“Mən noyabrın 6-dan aclıq aksiyasına başlamışam və dərmanları da qəbul etmirəm. Əsas tələbum həyat yoldaşıma qarşı təzyiqlərə son qoyulmasıdır”
Bu sözləri jurnalistlərin suallarını cavablandıran konfliktoloq Arif Yunus deyib. Məhkəmənin qərarı ilə ev dustaqlığına buraxılan konfliktoloq həyat yoldaşı Leyla Yunusun vəziyyətindən çox narahat olduğunu deyir: “Siz təsəvvür edin ki, o, hər gün işgəncəyə məruz qalırdı, onu döyürdülər. 60 yaşlı qadını döymək nə deməkdi? Bunu anlamaq çətindir. O, son illərdə 6 dəfə cərrahiyyə əməliyyatı keçirib. Eyni zamanda şəkər xəstəsidir, böyrəyində daş var. Hətta hökumətin təsir dairəsində olan qəzetlər də Leyla Yunusun Almaniyada gözündən əməliyyat olduğunu yazmışdılar. Şəkər xəstəliyi isə onun əməliyyat olunmuş gözünə mənfi təsir edir. Ona görə də məni yox, Leyla Yunusu azad etməli idilər. Bu baxımdan məhkəmənin haqqımda çıxardığı qərarı ədalətsiz sayıram. Çünki mənim həyat yoldaşım heç bir əsas olmadan həbsdədir. Mən hipertoniya xəstəsiyəm, bu, Leyla Yunusun daşıdığı xəstəliklərdən ağır deyil. Hipertoniklər indi də ölə bilər, 10 ildən sonra da. Leyla isə təcili azadlığa buraxılıb müalicə olunmalıdır. Qapalı şəkildə aparılan müalicənin heç bir effekti yoxdur. Leylanın vəziyyəti mənim durumumdan dəfələrlə ağırdır. Azərbaycanda milli dəyərlərdən, humanizmdən çox danışırlar. Ancaq 60 yaşlı və xəstə qadını içəridə işgəncəyə məruz qoyurlar”.
Arif Yunus bundan sonra hansı addımlar atacağı haqqında suala belə cavab verib: “Mənim bir silahım var, o da dilim. Mən susan deyiləm”.
Leyla Yunusun qərarı necə qarşılaması barədə suala Aruf Yunus cavab verib ki, o, elə əvvəlcədən ağlayırdı, məhkəmə boyu da ağladı: “Çünki o, azadlığa buraxılacağına inanmır. Məsələ ondadır ki, onu aldadıb qadın türməsinə aparmaq istəyirlər. Orda isə vəziyyət həddən artıq ağırdır. Faktiki olaraq onun ölümündən söhbət gedir. Hətta onu bu gün Almaniyaya müalicəyə aparsalar da, normal vəziyyətə qayıtmaq üçün ən azı 2 il vaxt lazım olacaq. Çünki onda Hepatit C, şəkər, böyrəklərində daş var. Bunların da üstünə 6 cərrahiyyə əməliyyatını da gəlsəniz, belə adamı türməyə aparmağın nə demək olduğunu anlayacaqsız. Birbaşa deyirəm ki, bu, onu ölümə göndərmək kimi bir şeydi. Belə olanda susa bilmərəm. Nə kişi olaram əgər sussam?! Əlbəttə, susmayacam. Aclıq aksiyasına da buna görə başlamışdım. Biz 37 il bir yerdə yaşamışıq. Biz azərbaycanlıyıq, İslamdan və demokratik dəyərlərdən danışırıqsa, 60 yaşlı xəstə qadını həbsxanada saxlamaq nədir? İşgəncə verilməsinə nə ad qoymaq olar?”
Arif Yunus bildirib ki, o, həbs olunan zaman müstəntiqlərin heç bir sualına cavab verməyib və heç bir sənədə qol çəkməyib: “Hətta məxfi xarakter adıyla mənə sənəd təqdim edirdilər, imzalamadan geri qaytarırdım. Çünki mən və həyat yoldaşım sifarişlə həbs olunmuşuq. Müstəntiqə Ali Sovetin keçmiş sədri Yaqub Məmmədovun “peşka” sözünü xatırladıb deyirdim ki, sən özün də prosesdə icraçısan. Nə sifariş verəcəklərsə, onu da edəcəksən. Bizə qarşı olan ittihamları “Yeni Azərbaycan” və “Səs” qəzetlərində dərc olunmuş məqalələrdən götürmüşdülər. O qəzetlərdə isə heç bir mənbə göstərmədən şər-böhtan yazılmışdı. Təsəvvür edin ki, “Arif Yunus və Leyla Yunus satılıb” böhtanı üzərində istintaq aparılır. Normal ölkələrdə qəzet redaktorları buna görə istintaqı məhkəməyə verərdi. Ondan sonra məndən heç bir sorğu-sual aparmadı. Məhkəmə qərarı mənim Bakıdan kənara çıxmamağım haqqındadır. Siz bilirsizmi məni necə həbs ediblər? Polis bölməsinə yazıblar ki, mən paytaxtın Nizami rayonundan Yasamal rayonuna keçmişəm. Mən Yasamal rayonuna çörək almağa getmişəm. Məni sərhəd pozmaq adıyla tutublar. Məgər dükana gedib çörək almaq sərhədi pozmaqdı? Hətta müstəntiqlərə dedim ki, bu cür biabırçılığı yazmaqdansa, verin özüm özümə ittiham yazım”.
Jurnalistin “Leyla Yunusun sizə məktublarını oxuya bilirdizmi” sualına Arif Yunus belə cavab verib: “MTN-də belə şey mümkün deyildi. O məktublardan xəbərim olmayıb”
MTN-də işgəncə verilib-verilməməsi ilə bağlı suala cavabında deyib ki, nazirlikdə saxlanmanın özü elə bir işgəncə idi: “Mən orada ancaq təkadamlıq kamerada saxlanmışam. Bu, çox çətindi. 15 ay ərzində mənim dünyadan nələrin baş verməsindən xəbərim olmayıb. Yəni yoldaşımın, qızımın nələr çəkdiyindən xəbərsiz idim. Ən pis təsir edən bu faktorlardır. Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Qasımov da o cür təkadamlıq kamerada saxlanılıb. O zaman biz düşünürdük ki, ona MTN-də işgəncələr verilib. Ancaq mən MTN-də 15 ay müddətində anladım ki, təkadamlıq kamerada qalmağın özü işgəncədir. Xüsusən də axşamlar çətin olurdu və təzyiqim qalxırdı. Adam az qala dəli olurdu. MTN təkadamlıq kamerası yalnız dindarlar üçün yaxşıdı. Onlar o cür yerlərdə Allah yolu naminə əzab çəkdiklərini düşünürlər. Mən isə aliməm, daim yazmaq, oxumaq istəyirdim. Yazmayanda mənim üçün çətin idi”.
Arif Yunus həyat yoldaşının azad olunmaması ilə bağlı suala belə cavab verdi: “Burada iki variant var – ağıllı və qeyri-məntiqi, ağılsız addım. Söhbət hakimiyyətdən gedir. Əslində Leyla Yunusun həbsi Azərbaycan imicinə zərbədir. Mən adi aliməm, Leyla Yunus isə hüquq müdafiəçisidir. O, onlarla beynəlxalq təşkilatın üzvüdür. Onun həbsdə saxlanması Azərbaycanın maraqlarına ziddir. Hakimiyyətin yerinə olsaydım, Leyla Yunusu azad edərdim. Bu məsələyə praqmatik yanaşmaq lazımdır”.