20.25. Meydan TV qurultayı müşahidə edən əməkdaşının bildirdiyinə görə, başqanlıq seçkisi başa çatıb. Səsvermədə iştirak edən 450 nəfərdən 228-i Arif Hacılıya səs verib, Qubad İbadoğlu 200 səs qazanıb, 19 nəfər isə Tural Abbaslıya səs verib. Bülletenlərdən 2-si etibarsız sayılıb.
Beləliklə, Arif Hacılı Müsavat Partiyasının yeni başqanı seçilib.
1911-ci ildə qurulmuş Müsavatın ilk başqanı Məhəmməd Əmin Rəsulzadə, ikinci başqanı Mirzə Bala Məmmədzadə, üçüncü başqanı Kərim Odər, dördüncü başqanı Məhəmməd Azər Aran olub.
Beşinci başqan İsa Qəmbərin səlahiyyəti sentyabrın 27-də başa çatıb.
———————————————————-
17.05. Özlərini İsa Qəmbərin mühafizəçisi kimi təqdim edənlər Meydan TV-in əməkdaşının seçki prosesini lentə almağa imkan verməyiblər. Baxmayaraq ki, əməkdaşımız jurnalist vəsiqəsini təqdim edib.
———————————————————–
17.00. Başqan seçkiləri zamanı seçki qutularının möhürlənməməsi jurnalistlərin diqqətindən yayınmayıb. Meydan TV-in əməkdaşı qurultay nümayəndələrinə “kimə səs verəcəksiniz” sualı ünvanlayıb. Cavablar müxtəlif olub, hətta bəziləri sabiq başqan İsa Qəmbərin adını çəkib.
————————————————————-
16.45. Səxavət Əlisoy namizədliyini Qubad İbadoğlunun xeyrinə geri götürdüyünü elan edib. Tural Abbaslı isə Qubad İbadoğluna təklif edib ki, namizədliyi onun xeyrinə geri götürsün, ancaq sonuncu razılaşmayıb. Tural Abbaslı onu da əlavə edib ki, partiya rəhbərliyinə yeni sima lazımdır: “Mən İsa bəy deyəndə Arif bəy yadıma düşür, Arif bəy deyəndə İsa bəy yadıma düşür. Əgər Arif bəyi secəyiksə, elə İsa bəy qalsın da. Siz 88-89-cu illərdə top, tüfəng, tank qabağına çıxaraq hakimiyyət dəyişməyin həzzini yaşamısınız. İndi də biz gəncliyə bu həzzi yaşamağa imkan verin. Əlinizi çiynimizə qoyun və çəkilin araxaya. Artıq meydan gənciliyindir!”.
—————————————————————-
14.10. Müsavat Partiyasının rəhbəri İsa Qəmbər partiyanın VIII qurultayındakı hesabat məruzəsində siyasi məhbusları salamlayıb. O qeyd edib ki, hazırda ölkə həbsxanalarında 100-dən çox siyasi məhbus var. Onlar Müsavat, Xalq Cəbhəsi partiyaları, NİDA hərəkatı və digər təşkilatların üzvləridir.
İ.Qəmbərin fikrincə, hakim rejim jurnalistlərin həbsindən”zövq” alır.
O, Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusa qarşı işgəncələri pisləyərək “hakimiyyətin şərəfsizliyi” adlandırıb.
Müsavat Partiyasının fəaliyyətnə toxunan İ.Qəmbər qeyd edib ki, partiya dünyada 100 illik tarixə malik, gizli və xaridə fəaliyyət göstərən azsaylı təşkilatlardan biridir.
Ölkənin müstəqilliyi bərpa olunduqdan sonrakı dövrdə Müsavat Partiyasının 22 illik fəaliyyətindən danışan İ.Qəmbər deyib ki, bəzən partiyanı hakimiyyətə gələ bilməməkdə qınayırlar.
“Müsavat müxalifət partiyalarının avtoritar rejimlərdə etdiyi bütün şeyləri bu illər ərzində edib”, – o vurğulayıb.
“Bu gün ölkənin üzərini ayı gölgəsi alıb. Bu ölkə daxilində İlham Əliyevin rəhbərliyi ilə oliqarxiya rejimidir. Beynəlxalq arenada bu, demokratiyanın inkişafına və azadlıqların genişlənməsinə mane olan Rusiya ayısıdır. “Azərbaycan bu ayının qarşısında eyni masanın arxasında əyləşir” deyən İ.Qəmbər dövlət başçısının Vladimir Jirinovskini qəbul etməsinə işarə edib.
“Onlar Azərbaycan xalqını qoyun adlandıran insanla bir masa arxasında əyləşir. Görünür, özlərinin də xalqa münasibəti belədir”,-deyə partiyanın sabiq başqanı bildirib.
O, bildirib ki, 1993-cü ildə hərbi qiyam Azərbaycanın müstəqilliyini məhdudlaşdırmaq üçün Rusiya tərəfindən təhrik edilib. 2003-cü ildə prezident seçkilərindən sonra səsvermənin saxtalaşdırılması və etirazçılara qarşı repressiyalar baş verib.
İ.Qəmbər beynəlxalq birliyi Azərbaycan və Ermənistan kimi ölkələrdə avtoritar rejimlərə qarşı seyrçi mövqe tutmaqda qınayıb.
Qarabağ nizamlanmasına toxunan İ.Qəmbər deyib ki, Azərbaycan xalqı ölkə hakimiyyətinə təslimçi sülhə getməyə imkan verməyəcək.
Qarabağın azadlığı yolu Azərbaycanın Avroatlantika birliyinə inteqrasiyasından və demokratiyanın çiçəklənməsindən keçir.
İ.Qəmbər sonda deyib ki, Müsavat Partiyası yeni sədrini seçəcək və indiki hakimiyyətdən fərqli olaraq bir şəxsin iki ildən hakimyyətdə olmaması ilə bağlı demokratik prosedurlara əməl olunduğunu nümunə göstərəcək.
——————————————————————–
13.40. Partiyanın Ali Məclis sədri Arzu Səmədbəyli bildirib ki, kimin başqan seçilməsindən asılı olmayaraq mənim və burdakıların 99 faizinin başqanı İsa Qəmbərdir. Əbülfəz Elçibəydən sonra Azərbaycanın siyasi lideri İsa Qəmbərdir.
Bu fikir qurultay iştirakçıları tərəfindən birmənalı qarşılanmayıb.
———————————————————————
Qurultaya partiyanın 84 rayon, şəhər, gənclər və qadın təşkilatlarından 587 nümayəndə seçilsə də, 450-dən çox nümayəndə iştirak edir
Sentyabrın 27-də Əmircan qəsəbəsində Səttar Bəhlulzadə adına Mədəniyyət Evində Müsavat Partiyasının VIII qurultayı açılıb.
Meydan TV-nin tədbirdə iştirak edən əməkdaşı bildirib ki, qurultaya partiyanın 84 rayon, şəhər, gənclər və qadın təşkilatlarından 587 nümayəndə seçilib. Qurultayın işində 450-dən çox nümayəndə iştirak edir.
Qurultaya partiya sədri İsa Qəmbər rəhbərlik edir. Rəyasət Heyətində Türkiyədə fəaliyyət göstərən Azərbaycan Kültür Cəmiyyətinin sədri Cəmil Ünal da var.
Qurultayın gündəliyinə İ.Qəmbərin ictimai-siyasi vəziyyətə dair hesabatı, Nəzarət-Təftiş Komissiyasının hesabatı, partiyaya yeni rəhbər orqanların seçkiləri, sədr seçkisi daxildir.
Partiya sədri postuna Mərkəzi Aparatın rəhbəri Arif Hacılı, İdarə Heyətinini üzvü Qubad İbadoğlu və partiya rəhbərinin iki müşaviri – Tural Abbaslı və Səxavət Əlisoyun namizədliyi irəli sürülüb. Başqan seçimləri üzrə səsvermə saat 3-dən 6-dək davam edəcək.
Partiyanın VII qurultayı 2006-cı ildə keçirilib.
Müsavat Partiyasını 1911-ci ildə Məmmədəmin Rəsulzadə və onun tərəfdaşları təsis ediblər.
1917-1918-ci illərdə partiya ölkədə milli-demokratik hərəkata rəhbərlik edib, Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasında mühüm rol oynayıb (1918-20-ci illər).