“Bununla bağlı kimlərsə iddia edirdilər ki, partiyada vəzifə tutmağım qurultay nümayəndələrinin iradələrini sərbəst formada ifadə etmələrinə mane ola bilər”
Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı istefa qərarını qurultaya hazırlıq üzrə təşkilat komitəsinin 8 sentyabr iclasında elan edib.
“Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri vəzifəsi ilə yanaşı Müsavat başqanının təşkilat məsələləri üzrə müavini postundan, Divan və Məclis üzvlüyündən də istefa verdim”,-deyə Arif Hacılı mediaforum.az saytına bildirib.
A.Hacılı hesab edir ki, partiyada tutduğu vəzifələr Müsavat qurultayı nümayəndələrinin öz iradələrini sərbəst və azad formada ifadə etmələrinə heç bir maneçilik törədə bilməzdi: “Amma bununla bağlı müxtəlif fikirlər səslənirdi, kimlərsə iddia edirdilər ki, partiyada vəzifə tutmağım qurultay nümayəndələrinin iradələrini sərbəst formada ifadə etmələrinə mane ola bilər. Mən də hesab etdim ki, bu məsələdə də nümunə göstərməliyəm. Ona görə də qurultaya hazırlıq üzrə təşkilat komitəsinin iclasında vəzifələrimdən istefa verdiyimə dair bəyanat səsləndirdim”.
Müsavat Partiyasının qurultayı sentyabrın 27-də keçiriləcək. Gündəlikdə duran əsas məsələ başqan seçkisidir.
Hazırda başqanlığa namizədliyini Arif Hacılının, Qubad İbadoğlunun, Səxavət Əlisoyun və Tural Abbaslı irəli sürüb.