Arif Hacılı: Polis Müsavatın piketini amansızlıqla dağıdıb

“Ümumiyyətlə, Rusiyanın Qarabağda yerləşdirdiyi hərbi kontigentinin mandatına uyğun olmayan fəaliyyətlər göstərir@

Source: Specify Source


Müsavat başqanı: "Aksiyanın məqsədi sülhməramlıların hərbi paradına etiraz idi"

Müsavat Partiyasının bir qrup üzvü Bakıdakı Rusiya Səfirliyi önündə piket keçirib.

Səbəb mayın 9-da Rusiyanın Dağlıq Qarabağda yerləşdirilən sülhməramlılarının Xankəndidə hərbi parad keçirməyi planlaşdırmasıdır.

Məlumatı Müsavat Partiyasının başqanı Arif Hacılı açıqlayıb.

O bildirib ki, partiya üzvlərinin piketini polis amansızlıqla dağıdıb: "Ümumiyyətlə, Rusiyanın Qarabağda yerləşdirdiyi hərbi kontigentinin mandatına uyğun olmayan fəaliyyətlər göstərir. 9 May günü Xankəndində hərbi paradın keçirilməsi planı da bunlardan biridir".

Müsavat başqanı piketdə Gülağa Aslanlı, Arzulla Bulud və Fərid adlı üzvlərinin həbs edildiyini bildirir: "Həbslər davam edir. Rusiyanın Azərbaycandakı işğalçı siyasətinə etiraz edənlərə qarşı xüsusi amansızlıq göstərilir. Yüzlərlə polis Rusiya səfirliyini mühasirədə saxlayır. Lavrovun Bakıya səfəri ərəfəsində belə aksiyanın keçirilməsi hakimiyyəti təşvişə salıb".

Azərbaycan Müdafiə Nazirliyi 9 mayla bağlı mətbuata açıqlama yayıb. Həmin məlumatda deyilir ki, həmin gün Azərbaycanda faşizm üzərində Qələbənin 76-cı ildönümü qeyd olunur.

Nazirlik hesab edir ki, Azərbaycan XX əsrin ən dəhşətli faciəsi olan İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin əldə olunmasına mühüm töhfələr verib: “ 600.000 nəfərdən çox oğul və qızımız orduya yola salınıb, 300 mindən artıq soydaşımız döyüşlərdə həlak olub. Müharibə illərində 130-dan çox Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib”.

Nazirlik bildirir ki, hər il olduğu kimi, bu il də Azərbaycanda 9 May – Qələbə günü münasibətilə müxtəlif tədbirlər keçiriləcək: “Müdafiə Nazirliyinin tədbirlər planına uyğun olaraq hərbi hissələrdə, ali hərbi məktəblərdə görüşlər təşkil olunacaqdır. Türkiyə – Rusiya Birgə Monitorinq Mərkəzində xidmət göstərən bir qrup hərbçi Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Beyləqan rayonunda II Dünya müharibəsində iştirak etmiş və həlak olmuş şəxslərin xatirəsinə ucaldılmış abidə önünə əklil qoyacaqlar".

Məlumatda Xankəndidə Rusiya sülhməramlılarının keçirəcəyi paradla bağlı da qeyd edilib. Bildirilir ki, mayın 9-da 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanata uyğun olaraq müvəqqəti olaraq Azərbaycan ərazisində yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin Xankəndi şəhərində təntənəli sıra düzülüşü planlaşdırılır.

Ana səhifəSiyasətArif Hacılı: Polis Müsavatın piketini amansızlıqla dağıdıb