Arif Rəhimzadə Ədliyyə Nazirliyini qeyri-obyektivlikdə qınadı

Deputatlar bələdiyyələrlə bağlı tənqidi fikirlər səsləndirdilər

Source:


Deputatlar bələdiyyələrlə bağlı tənqidi fikirlər səsləndirdilər

Fevralın 14-də Milli Məclisin plenar iclasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi təqdim olunub. Məruzə ilə çıxış edən ədliyyə nazirinin müavini  Vilayət Zahirov bildirib ki, 2016-ci ildə də bələdiyyələrin fəaliyyətinin gücləndirilməsi, hüquq pozuntularının qarşısının alınması, inzibati nəzarət istiqamətində bələdiyyələrlə xeyli iş aparılıb, lazımı metodiki və hüquqi dəstək göstərilib.

2016-cı ildə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə bağlı işini vətəndaşların müraciəti və bələdiyyə aktlarının ekspertizası üzrə qurub. Ümumilikdə, il ərzində mərkəzə 2320 müraciət daxil olub. Həmin müraciətlərin 50 faizi torpaq məsələləri ilə bağlıdır. Bu müraciətlərin 538-i torpaq sahələrinin ayrılmamasını, 145-i torpaq sahələrinin sənədləşdirilməməsini, 557-si torpaq mübahisələrini əhatə edib. Məlum olub ki, bu müraciətlərin bir hissəsi vətəndaşların öz aralarında yaranan torpaq mübahisələri ilə bağlıdır. Daxil olan müraciətlərin 126-sı təmin edilib. 27 müraciətlə əlaqədar inzibati araşdırma aparılıb. 9 fakt üzrə xırda nöqsan xarakterli yerli pozuntular aşkarlanıb. Həmin nöqsanların aradan qaldırılması üçün bələdiyyələrə tövsiyələr verilib.

Vilayət Zahirov bildirib ki, 3 halda kiçik maliyyə pozuntusu aşkarlanıb, bu zaman vurulan ziyanın da ödənilməsi təmin edilib. Müraciətlər üzrə 18 faktda ciddi pozuntu aşkarlanıb və bu barədə materiallara hüquqi qiymətin verilməsi üçün prokurorluq orqanlarına göndərilib. Bütövlükdə, il ərzində istintaq orqanlarına 58 material göndərilib.

“Ötən il bələdiyyə üzvlərinin hüquqi maarifləndirilməsi tədbirlərinin sayı 87 faiz artıb. Bu tədbirlərdə iştirak edən bələdiyyə üzvləri və qulluqçularının sayı isə 71 faizi ötüb. 14 metodiki vəsait hazırlanaraq bələdiyyələrə göndərilib. 3 ayda proqramda 500 mindən çox vergi və ödəniş ödəyiciləri sistemdə qeydiyyatdan keçib. 2015-ci ilin 9 ayında vergi və ödənişlər üzrə gəlirlər 8 milyon 219 min 300 manat idisə, ötən ilin 9 ayında bu göstərici 17,5 faiz çox olub. Lakin bələdiyyələrin yığm səviyyəsində artım olsa da, görüləcək iş hələ çoxdur” – nazir müavini qeyd edib.



“Komitə iclasını niyə keçiririk?”

Məruzədən sonra söz alan Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə Ədliyyə Nazirliyini qeyri-obyektivlikdə ittiham edib. O vurğulayıb ki, komitə iclasında məruzə ilə bağlı təkliflər irəli sürülsə də, heç biri məruzədə yer almayıb, bir problem belə qabardılmayıb: “Biz orada bəzi tənqidlər də qeyd etmişdik, təəssüf ki, nəzərə alınmayıb. Axı belə olmaz. Bəs, Komitə iclasını niyə keçiririk? Biz nə üçünük? O zaman elə birbaşa plenar iclasa çıxaraq da məruzəni!”

A. Rəhimzadə əlavə edib ki, ümumilikdə, bələdiyyələrlə bağlı böyük işlər görülsə də, işlərin səmərəliliyi daha da artırılmalıdır.

Bələdiyyələrə ayrılan dotasiyaya da toxunan A.Rəhimzadə qeyd edib ki, dotasiya ilə yanaşı subvensiya da ayrılmalıdır. “Dotasiya ilə subvensiyanın fərqini hamımız bilirik. Dotasiyanı verirlər ki, nə istəyirsən et, amma həmin dotasiyanın çoxu heç bələdiyyələrə çatmır. Burada başqa hallar da var. Amma subvensiya birbaşa məqsədlidir. Bu, konkret layihələr üçün ayrılır və iş görülür. Çox təəssüflər olsun ki, bununla bağlı məruzədə heç nə deyilmədi. 70-yə yaxın kənd bələdiyyəsi nazirliyə layihə təqdim edib, amma qəbul edilməyib. Azərbaycanda Ədliyyə Nazirliyindən başqa bələdiyyələrlə məşğul olan başqa qurum varmı? O zaman nazirlik hara baxır?”

A.Rəhimzadə əlavə edib ki,büdcədə əlavə vəsait olmaması başadüşüləndir. Ona görə də, büdcədən dotasiya şəklində ayrılan vəsaitin bir hissəsinin subvensiya şəklində verilməsini təlif edib.



“Bələdiyyələrin sayı və tərkibi azaldılsın”

Parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Azərbaycanda fəaliyyət göstərən bələdiyyələrin sayının və tərkibinin azaldılmasını təklif edib. O vurğulayıb ki, kiçik kəndləri bir bələdiyyədə birləşdirmək mümkündür və dünya praktikasında da belə təcrübələr var:

“Qanunla bələdiyyələrə kifayət qədər status verilib. Lakin indi bələdiyyələrin fəaliyyətlərinin istiqamətləndirilməməsi üçün tövsiyələr verilməlidir və bunlar yerinə yetirilməlidir. Bələdiyyələr haqda elə fikir formalaşıb ki, guya bələdiyyələr torpaq alverilə məşğul olmalıdır. Bir sıra kənd təsərrüfatına yararlı torpaqlar var ki, bunlar bələdiyyələr vasitəsilə ayrı-ayrı şəxslər tərəfindən mənimsənilib. Bu, təəssüfləndirici haldır. Qanunvericiliyə uyğun bələdiyyələrin fəaliyyət mexanizmləri qurulmalıdır”.



“Sədrlər özlərini idarə müdiri kimi hiss edir”

Deputat Q.Paşayeva bildirib ki, Azərbaycanda hələ də bələdiyyələrin çoxu bələdiyyə institutunun mahiyyətini bilmir:

Qənirə Paşayeva foto sosial şəbəkə

“Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti keçirən orqanın bizə təqdim etdiyi hesabatda deyilir ki, vətəndaşların müraciətlərinin və bələdiyyə aktlarının təhlili nəticəsində bələdiyyələrin fəaliyyətindəki hüquq pozuntuları, nöqsan və çatışmazlıqlar içərisində birinci yerdə bələdiyyə sədrləri tərəfindən təkbaşına qərarların qəbul edilməsi dayanır. Bu, o deməkdir ki, bu sədrlər özlərini idarə müdiri kimi hiss edir və hələ də bələdiyyə institutunun əsl mahiyyətindən xəbərləri yoxdur. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti keçirən orqanın hesabatında bələdiyyələrin  fəaliyyətindəki hüquq pozuntuları, nöqsan və çatışmazlıqlar içərisində ikinci yerdə dövlət mülkiyyəti olan torpaqlar üzərində sərəncam verilməsi, üçüncüsü isə kənd təsərrüfatı təyinatlı torpaqların xüsusi mülkiyyətə verilməsidir dayanır. Demək ki, hələ bələdiyyələrin bir çoxu mülkiyyətlərində hansı torpaqların olub-olmamasını bilmir. Bu, çox mənfi haldı. Yox, əgər bilərəkdən bu addımları atıblarsa, bu, daha dəhşətlidir”.



“Xoşunuza gəlsə də, gəlməsə də, elə inzibati olmalıdır”

Deputat Adil Əliyev bildirib ki, bələdiyyələrin fəaliyyəti ilə bağlı tənqidlər səslənsə də, onların əlavə mənbədən maliyyələşməsi ilə bağlı təkliflər verilmir. O qeyd edib ki, Bakının rayonlarında bir çox təşkilatın binaları var və onlarda kommunal xidmətlər yoxdur və  həmin problemlərlə bələdiyyələr məşğul ola bilər:

Adil Əliyev foto sosial şəbəkə

“İcra hakimiyyətləri deyir ki, bura xüsusi təyinatlı binalardır. Komendantlar isə camaatı soyur, ancaq pul yığırlar. Bu quldurluğa son qoyulmalıdır. Yaxşı olar ki, həmin binaların problemlərini bələdiyyələr həll etsin. Bununla həm də bələdiyyələrin işi olar”.

Deputat Fəzail İbrahimli isə seçkili orqana inzibati nəzarətin əleyhinə çıxıb. “Onda gəlin Milli Məclisə də inzibati nəzarəti həyata keçirən orqan təyin edək. Nəzarət Ədliyyə Nazirliyinin səlahiyyətində qala bilər. Amma “inzibati” sözü seçkili orqana heç cür uyğun gəlmir. Bu söz qətiyyən işlədilməməlidir”.

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovun isə Fəzail İrahimliyə cavab olaraq bildirib ki, bu, Konstitusiyada nəzərdə tutulan məsələdir:

“Fəzail müəllim, mən bilmirəm ki, sizin nəyə görə inzibati sözündən xoşunuz gəlmir. Xoşunuza gəlsə də, gəlməsə də, elə inzibati olmalıdır. Çünki bu, Konstitusiyada yazılıb. Nazirlik isə səlahiyyətini aşmır, əksinə, bələdiyyə üzvlərinin maarifləndirilməsini həyata keçirir. Məgər bələdiyyə üzvünün maariflənməsi pisdir ki? Elə bunun adı inzibati nəzarət də olmalıdır”.

Müzakirələrdən sonra ədliyyə nazirinin müavini Vilayət Zahirov deputatların təklif və tənqidlərinə münasibət bildirib. O deyib ki, illik məruzə hazırlanarkən inzibati nəzarətin predmetindən kənara çıxarılmamasına çalışıblar.  Nazir müavini bildirib ki, bütün addımlar qanun çərçivəsində atılır. Onun sözlərinə görə, təkliflər üzərində təhlillər aparılıb və bütün məsələlər diqqətlə araşdırılacaq.

“Bu məsələlər növbəti məruzədə nəzərə alınacaq”-deyə Vilayət Zahirov bildirib.

Nazir müavini qeyd edib ki, subvensiyalarla bağlı yeni sənədlər hazırlanarsa, bununla bağlı müəyyən işlər aparılacaq.

Müzakirələrdən sonra məruzə səsə qoyularaq qəbul olunub.

Ana səhifəXəbərlərArif Rəhimzadə Ədliyyə Nazirliyini qeyri-obyektivlikdə qınadı