“Artıq dünyada “neft tükənir” nağılına inanan qalmayıb”

İqtisadçı Natiq Cəfərlinin fikrincə, neftin qiymətinin enməsi Qərb-Rusiya qarşıdurmasına görə deyil

Source:


İqtisadçı Natiq Cəfərlinin fikrincə, neftin qiymətinin enməsi Qərb-Rusiya qarşıdurmasına görə deyil

““Brent” markalı neftin qiyməti psixoloji hədd olan 80 dollardan da aşağı düşdü, yaxın zamanda artıq növbəti psixoloji hədd olan 75 dolları test edəcək”.

Bu fikirləri iqtisadçı Natiq Cəfərli deyir. Neftin qiymətini öz “Facebook” səhifəsində şərh edən iqtisadçının fikrincə, buna səbəb Rusiya amili deyil: “Bir çoxu elə bilir ki, bu tək Qərb-Rusiya qarşıdurmasına görə baş varir. Çox yanlış fikirdir. Sabah Rusiya Krımı Ukraynaya qaytarsa, Donbasdan tam çəkilsə belə, neftin qiyməti bahalaşmayacaq. Çünki dəfələrlə mətbuatda dediyim kimi, qiymətin enməsinin təbii, fundamental, iqtisadi səbəbləri var. Ən böyük səbəblərdən biri odur ki, artıq dünyada “neft tükənir” nağılına inanan qalmayıb, son 10 ildə dünya istehsal və istehlak etdiyi neftdən 2,5 dəfə artıq yeni yataqlar tapılıb. Bundan əlavə, yeni texnologiyalarla slans, qum, qaya nefti hasil olunur. Daha bir fundamental məsələ odur ki, neft dövrü bitib: cəmi 10-15 il öncə dünyanın bütün aparıcı iqtisadçıları əminliklə deyirdilər ki, dünya iqtisadiyyatının qan-damar sistemi, aparıcı sahəsi enerji daşıyıcılarıdır. İndi durum fərqlidir: dünya iqtisadiyyatının aparıcı sahələri texnoloji sahələrdir, nano texnologiyalardır, 3D printerlərdir, İT sahəsidir”.

Natiq Cəfərlinin fikrincə, dünya artıq başqa yolla inkişaf edir: “Tamam başqa parametrlərlə ölçülür, biz isə hələ də dünyaya 100 il neft-qaz verə biləcəyimizlə fəxr edirik, bütün siyasətimizi, iqtisadiyyatımızı bunun üzərinə qurmuşuq. Ayılın cənablar, neft-qaz qatarı artıq gedib, heç olmasa, növbəti stansiyada texnoloji qatarına çatmaq üçün cəhdlər etmək lazımdır. Bu cəhd isə heç də Məşədi İbad rəqsini ifa edən robot düzəltməkdən keçmir”.

Ana səhifəXəbərlər“Artıq dünyada “neft tükənir” nağılına inanan qalmayıb”