”O zaman cənab Özdəmir uydurma soyqırım, Türkiyəyə münasibət, Dağlıq Qarabağla bağlı məsələlərdə bizimlə eyni mövqedən çıxış edirdi”
Sosial şəbəkələrdə Müsavat Partiyasının Almaniyanın Yaşıllar Partiyası ilə müttəfiq olması barədə məlumatlar, eləcə də partiya funksionerlərilə “erməni soyqırımı” qətnaməsinin müəlliflərindən biri Cem Özdəmirin şəkilləri yayılıb.
Müsavat Partiyasının başqanı Arif Hacılı Meydan TV-yə məsələ ilə bağlı açıqlama verib. Partiya başqanı deyib ki, o, hər qətnamə hazırlayan haqda bəyanat vermələrinin vacibliyini düşünmür: “Biz yalnız Bundestaqın bu barədə qətnaməsinə münasibət bildirmişik. O ki qaldı Almaniya Yaşıllar Partiyasıyla partiyamızın müttəfiq olmasına, bu, yalandır. Sadəcə, biz Almaniyada olarkən bəzi siyasətçilərlə görüşdük, həmin dövrdə türk kökənli Bundestaq üzvüylə görüşüb bütövlükdə ümumi məsələləri müzakirə etdik. O zaman cənab Özdəmir uydurma soyqırım, Türkiyəyə münasibət, Dağlıq Qarabağla bağlı məsələlərdə bizimlə eyni mövqedən çıxış edirdi. Sonrakı dövrlərdə onun mövqeyindəki dəyişikliklərin Müsavat Partiyasına aidiyyatı yoxdur”.
Arif Hacılı deyib ki, sabiq başqan İsa Qəmbər və o, məhz Cem Özdəmirin xahişilə görüşüblər: “Bir daha deyirəm, bizim hər hansı müttəfiqlik münasibətimiz yoxdur. Onun həm türk kökənli olması, həm də Dağlıq Qarabağla və uydurma soyqırımla bağlı məsələlərdə bizim mövqedə olması görüşümüzə əsas stimul verən məqam idi. O uydurma soyqırıma tamamilə obyektiv yanaşırdı, deyirdi ki, bu, tarixçilərin işidir, hər hansı hadisəyə məhkləmə və elmi araşdırma olmadan kimlərinsə mülahizəsi əsasında qiymət vermək yanlışdır”.