“Arif Hacılının vəziyyəti elə də ürəkaçan görünmür”

Seçkilərlə bağlı pozuntular araşdırılmasa, Müsavat Partiyasında narazılıq böyüyəcək

Source:



Seçkilərlə bağlı pozuntular araşdırılmasa, Müsavat Partiyasında narazılıq böyüyəcək

Müsavat Partiyasının başqan seçkilərində qanun pozuntularına yol verilməsinə dair iddialar səngimir. Oktyabrın 6-da məlum narazılıqlarla bağlı keçirilən toplantıda iştirak edən narazı üzvlər  seçkidəki pozuntuların məsuliyyətinin keçmiş başqan İsa Qəmbərin üzərində olduğunu deyiblər.  Onlar yeni başqana pozuntuları araşdırmaqla bağlı təkliflər göndərdiklərini də açıqlayıblar. Müsavat Partiyasının yeni başqanının bundan sonrakı adddımları maraq doğurur.

Siyasi şərhçi Azər Rəşidoğlu hesab edir ki, yeni başqan Müsavat Partiyasına yenilik gətirə bilməyəcək : “Bütün baş verənlərin kökündə duran odur ki, İsa Qəmbərdən sonra kimliyindən asılı olmayaraq, partiyanın başında duracaq şəxs  heç də əksəriyyətin lideri ola bilməyəcək. Bu, öncədən bəlli idi. Təəssüf ki, bu illər ərzində İsa Qəmbər və digər müxalifət partiyalarının sədrləri  partiyada yeni lider yetişdirə bilmədilər. Yəqin ki, qarşıdurma dərinləşəcək. İsa Qəmbərin dönəmindən olan bir çox köhnə qvardiyanın təmsilçiləri partiyanı tərk edəcəklər.  Digər tərəfdən, Arif Hacılı və Qubad İbadoğlu arasında  hər hansı bir razılaşmanın əldə olunması bir qədər problemli görünür. Ola bilər hansısa aralıq mərhələ üçün razılığa gələ bilsinlər. Amma prosesə qlobal baxdıqda, onların konsensusa gələcəyi ağlabatan deyil. Əslində Qubad İbadoğlunun, Arif Hacılının və ya bir başqasının başqan seçilməsinin  heç elə bir önəmi də yoxdur. Partiya 20 ildən artıqdır ki, müxalifətdədir, bir neçə seçkiləri uduzub, uğursuzluqlara düçar olub və bu uğursuzluq zolağını keçə bilmir”.

Azər Rəşidoğlunun fikrincə, İsa Qəmbərin, Qubad İbadoğlunun və ya Arif Hacılının başqan olması heç nəyi dəyişmir: “Mövcud paradiqmalarla uğurlara imza atmaq mümkün olmayacaq. Siyasi nümunələr dəyişməlidir. Mücərrəd ideyalarla, “Rəsulzadə-Elçibəy yolu”,  “Biz bu seçkidə də mənəvi qələbə qazandıq”, “Növbəti il daha maraqlı olacaq. Yeni  dalğa gələcək”  – bu kimi şüarlarla prosesi  davam etdirmək mümkün olmur. Odur ki, yeni sədr məhz, yeni düşüncə tərzi, yeni nümunələr, yeni paradiqmalar gətirməlidir. Artıq tükənmiş  nümunələrlə uğurlara imza atmaq olmur. Hər şeyin kökündə uğursuzluqlar dayanır. İnsanlar son 20 ilin uğursuzluqlarının əvəzini bir-birlərindən çıxa bilərlər. Təbii ki, burada  xarici təsirlər də var, partiya daxilində müxtəlif qruplara kənardan- hakimiyyətdən və digər maraq qruplarından təsirlər olur.  Onlar son nəticədə partiyanın zəifləməsinə gətirib çıxaracaq”.

“Bir detalı da vurğulamaq istəyirəm ki, bu qarşıdurmalar İsa Qəmbərin özünə də sərf edir . Çünki əgər Arif Hacılı partiyada nəzarəti tam əlinə götürəcəkdisə,  o, partiyanın qeyd-şərsiz lideri olacaqı. Və bu, artıq  2018-ci ildə prezident seçkilərində namizədliyini irəli sürəcəyini bəyan etmiş İsa Qəmbərin bir siyasətçi kimi  maraqlarına cavab vermirdi. Bu baxımdan, Arif Hacılı bir  zəif  başqan kimi İsa Qəmbərin də maraqlarına uyğundur.  Güman edirəm ki, bu qarşıdurmalar daha da artacaq” – ” – deyə düşünür siyasi şərhçı.

Azər Rəşidoğlu partiyadan gedənlərin çoxalacağını da deyir: “Yalnız bu gün adı Qubad İbadoğlu ilə  hallandırılan şəxslərin  deyil, partiyanın yaradılmasında birbaşa iştirak etmiş  veteranların önəmli simalarının da partiyanı tərk edəcəklərini istisna etmirəm. Onlar İsa Qəmbərdən sonra ikinci bir şəxsin başqanlığını qəbul etməyəcəklər. O cümlədən, bu gün adı  Qubad İbadoğlu ilə hallandırılan istər Vurğun Eyyub olsun, istərsə  də digərləri partiyanı tərk edəcəklər. Burada hər şey Arif Hacılının başqan kimi seçəcəyi taktikadan asılı olacaq. Lakin güman etmirəm ki, Arif Hacılının taktikası böyük bir uğurlardan xəbər verə bilər. Çünki insanlar artıq 20 ilin məğlubiyyətindən beziblər və onlara real qələbə lazımdır. Artıq “mənəvi qələbə qazandıq” deyimi  işləmir. Bu baxımdan gələn  parlament seçkilərində Müsavat uğurlu nəticələr əldə edə bilməyəcəksə, partiya olduqca zəif duruma düşəcək. Yəni bu məğlubiyyət sindromundan xilas üçün təmamilə yeni bir baxış, yeni bir taktika lazımdır. Amma görünən odur ki, Arif Hacılı məhz, İsa Qəmbərin müəyyənləşdirdiyi köhnə modelin tərəfdarıdır. O, özü istəsə belə,  yeni bir taktika işlədə bilməyəcək. Çünki Arif Hacılıdan narazılar və İsa Qəmbərin liderliyini qeyd-şərtsiz qəbul edənlər bu məsələyə mane olacaqlar. Bu baxımdan bir siyasətçi kimi Arif Hacılının vəziyyəti elə də ürəkaçan görünmür. Bu isə təkcə onun özü ilə  yox, ümumiyyətlə, müxalifət düşərgəsinin son 20 ildə qazandığı uğursuzluqlarla bağlıdır”.

Politoloq, “Müsavat”ın Məclis üzvü Hikmət Hacızadə deyir ki, o,  pozuntularla bağlı təqdim olunan sənədlərin araşdırılacağına inanır: “Oktyabrın 6-da keçirilən toplantıda 2 sənəd təqdim olundu. Bunlardan biri partiyanın gücləndirilməsi üçün olan təkliflər planı  idi, digəri isə seçkidə olan pozuntularla bağlı araşdırılması lazım olan məsələlərlə bağlı idi. Bunlar Mərkəzi Nəzarət və Təftiş Komissiyasına (MNTK) və Seçki Komissiyalarına təqdim olunub. İnanıram ki, bu pozuntular araşdırlacaq, günahkarlar cəzalandırılacaq. Çünki orada inzibati resursdan istifadə etmək haqqında iddialar var, seçkidən qabaq seçicilərə təzyiq etmək haqqında faktlar verilir. Ümid edirəm ki, bunlara baxılacaq. Mən seçki günü özüm hər hansısa bir pozuntunu öz gözümlə görməmişəm. Ona görə də danışmağa haqqım yoxdur. Amma başqa adamlar görüblər, telefonuna çəkənlər var. Yerlərdəki şahidlərin sözlərinə görə, seçkidən qabaq hansısa konfranslar keçirilirmiş və mərkəzdən ora İcra Aparatının nümayəndələri gəlib, insanlara təzyiq edirmişlər ki, bu namizədə səs verin və.s. Ona görə də bütün bu iddialar araşdırılmalıdır. Əks halda, narazı olanlar  Arif Hacılının başqanlığını tanımayacağını bidirib “.

Narazılıqlara baxmayaraq, Hikmət Hacızadə hesab edir ki, bütün bunlar partiyada hər hansı bir parçalanmaya əsas ola bilməz: “İnanmıram ki, hər hansı bir parçalanma olsun, amma pozuntular araşdırılmasa, istər-istəməz soyuqluq yaranacaq. Bu və ya digər tərəf arasında soyuqluq olacaq.  Partiyanın dağılmasına inanmıram və biz imkan vermərik ki, belə bir şey olsun”.

Ana səhifəXəbərlər“Arif Hacılının vəziyyəti elə də ürəkaçan görünmür”