Əli Hüseynli: “Avropa oyunlarının yüksək təşkilatçılığı, möhtəşəm açılış mərasimi və idmançılarımızın uğurlu çıxışı həmin o qüvvələrin bütün niyyətlərini alt-üst etmiş oldu”
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli
APA
-ya müsahibə verib.
– Avropa oyunları ərəfəsində və indi bir sıra Avropa təsisatlarının Azərbaycan əleyhinə təhdid kampaniyası davam etməkdədir. Nə baş verir ?
– Dəfələrlə vurğulanıb ki, idmanın siyasiləşdirilməsi doğru deyil və bütün sivil dünyada bu belədir. Azərbaycanda keçirilən Avropa oyunlarına gəldikdə isə belə yanaşma, ümumiyyətlə, yersizdir. Çünki Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı bizə ünvanlanan ittihamlar həm də əsassızdır. Bununla demək istəyirəm ki, biz bu ittihamları təkcə ona görə rədd etmirik ki, hazırda ölkəmizdə mötəbər idman tədbiri keçirilir, biz bu ittihamları, ümumiyyətlə, hər zaman əsassız, uydurma və qərəzli hesab edirik. Həm Avropa Parlamentində, həm də Almaniya Bundestaqında keçirilən müzakirələr zamanı Azərbaycan əleyhinə çıxış etmiş deputatların kimliyinə nəzər salsaq görərik ki, bu işin təşkilatçıları erməni lobbisi və Azərbaycan müstəqilliyi əleyhinə olan xarici dairələrdir.
Amma Avropa oyunlarının yüksək təşkilatçılığı, möhtəşəm açılış mərasimi və idmançılarımızın uğurlu çıxışı həmin o qüvvələrin bütün niyyətlərini alt-üst etmiş oldu. Eyni zamanda ölkəmizdəki tolerant abı-hava, xalqımızın yüksək mədəni keyfiyyətləri, iqtisadi uğurlarımız bu yarışlarında iştirak edən avropalılar və əcnəbi turistlər üçün ölkəmizin əslində nə qədər azad və inkişaf etmiş bir dövlət olduğunu da nümayiş etdirir. Bütün bunlar ölkəmizin imicinə xələl gətirmək məqsədi güdən bu cür müzakirələri heçə endirmiş olur.
Hətta artıq belə bir məlumat da var ki, iyunun 21-24-ü tarixlərində Moldovanın paytaxtı Kişinyov şəhərində “Vətəndaş cəmiyyəti: Tərəqqi üçün dialoq” adlı iki günlük regional tədbir təşkil edilərək bunu gündəmdə saxlayacaqlar. Bu tədbir Avropa İttifaqının dəstəyi ilə “Vətəndaş cəmiyyəti: Tərəqqi üçün dialoq” layihəsi çərçivəsində keçirilir və Avropa Şərqi Tərəfdaşlıq proqramına daxil olan ölkələr üçün nəzərdə tutulub (Belarus, Azərbaycan, Ermənistan, Gürcüstan, Ukrayna və Moldova). Bundan başqa, bəzi Avropa ölkələrindən də iştirakçılar nəzərdə tutulub. Bunun əsas təşkilatçılarında layihə rəhbəri Stefan Maleriousun ermənilərə rəğbəti olan, Azərbaycanı sevməyən birisidir.
– Bu
günlərdə həm də
diplomat Arif Məmmədovun bəyanatlar
verməsi
və hüquq müdafiəçisi Emin Hüseynovun İsveçrə hökumətinin dəstəyi ilə Azərbaycanı tərk etməsi kimi hadisələr
də diqqəti çəkdi…
– Bu, əslində təsadüf deyildi. Amma burada yaddaqalan heç bir hadisə baş verməyib. Bu günlərin yeganə yaddaqalan hadisələri və qəhrəmanları Rafael Ağayev, Rəsul Çunayev, Toğrul Əsgərov və digər Azərbaycan idmançılarıdır. Onlar Avropa ictimaiyyətinə həm də azərbaycanlıların əzmkar, cəsur, dövlətinə və vətəninə sədaqət kimi xarakterini nümayiş etdirirlər. Yuxarıda adı çəkilən və Avropa ölkələrindən siyasi sığınacaq istəyən riyakar və xəyanətkarlara isə müqəddəs Azərbaycan torpağında, doğrudan da, yer yoxdur.
– Avropa oyunlarının b
u səviyyədə
keçəcəyi gözlənilən idimi?
– Əlbəttə. Birincisi, ona görə ki, hələ Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründən Azərbaycanda həm bədən tərbiyəsinə, həm də idmana böyük önəm verilməyə başladı. İqtisadi imkanlar, resurslarımızın az olduğu vaxtlarda idmançılarımız uğurlar əldə edirdilər. Çünki keçmiş sovetlər dövründən fərqli olaraq, müstəqillik dövründə idmançılarımızın qələbə qazanması həm də milli özünütəsdiq məsələsinə çevrildi. Prezident İlham Əliyev isə həm də Milli Olimpiya Komitəsinin prezidenti kimi idmanı ölkəmizdə ən prestijli peşələrdən birinə çevirdi. Çünki idman həm xalqın sağlamlığı, həm də ölkənin müsbət beynəlxalq imici üçün ən yaxşı vasitələrdən biridir. Baxın, cənab prezident hələ Dövlət Neft Şirkətinin vitse-prezidenti olduğu zamandan Azərbaycanda karatenin inkişafına şəxsən dəstək verməyə başladı. Bunu karate idman növünün Fizuli Musayev, Ülvi Quliyev, Yaşar Bəşirov kimi veteranları dəfələrlə söyləyiblər. 90-cı illərdə heç kimin ağlına gəlməzdi ki, nə zamansa Azərbaycanda ilk Avropa Oyunları keçirilə bilər və karateçilər də bu yarışlarda iştirak edərlər. Özü də belə uğurla. Bu, əsl uzaqgörənlik nümunəsidir. Mən karateçilərin bu Avropa oyunlarında böyük uğurunu xüsusi vurğulamaq istəyirəm. Karateçilərimiz təkcə əzmkar döyüşləri, qələbələri və medalları ilə yadda qalmadılar, onlar həm də əsl vətənpərvərlik nümunəsi və davranışı nümayiş etdirdilər. Kişi karateçilərinin sırasında legionerlərin olmaması özü də çox ciddi göstəricidir. Cənab prezidentə səmimi sədaqət, onun etimadını doğrultmaq və Vətəni layiqincə təmsil etmək şərəfi onlara nəsib olub.