Arif Hacılı Müsavatın gələcəyindən narahatdır (VİDEO)

Sentyabrın 27-də Müsavat Partiyasının XIII qurultayında 22 ildən sonra yeni başqan seçildi. Yeni başqanın kimin seçiləcəyi qurultaya marağı daha da artırmışdı. Əsas mübarizə də Arif Hacılı və Qubad İbadoğlu arasında gedirdi. Nəhayət, Arif Hacılı 28 səs üstünlüyü ilə başqan seçildi. Onunla müsahibəmizdə diqqəti daha çox opponentlərinin narazılıqları üzərinə yönəltdik.



Arif bəy, başqan olmaq və olmamaq arasında hansı fərqlər var?

–         Əslində, Müsavat Partiyasının məsuliyyətinin xeyli hissəsi bundan əvvəl də mənim üzərimdəydi. İndi isə məsuliyyətin daha böyük hissəsi mənim üzərimə düşüb, məsuliyyət hissim artıb.



Məsuliyyət baxımından hansı məqamları daha çox qabardırdınız?

–         Partiyanı təmsil etmək, partiyanın sonuncu instansiyası olmaq çətindir. Əvvəllər arxayın idim ki, hardasa boşluğa yol versəm, İsa Qəmbər onu düzəldəcək. Amma indi bilirəm ki, mən sonuncu instansiyayam, partiyanın təmsilçiliyində son sözü mən deyirəm.



Qurultaya qədər Müsavat Partiyasına mətbuatda və sosial şəbəkələrdə tənqidi yanaşanlara çox sərt cavablar verilirdi, ancaq qurultaydan sonra tənqidlər daxildəndir. Məsələn, Vurğun Əyyub seçkinin nəticələrini legitim hesab etmir, Qubad İbadoğlu daha sərt danışır, bunları necə qarşılayırsınız?

–         Sakit qarşılayıram. Ümumiyyətlə, tənqidə dözümsüz deyiləm, bu, yanlış və süni surətdə yaradılan təəssüratdır. Mən təxminən 25 ildir siyasətlə məşğulam, bu illərdə ən çox tənqid olunan siyasətçilərdənəm. Amma indiyə kimi nə bir mətbuat orqanını, nə də hansısa jurnalisti heç vaxt məhkəməyə verməmişəm. Halbuki, bunun üçün kifayət qədər əsaslar olub. Partiya daxilində də tənqidlərə məruz qalmışam, indi də müəyyən tənqidlər olur və mən bütün bunlara normal yanaşıram. Hər kəsin öz fikrini azad surətdə ifadə etmək hüququ var və ümumiyyətlə, bu hüquqa hörmətlə yanaşıram.



Uzun illər partiya rəhbərliyində olmusunuz, 10 ildən çox isə partiyanın ikinci şəxsi idiniz, necə oldu ki, Qubad İbadoğlu 1 ay ərzində apardığı təbliğat nəticəsində sizə 28 səslə uduzdu? Niyə az səs, səbəb nədir? Araşdırma aparmısınızmı?

–         Qubad İbadoğlu Azərbaycanın tanınmış iqtisadçısı, tanınmış alimdir. O, əvvəllər də seçki kampaniyaları keçirib, 2005, 2010-cu illərin seçkilərində namizədliyini irəli sürüb, uğurlu kampaniya təşkil edə bilmişdi. Partiyada üzvlərin ciddi hissəsi Qubad İbadoğlu ilə yaxın təmasda olanlardır. Ümumiyyətlə, demokratik quruluşlarda, təşkilatlarda seçkilərin nəticələri adətən bir-birinə yaxın olur. Məsələn, ABŞ-da keçirilən prezident seçkilərində qalib 51-52 faiz səslə qalib gəlmişdi.



Amma Arif Hacılı daha çox seçki prosesində olub, partiyanın seçki və mərkəzi aparatına rəhbərlik edib. Eyni zamanda, xalq hərəkatında olub, AXC hakimiyyətində 3-4 nəfərdən biri idi. Birdən-birə 28 səs az deyilmi?

–         Yəqin ki, bu amillərə görə seçkilərdə qalib gəldim və qələbəmi kifayət qədər normal hesab edirəm. Amma müxtəlif vəzifələrdə çalışmağın üstün cəhəti olduğu kimi mənfi tərəfləri də var. Xüsusən icra strukturlarında çalışmağın mənfi cəhətləri çoxdur. Çünki insanlarla ünsiyyətdə olarkən müəyyən konfliktlər yaranır, kimsə qəbul etdiyin qərarlardan, davranışlarından, addımlarından narazı qalır. Razı qalanlar və tərəfdarlar kifayət qədər olsa da, təbii ki, iş olan yerdə müəyyən  problemlər yaranır, ona görə mən seçkilərin nəticələrini bu şəkildə də gözləyirdim.



28 səs yaxın 4-5 illik başqanlıq dövrü üçün mənfi hal deyilmi?

–         28 səs bəlkə də prezident seçkilərində az səs sayıla bilərdi. Amma qurultayda 28 səs 6 faiz təşkil edir. Ona görə hesab etmirəm ki, mən çox az fərqlə qalib gəlmişəm. Digər rəqiblərin cəmindən daha çox səs topladım, bu, kifayət qədər normaldır. Bir daha deyirəm ki, mən nəticələri o rəqəmə yaxın gözləyirdim.



Ən çox səslənən ittihamlardan biri odur ki,  partiya yenilənmədi, İsa Qəmbər-Arif Hacılı ikiliyinin istədiyi kimi də qaldı. Bu fikirləri necə qarşılayırsınız?

–         Müsavat Partiyası müsavatçıların istədiyi kimi qaldı. Partiya üzvlərinin əksəriyyəti bu platformaya, təbliğata və bu insanlara səs verdi. Ona görə bu məsələdə qeyri-adi bir şey yoxdur.



Ancaq Qubad İbadoğlunun və Tural Abbaslının səslərini götürdükdə, 219 nəfər indiki vəziyyətin əleyhinədir…

–         Təbii. Ancaq partiya daxilindəki seçkiləri digərlərilə müqayisə etmək lazım deyil. Hansısa şərtlər daxilində mən digər namizədin də namizədliyini müdafiə edə bilərdim. Bu məsələdə heç bir faciə yoxdur. Əvvəl də demişdim ki, bu seçkilərdə qələbəmi çox uğurlu siyasət kimi təqdim etmək niyyətində deyiləm. Eyni zamanda, uğur qazanmasam da, bunu siyasi məğlubiyyət hesab etməyəcəm. Məncə, seçkilərə bu cür yanaşmaq lazımdır. Çünki bu, partiya içində keçirilən seçkilərdir və hansısa digər şərait mövcud olsaydı, heç namizədliyimi də irəli sürməzdim. Ona görə bu məsələlərə dramatik yanaşmağa ehtiyac yoxdur.



Deməli, sizin partiyanı yeniləndirmək və dəyişmək fikriniz yoxdur? Müsavat Partiyası 20 il əvvəl  necə idisə, elə də qalacaq?

–         Bilmirəm, yenilənmə deyəndə, konkret nələri nəzərdə tutursunuz?



Məsələn, gəncləri idarəetməyə cəlb edəcəksinizmi?

–         Müsavat Partiyası daim yeni texnologiyalar, konsepsiyalar və proqramlar təqdim edib. Bu gün yeniləşmədən danışanların bir çoxu partiyaya gəlməzdən əvvəl biz Müsavatı bu cür qurmuşduq. Müsavat Partiyası yeganə partiyadır ki, onun bütün strukturlarında seçkilər gizli səsvermə yoluyla keçirilir. Müsavat Partiyası yeganə partiyadır ki, proporsional seçki siyahısı ilkin səsvermə yolu ilə müəyyənlışdirildi. Müsavat Partiyası yeganə partiyadır ki, onun qərarları qəbul olunduqdan sonra belə bu qərarlara qarşı çıxış etmək mümkündür. Müsavat Partiyası yeganə partiyadır ki, orada alternativ qaydada seçki kampaniyaları keçirməklə, şəffaf seçkilər keçirildi.



Amma gənclərdən məclisə bir nəfər düşüb – o da Nigar Yaqublu…

–         O sualınıza da cavab verəcəm. Müsavat Partiyasının bütün seçki kampaniyalarında yeniliklər mövcud olub. Partiyamız ilk dəfə qapıdan-qapıya texnologiyasını tətbiq edib, hələ 2000-ci ilin parlament seçkilərində video-çarx təqdim edəndə, Azərbaycan cəmiyyəti bu texnologiyadan xəbərsiz idi. Biz bütün seçkilərdə yeniliklər təqdim etmişik. Müsavat Partiyasının çox ciddi konsepsiyaları var, həmişə olub və yenə də yeniliklər təqdim edəcək. Bir nəfərin iki dəfədən artıq başqan seçilə bilməməsi də bir yenilikdir. Televiziya kameraları qarşısında seçkilərin keçirilməsi, səslərin sayılması da bir yenilikdir. Bu yeniliyi tətbiq etmişik, digərlərini də tətbiq edəcəyik.



Bəs gənclər…?

–         Müsavat Partiyası 20 il əvvəl gənclərin partiyasıydı. Ancaq sonradan Azərbaycanda siyasi vəziyyət dəyişdi. Yəni ölkəni tərk edənlərin sayı artıb, passionar gənclik Azərbaycanı tərk edib. Təəssüf ki, Müsavat və digər partiyaların sıralarında, bütövlükdə cəmiyyətdə də gənclərin siyasi fəallığı lazım olan səviyyədə deyil. Partiyamızın strukturlarında gənclərin fəaliyyət göstərməsinin təmin olunması yeni seçilən başqanın səlahiyyətlərindən də xeyli dərəcədə asılıdır. Partiyamızda olan gəncləri müxtəlif strukturlara təyin etmək niyyətindəyəm.  Hansına ki, mənim onları təyin etmək səlahiyyətim çatır.



Hətta sizə “ qocalmısınız” deyən  Tural Abbaslını da…?

–         Bir suala cavab verməmiş başqa sual verməməyinizi xahiş edirəm.

Buyurun!

–         Gənclərin məclisdə təmsil olunmasına gəlincə, hesab edirəm ki, əvvəla, yalnız  Nigar Yaqublunun seçilməsi fikri düz deyil. Ondan başqa Fərəc Kərimli, Günel Rəhimli, Səxavət Soltanlı seçilib.



Onlar da sizin adamlar hesab olunur…

–         Müsavat Partiyasında hamı mənim adamımdır, mən də hamının adamıyam. Bu, bir təşkilatdır. Seçkilərdən əvvəl də demişdim ki, biz sentyabrın 27-nə kimi opponentlik edirik, heç rəqabət sözünü də işlətmirdim. Sentyabrın 27-də bu məsələ bitdi, seçkilər qurtardı, biz hamımız bir yerdə fəaliyyət göstərməliyik, vahid ideoloji xətt əsasında, mənə opponentlik edənlərlə məni dəstəkləyənlər.



Axı onlar sizi legitim saymırlar…

–         Müsavat Partiyasının məclisində boş yerlər qalıb. Mən bir gün əvvəl də Tural Abbaslı və digər gənclərin nümayəndəsi ilə görüşmüşəm, bu məsələləri müzakirə edirik. Əminəm ki, başqan seçkiləri kontekstinə uyğun olaraq, ədalətsizcəsinə məclisdən kənarda qalanların məclisə seçilmək və partiyada təmsil olunmaq imkanları qalır. Yəqin ki, onlar kifayət qədər ciddi bir tərkibdə təmsil olunacaqlar. Legitimlik məsələsinə gəldikdə, mən belə bir iddiaya rast gəlməmişəm.



Vurğun Əyyub bu barədə danışıb…

–         Müsavat Partiyasının qurultayı şəffaf şəkildə keçirilib. Başqan seçkilərinin nəticələri qurultayda cəmi 3 nəfər əleyhinə olmaqla yekdil qərarla təsdiq edilib.  Şübhə altına alınan məsələ bir neçə nəfərin seçki kabinəsindən kənarda öz iradəsini ifadə etməsi ilə bağlıdır. Bu, başqan yox, məclis seçkilərinə aiddir.



Ancaq kabinə içində də səs verənlər olub, Meydan TV-nin reportajında bunlar vardı…

–         Məclis seçkilərində 150-dək namizəd irəli sürülmüşdü, hər bir qurultay nümayəndəsi 150 nəfərin işindən 80 nəfəri seçməliydi. Bu, tamamilə çətin, uzun  zaman aparan bir seçimdir. Müəyyən qüsurlar var, yəni bəzi adamlar seçki kabinelərində yox, kənarda öz iradələrini ifadə ediblər. Bu da texniki çətinliklərlə bağlı olub.



Opponentləriniz deyir ki, aparatdan rayonlara zəng edib “İsa Qəmbərin səs verəcəyi namizədə səs verin” söyləyiblər…

–         Belə iddialar olsa da, sübutlar yoxdur. İkincisi də, hər bir partiya üzvünün kiminsə xeyrinə təbliğat aparmaq hüququ var və heç kəs bu hüququ qadağan edə bilməz. İcra Aparatına gəldikdə, belə bir tələb Təşkilat Komitəsindən qoyulmasa da, İcra Aparatı vəzifəsindən, məclis, Divan üzvlüyündən də istefa vermişdim.



Ancaq Qubad İbadoğlu bunun formal olduğunu demişdi…

–         Qiymət vermək sizin və tamaşaçıların işidir. İstefa tələb olunub, istefa vermişəm, heç bir vəzifəm olmaya-olmaya kimlərsə məni müdafiə edirsə, mən onlara bunu qadağan edə bilmərəm axı. Yaxud bütün seçki dövründə opponentlərimə qarşı heç bir təbliğat kampaniyası aparmamışam, o cümlədən, mənə qarşı aparılan kampaniyaya cavab da verməmişəm. Çünki seçkilərdə qalib gələcəyimi təxmin edirdim. Hesab edirəm ki, qurultaydan sonra biz bu insanlarla birlikdə işləyəcəyiksə, münasibətləri kəskinləşdirməli, körpüləri yandırmalı deyilik. Konkret, İcra Aparatından kimlərisə məni müdafiə etmək iddialarına gəldikdə, yəqin seçkilərdən əvvəl başqa iddiaların olduğunu xatırlayırsınız. Seçkilərdən əvvəl deyilirdi ki, partiyanın bütün elitası Qubad İbadoğlunu müdafiə edir. Təbliğat kampaniyasında bu məsələ qabardılırdı. İndi nə oldu, iddia ortalığa çıxdı ki, partiya rəhbərliyi məni müdafiə edir?



Siz də Qubad İbadoğlu kimi seçkinin nəticələrinin Müsavatın gələcəyi üçün narahatlıq doğurduğunu düşünürsünüzmü?

–         Mənim bir narahatçılığım yoxdur. Təbii ki, partiyanın gələcəyi üçün narahatlıq keçiririk. Müəyyən haqlı və haqsız fikirlər var, amma bütün bunlara dözümlə yanaşmalıyıq, çünki demokratik cəmiyyət qurmaq istəyirik. Həmişə demokratik idarəçilik avtoritar idarəçilikdən çətin olub. Biz bu çətinliklərə hazır olduğumuz üçün bu yolu seçmişik, demokratik qaydaları qoymuşuq, bir nəfərin iki dəfədən artıq seçilməməsi ilə bağlı iddia İsa Qəmbərin təkifiylə gündəliyə salınıb. Müxtəlif fikirlərə baxmayaraq, İsa Qəmbər sona qədər  kimin namizədliyini müdafiə edəcəyini demədi. Nizamnamə və Təşkilat Komitəsinin tələbi olmasa belə, bütün vəzifələrimdən istefa verdim.



Ancaq Qubad İbadoğlu İsa Qəmbərin təsirindən danışır…

–         İsa Qəmbərin bu məsələlərə təsir etmək hüququ və imkanları vardı. Və təsir edə bilərdi. Amma müxtəlif adamlar müxtəlif texnologiyalardan istifadə edirlər, İsa Qəmbərə çox yaxın olan adamlar açıq şəkildə Qubad İbadoğlunun namizədliyini müdafiə etdi. Belə hallar da vardı. Bunlar hamısı təbliğat kontekstində baş verib.



Arif bəy, Bakı Şəhər İcra Hakimiyyətindən min nəfərlik yer istəmişdiniz, amma qurultayda 450 nəfər səs verdi. Bəs 550 nəfər hardaydı?

–         Qurultayda 450 nəfər səs verdi, amma 700 nəfərədək adam iştirak edirdi. Biz yerin az olduğunu nəzərə alaraq qonaqlar dəvət etmədik, nə xarici ölkələrdən, nə də Azərbaycanın siyasi spektrindən. Çünki zalda onların əyləşməsi üçün yer yox idi. Hətta foyedə də oturmağa yer yox idi.



Uzun illərdir Müsavatın müttəfiqi olan AXCP-nin sizə təbrik etməmələrini necə qarşıladınız?

–         AXCP-dən təbriklər var.



Sədr Əli Kərimli təbrik etmədi…

–         Bu, onun hüququdur. Ümumiyyətlə, Azərbaycanda hansısa partiya başqanının seçilməsilə əlaqədar təbrik göndərilməsi ənənəsi yoxdur. Seçim də AXCP sədrinindir. O özü mövqeyini müəyyənləşdirəcək.



Niyə başqan otağında yox, bu otaqda oturursunuz, oranın aurası sizi qəbul etmir?

–         Bu, texniki məsələdir. Müsavat Partiyasında kiməsə məxsus otaq yoxdur.



Bu texniki məsələ sizi başqanlıq dövründə daim izləməyəcəkmi?

–         Bura Müsavat Partiyasının qərargahıdır. Professor Cəmil Həsənli prezidentliyə namizəd olduğu dövrdə bu otaqda oturub, bu da ona heç bir əskiklik gətirmirdi.



İsa Qəmbər öz otağını sizə vermək istəmir?

–         Mən Müsavat Partiyasının başqanıyam və heç kəs mənə “hansısa otaqda otur, hansısa otaqda oturma” deməz. Biz bu şəkildə fəaliyyət göstəririk, məncə, bunlar hamısı texniki məsələlərdir. Bu otaq 36 kvadrat metrlikdir, mən öz fəaliyyətimi bu otaqda davam etdirməkdə heç bir problem görmürəm.

Ana səhifəVideoArif Hacılı Müsavatın gələcəyindən narahatdır (VİDEO)