Arif Hacılı: Müsavat Partiyasında kiminsə mülahizələri əsasında sənəd verilməsi mümkün deyil

“Mənim ABŞ-da yaşayan övladım günün bir hissəsini oxuyur, qalan günü isə mağazada satıcı işləyir”

Source: Meydan TV
Müsavat Partiyası mətbuat konfransı keçirir


Partiya başqanı ittihamlara cavab verdi

Müsavat Partiyasının başqanı Arif Hacılı noyabrın 19-da mətbuat konfransı keçirib. Konfransın keçirilməsinə səbəb son günlər Almaniya və Azərbaycan mətbuatında miqrant olayları haqda yazılan məqalələrdə Müsavat Partiyasının üzvlərinin adının hallanmasıdır.

Arif Hacılı deyib ki, partiyadan Avropaya indiyə qədər bir nəfər də göndərilməyib:

“Yalnız xatırladığım odur ki, Həqiqət Oğuz ağır xəstə olduğundan onun Avropaya müalicəyə getməsini istəmişik. Amma heç kəsə Azərbaycanı tərk etməyə tövsiyə etməmişik, əksinə, getmək istəyənlərə məsləhət görmüşük ki, ölkədə siyasi vəziyyəti dəyişmək mümkündür və passionar təbəqənin Azərbaycanı tərk etməsi ziyandır. Bununla belə, təzyiqlərdən yayınmaq üçün ölkədən getmək istəyən müsavatçılara sənəd vermişik və bu adamların sayı onlarladır, yəni 200 nəfərdən azdır. Ümumiyyətlə, Azərbaycanda təzyiqə məruz qalmayan bir nəfər də olsun Müsavat, AXCP-nın üzvü yoxdur. İkinci, Müsavat Partiyasında kiminsə kiməsə öz mülahizələri əsasında hər hansı sənəd verməsi mümkün deyil. Əgər kimsə belə bir sənəd istəyirsə, onun hansı rayon təşkilatında olması müəyyənləşir, həmin rayon təşkilatı da onun barəsində məlumatı yazır, sənədlər Təşkilat Departamentində yoxlanılır, araşdırıb düzgün olduğu müəyyən olunandan sonra İcra Aparatının rəhbərinə təqdim edilir. İcra Aparatının rəhbəri də bir daha araşdırandan sonra qərar qəbul edilir. Sonradan bu prosedur bir qədər də mürəkkəbləşdirildi, əgər partiya üzvü xaricə gedib Miqrasiya İdarəsinə müraciət edibsə, ona partiya üzvü olması haqda sənəd verilmir. Yalnız Miqrasiya İdarəsi və yaxud vəkili sorğu göndərərsə, cavab veririk. Nəhayət, sonuncu qurultayda formalaşan məclis qərar qəbul etdi ki, partiyaya 2 il üzv olmayan şəxsə arayış verilə bilməz. Halbuki, bu qərar hüquqaziddir, kimsə partiya üzvüdürsə, ona arayış verilməlidir. Ancaq yaranmış vəziyyəti nəzərə alaraq 2 il üzvü olmayan şəxsə partiya biletini və arayışın verilməsini qadağan etmişik, məclis belə qərar verib. Eyni zamanda, 90-cı illərdə qərar qəbul olunub ki, xarici ölkələrdə yaşayan azərbaycanlının Müsavat Partiyasına üzv olması mümkündür, sadəcə, bu prosedur fərqli şəkildə həyata keçirilir, yəni tanınmış üzvlərin zəmanəti olmalıdır, həm də yalnız Divan üzvlərinin üçdə iki səsçoxluğu ilə bu haqda qərar qəbul edilməlidir”.

Arif Hacılı alman mətbuatının və blogerlərinin yazdıqları ilə bağlı deyib ki, həbs olunanlardan Mehdi Xəlilbəyli Müsavat Partiyasının üzvü olub. 2003-cü ildə axtarışda olduğundan Azərbaycanı tərk edib. O, müsavatçıların Avropada yaratdığı AKM-in sıravi üzvüdür:

“Ancaq Mehdi Xəlilbəylinin işi digər saxlanılan Əlövsət Əliyevin işi ilə eyni deyil, fərqlidir. Birincinin həbsi vaxtilə onun sürücüsü olan Rəşad Məmmədovun şikayəti əsasında həyata keçirilib. Sosial şəbəkədə yayılan sənəd həmin şikayət əsasında Almaniyanın bir rayon məhkəməsinin qərarıdır. Müsavat AKM-nin bu məsələlərə aidiyyatı haqda heç bir yerdə hər hansı informasiya yoxdur və olmayacağına da əminəm. Əgər AKM üzvlərindən kiminsə barəsində informasiya təsdiqlənsə, partiya buna uyğun qərar verəcək. Biz Almaniyanın mühakimə sisteminin ədalətli olduğuna inanırıq. Ümumiyyətlə, bu işdə partiyanın hər hansı bir üzvünün, yaxud vaxtilə üzv olan şəxsin adı keçərsə, partiya o adamlarla bağlı sərt qərarlar qəbul edəcək”. O, AKM təşkilatını partiya üzvlərinin yaratdığını və Almaniyada qeydiyyatdan keçdiyini vurğuladı:

“Təşkilatın rəhbərliyində olanların bir çoxu partiyanın üzvləridir. Artıq növbəti konfransın keçirilməsi ilə bağlı rəhbər strukturlar buraxılıb və 5 nəfərə səlahiyyət verilib. Bunlar Eldəniz Yusubov, Akif Nağısoy, Sərdar Ağayev, Nurlan əliyev v ə Qorxmaz Beydullayevdir”.

Arif Hacılı özünün Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovla birgə biznesinin olması haqda yayılan məlumatlara da münasibətini bildirib:

“İttihamlardan biri odur ki, mən Vasif Talıbovun “Sirab” şirkəti ilə şərikəm və Avropa strukturuna cavabdehəm, gəlirlər bizim aramızda bölünür. Bəli, Mehdi Xəlilbəylinin eyniadlı şirkəti var, amma mineral suyu satan şirkət yox, yükdaşıyandır, adı da fərqlidir. O qədər absurd, mənasız ittihamdır ki, cavab vermək istəmirdim, amma bir şey dəqiqdir ki, Avropada bir şüşə də sirab satılmayıb. Ümumiyyətlə, Azərbaycanda istehsal olunan hər hansı su Avropaya ixrac olunmur. Ona görə bu ittiham yalan və absurddur. İkinci, mən Mehdi Xəlilbəylini tanımıram. Yəni, tanıyıram, ancaq yaxın münasibətlərim olmayıb, həm də onun hansı işlər görməsi barədə ətraflı məlumatım yoxdur. Orada yaşayan, ancaq vaxtilə 9 və 14 saylı cəzaçəkmə müəssisəsinin rəisi işləyən Elçin Əkbərovun partiya üzvü olması haqda xəbərlər yalandır, o, müxalifətlə yaxın olmayıb, övladları əvvəlcədən Avropada yerləşdiklərindən onu da aparıblar. İlham Həsəni isə yaxşı tanıyıram, partiya üzvüdür və onun özü icərəyə götürülmüş evdə yaşayır. Yəni orda yaşayan siyasi mühacirlərin evlərinin olması xəbəri yanlışdır, onların evləri yoxdur, icarəyə götürülmüş evlərdə yaşayırlar. Mənim ABŞ-da yaşayan övladım günün bir hissəsini oxuyur, qalan günü isə mağazada satıcı işləyir”.

Arif Hacılı partiyanın bu məsələlərlə bağlı 4 nəfərdən ibarət komissiya yaratdığını bildirib:

“Komissiya məsələni araşdıracaq və irəli sürülən ittihamlara əhatəli reaksiya veriləcək. Eyni zamanda, Almaniyanın Bakıdakı səfirliyi ilə görüşüb, əməkdaşlıq etmək niyyətindəyik”.

Partiya başqanı ittihamların təsdiqləndiyi halda istefa verib-verməməsi haqda suala belə aydınlıq gətirib:

“Bu barədə deyilənləri normal qarşılayıram. Amma hər hansı bir istefa üçün əsaslar olmalıdır. Mən belə bir əsasların olduğunu görmürəm. Hər hansı partiya üzvü cinayət törədibsə, bu, sədrə aid ola bilməz. Məsuliyyət fərdidir, əgər mənim və ya başqa rəhbər şəxslərin bu əməllərdə iştirakı sübut olunarsa, nəinki istefa, daha sərt partiya cəzası verilə bilər”.

Ana səhifəSiyasətArif Hacılı: Müsavat Partiyasında kiminsə mülahizələri əsasında sənəd verilməsi mümkün deyil