Məhkəməsində bloger Mehman Hüseynovun şikayətinə baxılıb.

Vəkil Fuad Ağayev qarşı tərəfin – Musa Musayevin məhkəməyə gətirilməsini və dindirilməsini istəyib.

“Absurd vəziyyət yaranıb. Bu adamın şikayəti əsasında insan məhkum olunub. Amma Musa Musayevin üzünü hələ heç kim görməyib. Heç olmasa, Musa Musayev məhkəməyə gəlsin. Mehman Hüseynov da bilsin ki, kimə görə həbs edilib”.

Prosesi ictimai-siyasi fəallar da izləyib.

Əli Kərimli: “Doqquz aydır ki, Azərbaycanın ən populyar video-blogeri həbsdədir. Kim nə qazanıb, kim nə itirib? 9 aydır korrupsionerlər qazanclıdır. Heç kim onların villalarını çəkib, rüsvay etmir. Bu villaların hansı pulla əldə olunduğunu soruşmur”.

Hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən proses 16 noyabra təxirə salınıb.

Mehman Hüseynov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 2 il azadlıqdan məhrum edilib.

Bloger Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin şikayəti əsasında həbs edilib.

Apelyasiya Məhkəməsi həmin hökmü qüvvədə saxlayıb. Ancaq Ali Məhkəmə blogerin kassasiya şikayətini qismən təmin edib, işi yenidən Apelyasiya Məhkəməsinə qaytarıb.

Ana səhifəVideo”Artıq məmurların villasını çəkən yoxdur”