“Bu qondarma səhifədə yayılan məlumatların hamısı Azərbaycan xüsusi xidmət orqanlarının məhsulu və onların təxribatı, nə mənə, nə də qızıma aidiyyatı olmayan şüurlu dezinformasiyadır”
Avqustun 2-də hakimiyyətə yaxın saytlar “V kontakte” sosial şəbəkəsinə istinadən həbsdə olan hüquq müdafiəçisi Leyla Yunusun Hollandiyada yaşayan qızı Dinara Yunusovanın adından ““Anamı həbs elədiz, atamı xəstəliyə düçar elədiz, indi isə cəbhədə əsgərləriniz ölsün, əclaflar. Nifrət edirəm hamınıza. Daha böyük bəlalar sizi gözləyir” statusunu yayıblar.
Dinara Yunusovanın atası Arif Yunus olayla bağlı öz Facebook səhifəsində yayılan məlumatı xüsusi xidmət orqanlarının təxribatı adlandırıb.
Arif Yunus bildirib: “Avqustun 2-də mən, demək olar ki, bütün günü heç kimlə əlaqə yarada bilməmişəm – həyat yoldaşıma dərman və pəhriz yeməkləri aparmışdım, daha sonra polis şöbəsində oldum. Yalnız axşam xəbərləri oxudum və bizim xüsusi xidmət orqanlarının ailəmizə qarşı dəhşətli təxribatından xəbər tutdum. Onlar «V kontakte» sosial şəbəkəsində hazırda Hollandiyada yaşayan qızım Dinara Yunusovanın adına səhifə açıblar və onun adından iftira xarakterli materiallar yayıblar. Bu məlumatların ona heç bir aidiyyatı yoxdur, hətta bundan xəbəri də olmayıb. Rəsmən bəyan edirəm ki, bu qondarma səhifədə yayılan məlumatların hamısı Azərbaycan xüsusi xidmət orqanlarının məhsulu və onların təxribatı, nə mənə, nə də qızıma aidiyyatı olmayan şüurlu dezinformasiyadır. Bu primitiv təxribatı kəskin qınayırıq”.
Dinara Yunusova da öz Facebook səhifəsində onun adından yazılanlara münasibət bildirib. Xanım Yunusova yazıb ki, digər sosial şəbəkələrdə, o cümlədən “v Kontakte” onun profili yoxdur və o yalnız Facebook-dan istifdə edir: “Əgər kimsə mənim adımdan hər hansı informasiya yayırsa, bu əsl təxribat və dezinformasiyadır. Mən və valideynlərim həmişə Azərbaycanı sevmişik və onun ərazi bütövlüyünə dəyər vermişik. Eyni zamanda bildirim ki, heç vaxt heç kimə müsahibə verməmişəm. Lazim bildiyim hər şeyi burda yazıram”.