Natiq Cəfərli: ''Arif Məmmədov dediyini sübut edə bilməsə, tamamilə qeyri-ciddi insan kimi yaddaşlarda qalacaq''
Azərbaycanın Avropa Birliyi yanındakı Daimi Nümayəndəliyinin sabiq başçısı Arif Məmmədov Avropa İttifaqında (Aİ) prezident İlham Əliyevin ciddi islahatlara başladığı haqda təəssürat yarandığı barədə söhbətlər yayıldığını deyib.
Keçmiş diplomat Arif Məmmədov bu təəssüratları ReAL Partiyasının aprelin əvvəlində Brüsseldə olan funksionerləri Erkin Qədirli və Natiq Cəfərlinin yaydığını qeyd edib.
A.Məmmədov ReAL Partiyasının funksionerlərinə qarşı ittihamlarını adının çəkmədiyini avropalı diplomatdan aldığı informasiya ilə əsaslandırıb.
Arif Məmmədov “Facebook” səhifəsində yazıb ki, həmin diplomatın optimist yanaşması ilə razılaşmayıb:
“Maraqlandım ki, bu təəssürat hansı məlumatların əsasında formalaşıb. O da mənə cavab verdi ki, Azərbaycan müxalifətinin nümayəndə heyəti Brüssel səfəri çərçivəsindəki görüşlərində ölkədə gedən proseslər haqqında çox müsbət rəy bildiriblər. Ona görə də həmin ərəfədə xarici işlər naziri Elmar Məmmədyarovun səfəri zamanı hakimiyyətin addımlarını müsbət qiymətləndirdik və Azərbaycan-Aİ arasında imzalanacaq sazişə də müsbət rəy verdik. Bir qədər ətraflı maraqlandıq və bəlli oldu ki, Azərbaycan müxalifətinin təmsilçisi kimi qəbul edilən heyətin tezisləri bu cür olub: Birinci, İlham Əliyev islahat aparmaq istəyir, amma ətrafında islahatların düşməni olan konservatorlar var. Buna baxmayaraq, İlham Əliyev bu ərəfədə atdığı addımlarla islahatların anonsunu verib. İkinci, siyasi dustaqların böyük bir qrupunun azadlığa buraxılması bu islahatların real başlanğıcı sayıla bilər. Üçüncü, mitinqlər və küçə yürüşləri İlham Əliyevin başladığı islahatları ləngitmək və hətta qarşısını almaq üçün hakimiyyətdəki konservatorlara arqument verir. Dördüncü, Azərbaycanda siyasi müxalifət düşərgəsində bəzi qüvvələrin taktikası ölkəni Suriyaya çevirə bilər. Nəhayət, ReAL Partiyası bu proseslərədə özünəməxsus xətt tutub, sabitliyi poza biləcək mitinqlər və kütləvi aksiyalar yoluna yox, təşkilatlanmaqla seçkilərə qatılmaq xəttini əsas götürür”.
Arif Məmmədov xatırladıb ki, ABŞ-a göndərilən Səməd Seyidov və Asim Mollazadə qrupu da elə təxminən bu tezislərlə çıxış ediblər:
“Görünür, hakimiyyət də "kürü diplomatiyasından" imtina edərək REAL diplomatiyaya start verməkdədir”.
ReAL Partiyasının yetkilisi Erkin Qədirli “Facebook” səhifəsində Natiq Cəfərli ilə Brüssel səfəri haqda əhatəli məlumat yayıb.
E.Qədirli çeşidli görüşlər keçirdiyini təsdiqləyib.
Bildirib ki, rəsmilərlə görüşlərin arasında Avropa Xarici Çalışmalar Xidmətində (European External Action Service) Azərbaycan, Ermənistan və Belarus üzrə bölümün, eləcə də Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş İdarənin, yenə də Azərbaycan, Ermənistan və Belarus bölümünün rəhbərliyilə görüşləri olub:
“Qarşı tərəf ölkəmizdəki gedişatı çox yaxşı bilir. ReAl Partiyasını da yaxşı tanıyırlar. Örnəyi, bu yaxınlarda İctimai Televiziyada çıxış etdiyimi xatırlatdılar, hərçənd, mən söhbəti onun üzərinə gətirəsi deyildim. Söhbətlərimizin böyük hissəsi Avropa Birliyilə Azərbaycan arasında imzalanması gözlənilən anlaşma haqqında oldu. Avropa məmurları dedilər ki, Azərbaycanın müxalif və sivil toplum çevrələrində bu anlaşmanın imzalanmasını istəməyənlər var. Nə təşkilat adı çəkdilər, nə adam. Biz də soruşmağı özümüzə yaraşdırmadıq. Arqumentlərini soruşduq, dedilər ki, bunu istəməyənlərin nəzərində sözügedən anlaşma İlham Əliyevin "diktator hakimiyyətini" gücləndirəcək. ReAl Partiyasının mövqeyini soruşdular. Dedik ki, anlaşmanın tezliklə imzalanmasını istəyirik, bunu ölkəmiz üçün çox önəmli sayırıq. Daha sonra ölkədəki gedişat haqqında soruşdular. Biz danışdıqca gördük ki, söylədiklərimizin çoxunu bilirlər, sadəcə gümanlarını yoxlamaq və bizim mövqeyimizi bilmək istəyirdilər. Biz də yazdıqlarımızı, müsahibələrimizdə danışdıqlarımızı onlara dedik. Yəni, burada uzatmayım, dediklərimizi asanlıqla güman edə bilərsiniz”.
E.Qədirli görüşlərdə avropalı diplomatların ReAl Partiyasının planları ilə maraqlandıqlarını yazıb:
“İmzatoplama kampaniyamız haqqında danışdıq, layimizi (topladığımız imzalarla birlikdə) Milli Məclisə göndərdiyimizi və qanunverici orqanın təşəbbüsümüzə hörmətlə yanaşıldığını söylədik. Parlament seçkilərinə hazırlaşdığımızı, erkən seçkilərin ola biləcəyini dedik. Başqa partiyalarla seçki koalisiyalarına gedə biləcəyimizi soruşdular. Maraqlıdır ki, burada Müsavat Partiyasının adını çəkdilər. Dedik ki, Müsavatla sıx əməkdaşlığımız olmasa da, qarşılıqlı hörmətimiz, orada dostlarımız var. Seçki dönəmi başlayarsa və Müsavat Partiyası seçkiyə getməyə qərar verərsə, onlarla bu mövzuda məsləhətləşmələrə hazır olduğumuzu söylədik. AXCP ilə bağlı heç nə soruşmadılar, biz də heç nə demədik”.
Meydan TV-nin bu barədə sorğusuna cavab verən, Brüssel səfərində olan Natiq Cəfərli ittihamı səsləndirən şəxsin sübut etməsini vacib hesab edir:
“Arif Məmmədov ona bu barədə danışan diplomatın adını çəksin və biz də həmin şəxslə əlaqə yaradaq. Arif Məmmədov, doğrudan da, diplomat olubsa və 20 il indiki rejimə xidmət edən diplomat olubsa, bilməliydi ki, bu tip görüşlərdə danışılan mövzuların yayılması ehtimalı sıfra bərabərdir. Diplomatik qaydalar belə tələb edir. Əgər dediyini sübut edə bilmirsə, onsuz da ciddiliyi ilə bağlı şübhələr vardı, indi tamamilə qeyri-ciddi insan kimi yaddaşlarda qalacaq”.
N.Cəfərli əlavə edib ki, o, Brüssel görüşlərində siyasi məhbuslar Seymur Həzi, Əfqan Muxtarlı və digərləri barədə məsələləri qaldırıb:
“Eyni zamanda, atılan addımların islahatla yaxından, uzaqdan əlaqəsinin olmadığını demişəm, çünki islahat institusional anlayışdır. Mən QHT, siyasi azadlıqlarla bağlı qanunvericiliyin dəyişməsinin zəruriliyini qeyd etmişəm. Onu da bildirmişəm ki, Azərbaycanla Avropa Birliyi arasında imzalanması nəzərdə tutulan müqaviləni dəstəkləyirik. Bakıda olanda da bu fikirləri deyirdik. Ona görə ki, saziş müxtəlif fürsət pəncərələri açır, nəticədə danışıqların yeni mərhələyə keçməsi üçün imkanlar yaradır”.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov aprelin 4-də Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının 16-cı iclasında deyib ki, yeni ikitərəfli sazişlə (layihə) necə və hara gediləcəyini müzakirə etməyə ehtiyac var:
“İnanıram ki, danışıqlarımızı yekunlaşdırmağa çox yaxınıq. Bu yaxınlarda biz danışıqları, onun bütün üç hissələri üzrə sinxronlaşdırmaya müvəffəq olmuşuq. Belə ki, artıq 90 faizi razılaşdırıldığına görə bu gün bizim olduqca yaxşı imkanımız vardır. Son vaxtlar biz bir sıra dəyirmi masalar və videokonfranslar keçirmişik və, eyni zamanda, qarşıdan gələn günlərdə bunu davam etdirməyə çalışırıq. Mən danışıqları tezliklə yekunlaşdırmaq istiqamətində birgə imkanlarımızın mövcudluğu ilə bağlı müsbət fikirdəyəm. Lakin əlbəttə ki, Azərbaycan üçün ən vacibi mahiyyət məsələsidir”.