Arif insanların kinayəsi

Yazar: Zərdüşt Əlizadə

Foto: Meydan.tv

İnsan da, millət də kim olduğunu, layiq olduğu yeri gerçəkdən bilməlidir.

Heyhat! Əksər insanlar və millətlər gerçəkdən kim olduqlarını bilmirlər və heç bilmək də istəmirlər. İşdir şayəd, kimsə onlara əslində kim olduqlarını desə, yerlərini göstərsə, hətta qəzəblənib bunun iftira və qərəz olduğunu iddia edirlər.

İnsaflı olmaq naminə başlayaq özümüzdən, sonra keçək qonşumuza. Özümüz barədə biz düşünəndə, rəsmi iddialara əsasən, xalqımız qədim, mədəni, insanpərvər və ləyaqətli xalqdır. Bunun əksini söyləyənlərin xalq bir olub gözünü ovur, qamçılayıb rüsvayi-cahan edir.

Bəs nə? Kimin haqqı var bizim gül-be-şəkər xalqımıza güldən ağır söz desin? Hətta milli polis işçisi nazir Vilayət Eyvazovun əmrini yerinə yetirərək qalib xalqın nümayəndələrini təpik altına salanda belə, yumruqla üz-gözünü bəzəyəndə belə, unutmamalıdır ki, dünyanın ən qədim, ən mədəni və ən ləyaqətli xalqının nümayəndəsini əzişdirir.

-Döydünmü qurumsağı?

-Bəli, cənab nazir!

-Döyəndə nə fikirləşirdin?

-Necə ki, əmr etmisiniz, hər yumruq və təpik vuranda oxuyurdum: “…cümlə hazırız”.

-Əhsən!

Bəli, bu qədim, məğrur və ləyaqətli xalqın dövləti var, qanunları var, lakin qanunlar işləmir, ölkədə Qacarlar dövrünün quruluşu bərqərar olub, sadə vətəndaş əyan-əşrəf təyin olunmuş gədaların təpiyi altında zillət içrə zindəganlıq edir.

Bir ölkənin ki, müstəqil məhkəməsi yoxdur, xalqın azad seçdiyi Məclisi yoxdur, əhalinin sərbəst seçdiyi səlahiyyətli bələdiyyəsi yoxdur, azad mətbuatı yoxdur, gəlin özümüzü aldatmayaq, orada dövlət yoxdur, orada başda müstəbid olmaqla mütəşəkkil cani dəstəsi hökmranlıq edir.

Azərbaycanın qüsur və illətini təsvir etməklə sona yetməz. Gözəl binalarımıza və hamar yollarımıza baxanda, bizə “bayırı bəzək, içi təzək” deyimi çox yaraşır. Hərçənd ki, rəsmi təbliğat, onun təsiri altında qara camaat məhz bu zahiri təmtəraq nişanələrinə uyaraq qürurundan gönünə sığmır.

Xub, bizim dərdlərimizə ağlamağa başlasaq, göz yaşlarımızı qurulamaq üçün dəsmal tapammarıq. Odur ki, “keçənə güzəşt” deyib Ermənistana boylanaq. Boylanaq və sevinək ki, “bizdən betəri də varmış”.

Bu millət, insafən, ən sadə insanlarını götürsən, lap elə bizim sadə camaat kimi, çox yaxşı millətdir. Di gəl millətin sifətini qara camat deyil, onun ziyalıları, onun yuxarı təbəqəsi müəyyənləşdirir. Bunları isə, bakılılar demiş, “kəs tulla”. Həddən ziyadə zaydırlar. Mən deyərdim, onlardır erməni xalqının əsl düşmənləri. Erməni xalqının evini onlardır yıxan.

Etiraf edim ki, ömrüm boyu ermənilərlə hər addımda rastlaşmışam.  Münaqişə başlayana qədər ermənilər Azərbaycanda cox hörmətli məqamlarda məskən salmışdılar. Uşaqlığım Filarmoniya ilə üzbəüz həyətdə keçib, Kommunist küçəsi 5, indiki İstiqlaliyyət. Üçmərtəbəli qədim binada qonşularımın azı üçdə biri erməni idi. Cox mehriban, şirindil, qayğıkeş insanlar idi. Həyətdə oynayanda kimin yadına düşərdi ki, filankəs ermənidir, bəhmənkəs türk? Əsla! Sadiqdir, ya xain, mərddir, ya namərd – bu idi meyarlar. Bakıda türk-erməni məsələsi 1987-ci ildən sonra ortaya çıxdı. Ondan əvvəl dostluq, şəriklik, hörmət və sevgi var idi, düşmənçilik yox idi.

Sonra, eşq olsun Kremlə, münaqişə başlandı, bizimkiləri oradan, erməniləri buradan qovdular, olduq yad və yağı. O zaman mən köhnə vərdişimə uyğun olaraq barış üçün qanacaqlı erməni axtarmağa başladım. Cox axtardım, cox aradım, yüzlərlə erməni siyasətçisi, alimi, ictimai fəalı, sadə vətəndaşı ilə tanış olub əməkdaşlıq etdim, lakin Georgi Vanyandan savayı bircə nəfər əməlli tərəfdaş tapammadım. Yaxşı adam az deyildi, münaqişənin mahiyyətini və  fəsadlarını dərk edənlər də var idi, fəqət öz fikirlərini açıq şəkildə erməni xalqına söyləməyə cəsarəti çatan tək insan Vanyan idi.

O da öz barış fikirlərini söyləyəndən sonra dünyasını nakam dəyişdi.

 Dedi ki, xalqlar tək yuxarıdan deyil, həm də aşağılardan barışmalıdır. Tək İlham Əliyevlə Nikol Paşinyan deyil, sıravi Mamedlə sıravi Akop da barışmalıdır. Dedi ki, Ermənistan və Azərbaycan barış səhnəsində ədavət deyil, comərdlik və alicənablıq yarışına çıxmalıdır, biri digərinə səxavət və qayğı sərgiləməlidir. Dedi ki, sərhədlər açılmalıdır, ermənilər Azərbaycana, azərbaycanlılar Ermənistana maneəsiz gəlməlidir. Niyə? Çünki Ermənistan azərbaycanlıların, Azərbaycan ermənilərin doğma vətənidir.

Özü Qaraçınar kəndində doğulub yeddi yaşına qədər orada, babasının evində böyümüşdü, hər yay Yerevandan gəlib tətilini doğma kəndində, azərbaycanlı kənd uşaqları ilə birlikdə oynayaraq keçirmişdi. Vətən olaraq Azərbaycanı Ermənistandan ayırmırdı.

Tək canına bütöv bir millətin üstünə gedib hayqırırdı ki, “Yanılırsınız! Səhv yoldasınız! Qarabağ Azərbaycanındır! Barışın, tökün daşı ətəyinizdən, inanmayın savaşa səsləyənlərə! Ermənistanın 1 nömrəli müttəfiqi Azərbaycandır!”

Ona, kasıb Vanyana deyil, xalqını qarət edib varlanmış harın casuslara, vətən dəllallarına inandı erməni xalqı. İnandı, vuruşdu, basıldı.

İndi oturub çarə axtarırlar. Üç-dörd nəfər var, ağıllanıb xalqı gerçəkliyi dərk etməyə çağırırlar. Cəmi üç-dörd nəfər. Azı yüz nəfər xalqı köhnə yolla irəli, uçuruma doğru səsləyir.

Mən bu adamların nitqini təhlil edirəm. Savadları, şübhə yoxdur ki, var. Dediklərinə inansaq, erməni xalqını sevirlər. Fəqət bu sevgi hara, xalqı cəngə, ölümə haraylamaq hara?

İçərilərində Qərb universitetlərinin professorları da var. İkisindən savayı, hamısı xalqı savaşa səsləyir. Bu ikisindən savayı, biri də demir ki, Ermənistanın milli təhlükəsizliyinin təməlində Azərbaycanla və Türkiyə ilə sıx əməkdaşlıq və etimad əlaqələri durmalıdır.

Hamısının fikri-zikri qisas, yeni savaş, müasir güclü ordu, yeni öldürücü silah əldə etməkdir. Biz Qarabağı qaytarmalıyıq! Artsaxsız Böyük Ermənistan yoxdur! Öncə Artsax, sonra Masis! Ararat bizimdir! Qərbi Ermənistanı bizə Vudro Vilson verib! Rədd olsun Rusiya! Yaşasın Qərb, ilk növbədə ABŞ! Amerika Qafqaza gələcək, Azərbaycanı vuracaq, Ermənistanı qucağına götürüb öpəcək!

Vəziyyət dəyişir! Xoş günlərin birinci nişanəsi Ermənistanın onlayn “Demokratiya sammiti”nə dəvətidir! Ermənistanı dəvət ediblər, amma Türkiyəni və Azərbaycanı dəvət etməyiblər! Ura! Biz demokratıq, Türkiyə və Azərbaycan anti-demokrat!

Bədbəxtlər demokratiya nədir, bilmirlər. Bilmirlər ki, demokratiya sistemdir, onun labüd tərkib hissələri var, o cümlədən mütəşəkkil muzdlu əməkçilərin və sahibkarların müstəqil təşkilatları, yüksək fərdi gəlir, azad vətəndaş cəmiyyəti, azad media, müstəqil məhkəmə, əhalinin yüksək şüur səviyyəsi olmalıdır. Bunlardan hansı biri Ermənistanda var? Bircə ünsür var: şəffaf və ədalətli seçki. Vəssalam. Əhalinin siyasi şüur səviyyəsi rus, azəri, suriyalı, iraqlıdan heç nə ilə fərqlənmir.

Arif adam özünü tanımayan, özü haqqında olduğundan yüksk fikirdə olanlara kinayə ilə yanaşır. Əgər nəzakətli insandırsa, fikrini ürəyində saxlayır, lakin özünü tanımayan bəndə ilə təmasda bir an belə unutmur ki, “bu bədbəxt özü özünü tanımır”.

Nəzakətli deyilsə, cahilin əsassız öyünməsinə bir dözür, iki dözür, sonra isə səbri tükənəndə deyir” bilisən nə, qardaş, get hoppan!”

Necə ki, indi dünyanın əksər dövlətləri və təşkilatları Ermənistana deyir.

Buna sevinməyə dəyməz, dəyişməsək, özümüzü tanımasaq, bir gün bizə də deyəcəklər.

Şübhəniz olmasın. Dünya siyasətçilərinin 100 faizi nəzakətsizdir.

Ana səhifəMənim FikrimcəArif insanların kinayəsi