”Polisdən məhkəməyə bu məsələ ilə əlaqədar heç bir cavab gəlməyib”
İyulun 3-də Bakı Apelyasiya Məhkəməsində Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və həyat yoldaşı Arif Yunus barəsində hökmdən verilmiş şikayət üzrə növbəti məhkəmə iclası keçirilib.
Meydan TV-nin müəlumatına görə, prosesdə hakim Mirpaşa Hüseynov bildirib ki, Yunusların məhkəməyə məcburi gətirilmələri ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib. Hakim bildirib ki, qərar mayın 17-də çıxarılsa da, indiyə kimi polisdən hər hansı cavab almayıblar.
İclasda iştirak edən Yunusların vəkili Elçin Sadıqov isə məcburi gətirilmə barədə qərarın surətini istəyib. Lakin həmin sənəd vəkilə təqdim edilməyib.
Proses iyulun 12-də davam edəcək.
Leyla və Arif Yunuslar Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və digər maddələrinə əsasən ittiham olunublar. Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 avqust 2015-ci tarixli hökmü ilə Leyla Yunus 8 il 6 ay, Arif Yunus isə 7 il müddətinə azadlıqdan məhrum olunub. Hökmdə onların əmlaklarının müsadirə olunması, bank hesablarındakı vəsaitin alınaraq dövlətin hesabına köçürülməsi əksini tapıb.
Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Bakı Apelyasiya Məhkəməsinin 2015-ci il noyabrın 12-də keçirilən prosesində Arif Yunusun barəsində seçilmiş həbs-qətimkan tədbiri dəyişdirilib, ondan başqa yerə getməməklə bağlı iltizam alıb. Bundan sonra Arif Yunus məhkəmə zalından azadlığa buraxılıb. 2015-ci il dekabrın 9-da isə apelyasiya şikayəti üzrə qərar elan edilib. Qərara əsasən, Leyla Yunus barəsində təyin olunan 8 il 6 ay, Arif Yunus barəsində isə təyin olunan 7 il müddətində azadlıqdan məhrumetmə cəzası 5 il sınaq müddəti təyin olunmaqla, şərti hesab edilib. L. Yunus məhkəmə zalından azadlığa buraxılıb.
Hər iki şəxs hazırda Hollandiyadadır.