Hikmət Hacızadə: ”Başqa rəqəm gözləmirdim”
“Azərbaycanda prezident seçkiləri qarşıdan gələn bazar günü keçirilsəydi, Bakı şəhərində rəyi soruşulanların mütləq əksəriyyəti — 86,2 faiz bu seçkilərə qatılardı”.
“Report”un məlumatına görə, bunu “Rəy” Monitorinq Mərkəzinin aprelin 18-19-da Bakı şəhərində 800 respondent arasında keçirdiyi sorğunun nəticələri göstərib.
Respondentlərin 68,1 faizi birmənalı olaraq “səsvermədə iştirak edərdim”, 18,1 faizi isə “yəqin ki, iştirak edərdim” cavab variantlarını seçib.
Məlum olub ki, paytaxt əhalisinin böyük əksəriyyəti — 92,8 faizi öz səsiniİlham Əliyevə verərdi.
Rəyi soruşulanların 97 faizi İlham Əliyevə tam etibar etdiyini, 89 faizə yaxını İlham Əliyevin onlar kimi insanların maraqlarına cavab verdiyini qeyd edib.
Sorğu, həmçinin müəyyən edib ki, respondentlərin 78,8 faizi prezident postunda İlham Əliyevə alternativ görmür.
Sorğu zamanı əldə edilmiş məlumatların təhlili göstərir ki, dövlət başçısının belə yüksək reytinqə və etimada sahib olması bütövlükdə uğurlu xarici siyasətin, iqtisadi inkişafla bağlı atılan addımların, milli ordunun əldə etdiyi uğurların və s. nəticəsidir. Belə ki, rəyi soruşulanların əksəriyyəti prezident İlham Əliyevin xarici siyasətini dəstəkləyir: 87,3 faiz bu siyasəti “çox yaxşı” və ya “əsasən yaxşı” qiymətləndirib.
Cəmi 5 faiz dövlətin xarici siyasətindən narazılığını bildirib ki, onların da 3,6 faizi bu siyasəti “pis”, 2,1 faizi isə “çox pis” adlandırıb.
Respondentlərdən həmçinin Azərbaycanın xarici siyasətindəki hansı hadisəni son vaxtların ən uğurlu hadisə hesab etdikləri soruşulub və cavab üçün bir neçə variant seçmək imkanı verilib. Nəticədə 65,5 faiz xarici siyasətin ən uğurlu hadisəsi kimi prezident İlham Əliyevin Barak Obamanın dəvəti ilə Dördüncü nüvə təhlükəsizliyi sammitində iştirak etmək üçün Vaşinqtona səfər etməsini göstərib.
Təxminən o qədər – 63,8 faiz respondent son vaxtların ən uğurlu xarici siyasət hadisəsi kimi prezident İlham Əliyevin Ankara səfərini seçib. Özü də rəyi soruşulanların əksəriyyəti bu səfəri Türkiyəyə və terror aktları ucbatından Bakıya səfərini iki dəfə təxirə salmış prezident R.T. Ərdoğana dəstək kimi qiymətləndirib.
Daha 38 faiz xarici siyasətdəki uğurlu addımlar sırasında dövlət başçımızın İrana səfərini, 19 faiz isə Azərbaycan, Rusiya və İranın xarici işlər nazirlərinin Bakıdakı görüşünü göstərib.
Araşdırmaya görə,Dağlıq Qarabağda gərginliyin artması fonunda İlham Əliyevə Ali Baş Komandan kimi dəstək də artıb – ona Ali Baş Komandan kimi rəyi soruşulanların 97 faizi etimad göstərir.
Prezident və hökumətin iqtisadi sahədə atdığı addımlar da Bakı sakinləri arasında müsbət qarşılanır.
Belə ki, 28 faiz respondent Azərbaycandakı iqtisadi vəziyyəti “yaxşı”, 44 faiz- “orta” və cəmi 18 faiz – “pis” qiymətləndirib. Daha 10 faiz sualı cavablandırmaqda çətinlik çəkib.
Paytaxt sakinlərinin əksəriyyəti əmindir ki, prezident İlham Əliyevin sərəncam və tapşırıqları iqtisadi sahədə vəziyyəti kökündən dəyişir və ölkəni dünya bazarında neftin ucuzlaşmasının və qlobal iqtisadi böhranın mənfi təsirindən qoruyur.
Rəyi soruşulanların 62 faizi hesab edir ki, prezident İlham Əliyevin sahibkarlıq sahəsində yoxlamaların dayandırılması və lisenziyalaşdırmanın sadələşdirilməsi barədə sərəncamı kiçik və orta sahibkarlığın inkişafına kömək edəcək. Bu zaman 17,7 faiz hesab edir ki, bu tədbirlər, yəqin ki, kömək etməyəcək, 8,2 faiz isə əmindir ki, bunun heç bir köməyi olmayacaq.
Bakı sakinlərinin 68,2 faizi hesab edir ki, bu tədbirlər kiçik və orta sahibkarlıq sahəsində lazımsız yoxlamaları aradan qaldıracaq, 16 faiz isə bu nikbinliyi bölüşmür – onların fikrincə, bu tədbirlər müvəqqəti xarakter daşıyacaq və problemi kökündən həll etməyəcək. 15,8 faiz cavab verməkdə çətinlik çəkib.
Respondentlər prezidentin gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi, şəffaflığın təmin olunması və inhisarçılığın aradan qaldırılması istiqamətində atdığı addımları da müsbət qarşılayır. 61 faiz hesab edir ki, bu, kiçik və orta sahibkarlığın inkişafına kömək edəcək (25,3 faiz buna əmindir, 35,7 faiz isə hesab edir ki, “yəqin ki, kömək edəcək”).
Daha 18,7 faiz isə bunun əksini düşünür (8,5 faiz – “kömək etməyəcək”, 10,2 faiz – “yəqin ki, kömək etməyəcək” cavablarını seçib).
20 faizdən artıq respondent bu sualı cavablandırmaqda çətinlik çəkib.
“Beləliklə, sorğunun nəticələri göstərir ki, paytaxt əhalisi həm dövlətin xarici siyasətini, həm də iqtisadi artım üçün atılan addımları müsbət qiymətləndirir”, – “Rəy” Monitorinq Mərkəzi qeyd edir.
“
Sorğunu ciddi saymıram”
Müsavat Partiyasının başqanı Arif Hacılı “Rəy” Monitorinq Mərkəzinin sorğusunu Meydan TV-yə şərh edərkən bildirib ki, o, bu sorğunu obyektiv hesab etmir: “Birinci səbəb odur, ümumiyyətlə, hər hansı liderin siyasi reytinqinin 97 faiz olması qeyri-mümkündür. İstənilən siyasi-hərbi şəraitdə hər hansı siyasətçinin cəmiyyət arasında bu faizdə nüfuzu ola bilməz. Hətta ölkəsini İkinci Dünya Müharibəsindən qələbə ilə çıxarmış baş nazir Uinston Çerçil savaşdan sonra keçirilən seçkilərdə məğlub oldu. Almaniyanın birləşməsini təmin edən kansler Helmut Koll bu hadisədən bir qədər sonra seçkilərdə məğlub oldu. Ona görə müharibədə hər hansı əhəmiyyət kəsb etməyən əməliyyata görə siyasətçinin reytinqinin 97 faizinin üstünə çıxması qeyri-mümkündür”.
Arif Hacılı hesab edir ki, normal demokratik cəmiyyətlərdə müxalifət və iqtidar arasındakı fərq bir qayda olaraq 10 faizi üstələmir: “Ona görə mərkəzin sorğusunu ciddi saymır və Azərbaycan cəmiyətinə sırınmasına çox təəssüf edirəm”.
“
B
irbaşa hökumətin təbliğatı üçün uydurulmuş sorğulardır”
AXCP sədri Əli Kərimlinin məsələyə münasibəti qısa oldu: “Belə sorğuları, ümumiyyətlə, ciddiyə almaq lazım deyil. Mən indi sorğunu ciddi şəkildə təhlil etməliyəm? Təbii ki, birbaşa hökumətin təbliğatı üçün uydurulmuş sorğulardır”.
Siyasi şərhçi Hikmət Hacızadə adıçəkilən mərkəzin hakimiyyətə yaxın olduğunu əsas gətirərək, başqa rəqəm gözləmədiyini dedi.
Hikmət Hacızadə düşünür ki, sorğu keçirən mərkəzlərin istifadə etdikləri standart metodlar Azərbaycan üçün yaramır: “Əhali qorxu və sıxıntı içində olduğundan öz fikrini azad ifadə etmək iradəsi yoxdur. Ona görə aparılan sorğuların nəticələrinə şübhəylə yanaşıram”.