Orxan Hacılı haqqında istintaq dövrü üçün 2 aylıq həbs qətimkan tədbiri seçilib
Müsavat Partiyasının başqanı Arif Hacılının oğlu Orxan Hacılının istintaq getdiyi dövrdə həbsdə saxlanmasına qərar verilib. Noyabrın 2-də Yasamal Rayon Məhkəməsində hakim Rəşad Cavadzadənin qərarıyla Orxan Hacılı barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.
Qərara əsasən, Yasamal rayon prokurorunun təqdimatı təmin edilib.
Meydan TV-nin əldə etdiyi məlumata görə, məhkəmədə müstəntiq Orxan Hacılının istintaqdan yayınması, şahidlərə təzyiq göstərməsi ehtimalı olduğunu əsas gətirərək, istintaq dövründə onun həbsdə saxlanmasının məqsədəuyğun olduğunu deyib.
Orxan Hacılı və vəkili etiraz edib, həbs qətimkan tədbiri seçilməsi üçün prokurorun verdiyi təqdimatın təmin olunmamasını istəyib.
Müsavat başqanının oğlu məhkəmədə də deyib ki, özünü təqsirli bilmir.
Lakin hakim bir neçə dəqiqəlik müşavirədən sonra geri qayıdaraq, həbs qərarını elan edib.
Vəkil Nemət Kərimli Meydan TV-yə bildirib ki, qərardan apelyasiya şikayəti verəcək: “Absurddur bu…”.