Baş Prokurorluğun mətbuat xidmətinin məlumatında deyilir ki, A.Yunusun həbsi cinayət-prosessual qanunvericiliyin tələblərini pozması ilə əlaqədardır: “Belə ki, A.Yunus polisin icazəsi olmadan dəfələrlə yaşadığı rayonun ərazisini tərk edib, cinayət təqiblərinə məruz qalan şəxslərlə görüşüb, İnternet yazışması ilə məşğul olub, KİV-ə müsahibə verib və bu müsahibədə birtərəfli, həqiqətəuyğun olmayan məlumatlar verib”.
***
Bir neçə dəqiqə əvvəl Nəsimi Rayon Məhkəməsində hakim Elman İsayev Arif Yunus haqqında 3 ay həbs qətimkan tədbirinin seçilməsi qərarını elan edib.
***
Vəkil Cavad Cavadov öz Facebook səhifəsində yazıb ki, Arif Yunus barəsində qətimkan tədbiri dəyişdirilərək həbs seçilməsi üçün məhkəməyə təqdimat verildi.
***
Vəkil konfliktoloqun həbs olunacağını ehtimal edir
Tanınmış konfliktoloq, Sülh və Demokratiya İnstitutunun əməkdaşı Arif Yunus avqustun 5-də Bakı İstintaq Təcridxanasında saxlanılan həyat yoldaşı Leyla Yunusun yanına gedərkən saxlanılıb.
Vəkil Xalid Bağırov “Turan İA”-a bildirib ki, öncə A.Yunusu Yasamal Rayon Polis İdarəsinin 27-ci bölməsinə aparıblar. Sonra vəkilə bildirilib ki, A.Yunus Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinin müstəntiqi İbrahim Ləmbəranskinin yanına aparılıb.
Vəkil A.Yunusun da həbs olunacağından ehtiyat etdiyini bildirib.