Arif Hacılı: ”İlham Əliyevi düşünməyə çağırıram” (VİDEO)


2015-ci il Azərbaycan üçün mühüm hadisələrlə yadda qaldı. İlin son ayında manatın devalvasiyaya uğraması isə ölkədəki narazı kəsimin sayını artırdı. Narazılar arasında “müxalifət niyə aksiya keçirmir”, “hanı müxalifət” kimi suallar səsləndirənlər də az deyil. Meydan TV baş verən proseslərin doğurduğu suallara Müsavat Partiyasının başqanı Arif Hacılıdan cavab almağa çalışıb

 –

Arif bəy, mərkəzi Bankın 21 dekabr qərarı insanların maddi durumuna ciddi təsir etdi və narazılıq açıq şəkildə sezilir. Müsavat Partiyası olaraq insanların narazılığını təşkilatlandırmağı düşünürsünüzmü və gələn il üçün proqramınız hazırdırmı?

– Maliyyə və iqtisadi sferada baş verən hadisələr Azərbaycan hakimiyyətinin apardığı yarıtmaz siyasətinin nəticəsidir. Əgər son illər ərzində İlham Əliyevin iqtisadi mövzuda çıxışlarını bir daha nəzərdən keçirsək, görərik ki, o, bütün çıxışlarında dünyada baş verəcək və ya baş verən iqtisadi böhranların Azərbaycana dəxli olmayacağını bəyan edib. O cümlədən, bütün çıxışlarında qeyri-neft sektorunun inkişafından, iş yerlərinin açılmasından, Azərbaycan iqtisadiyyatının neft gəlirlərindən asılı olmadığından danışıb. Ancaq Azərbaycan birinci imtahandan keçmədi, ilin ikinci ayında baş  verən 35 faizlik devalvasiya və ilin sonuncu ayında 47 faizlik devalvasiya faktiki olaraq 1 ildən az müddətdə manatın dollara nisbətdə 2 dəfə zəifləməsinə gətirdi ki, bu da bütövlükdə ölkə iqtisadiyyatına dəhşətli zərbə vurdu. Xüsusilə kiçik və orta bizneslə məşğul olan insanlar, eyni zamanda, yanlış iqtisadi-maliyyə siyasətindən çox zərər çəkəcəklər. Cəmiyyətdə ciddi narazılıq var, ictimaiyyət hakimiyyətin siyasətindən narazıdır və hər kəs vəziyyətin dəyişməsilə bərabər, iqtidarı qınayır. Sadəcə, Azərbaycanda hakimiyyətin uzun müddət bütövlükdə müqaviməti təşkil edəcək strukturları sıradan çıxarmaq xəttini aparması etirazların mütəşəkkil şəkildə büruzə verməsinə maneçilik törədir. Azərbaycanda seçkili yerli idarəetmə qurumları, həmkarlar ittifaqları yoxdur, fabriklər, zavodlar dağıdılıb, məqsəd də əmək kollektivlərini sıradan çıxarmaq olub, nəhayət, xalq tərəfindən seçilmiş parlament yoxdur, ictimai təşkilatlar, azad mətbuat xeyli dərəcədə sıradan çıxarılıb, real siyasi qüvvələrin fəaliyyəti maksimum məhdudlaşdırılıb. Belə bir şəraitdə müqavimətin təşkili çətindir. Əvvəllər bu tipli iqtisadi problemlərlə bağlı kütləvi aksiyaların təşkili olub, indi də bu yöndə çağırışlar var, müzakirələr gedir. Müsavat Partiyası məsələni diqqətlə araşdırır, münasibətimizi bildirib və hakimiyyətə çıxış yollarını da göstərmişik. Amma bunlarla kifayətlənmək fikrində deyilik, dekabrın 26-da partiya Məclisinin toplantısında növbəti il üçün fəaliyyət istiqamətləri müəyyənləşəcək. 2016-cı ilə ciddi yanaşırıq. Növbəti il Azərbaycan tarixində önəmli il olacaq. Hesab edirəm ki, hakimiyyətin bu istiqamətdə yalnız birini seçmək imkanı var.



Söhbət hansı istiqamətdən gedir?

– Hakimiyyət islahatlara getməli, siyasi məhbusları azadlığa buraxmalı, iqtisadi islahatlara başlamalı, inhisarlara son qoymalı, siyasi azadlıqları təmin etməli, xalq tərəfindən seçilən seçkili qurumların işini dayanmadan başlamalıdır, əsas istiqamət bunlardır. Başqa bir yol da var və hakimiyyət adətən bu yolu seçir. Bu da repressiyaları, təzyiqi gücləndirmək, korrupsiyanın miqyasını qaldırmaq yoludur. Bu yol tutulacaqsa, bir neçə aydan sonra qarşıdurma çox yüksək səviyyəyə qalxacaq və Azərbaycan xalqının səbri tükənəcək.



Hakimiyyətin mövcud davranışı baxımından hansı istiqamət daha çox görünür?

– Çox təəssüflə demək olar ki, hakimiyyətin ikinci yolu tutacağı gözlənilir. Ancaq mən İlham Əliyevi düşünməyə çağırıram, çünki hökumətin apardığı siyasət iflasa uğrayıb. Daxili, iqtisadi, beynəlxalq siyasət iflasa uğrayıb. Ölkə iqtisadi baxımdan çətin durumdadır və beynəlxalq aləmdə də təcrid olunub, bu gedişat yaxın aylarda bir qədər də pisləşəcək. hökumət bu siyasətini davam etdirsə, yalnız özünü yox, özü ilə birlikdə Azərbaycanı da sürətlə uçuruma aparacaq. Ona görə hakimiyyət bir daha düşünməli və düzgün qərarlar qəbul etməlidir.



Siz ölkədə seçkili qurumların olmadığını, iqtisadi vəziyyətin ağırlığını və partiyaların fəaliyyətinin məhdudlaşdığını dediniz. Ancaq Misir və Tunisdə də oxşar vəziyyət idi, eyni situasiya Azərbaycanda da təkrarlana bilərmi?

– Bizim Misir və Tunisdən nümunə götürməyə ehtiyacımız yoxdur. Azərbaycanın özünün gözəl nümunələri var, 70 ildə sovet hakimiyyəti də faktiki olaraq bu institutları sıradan çıxarmışdı, demokratik institutlar mövcud deyildi, olanlar da hakimiyyətin nəzarəti altında imitasiya ilə məşğul idi. Bununla belə, 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində elə bir dalğa yarandı ki, Azərbaycan ilin xalqı elan olundu.



Ancaq o zaman Milli Azadlıq Hərəkatıydı, indi kimə qarşı mübarizə olacaq, bəlkə monarxiyaya qarşı demək istəyirsiniz?

– Azərbaycan xalqı demokratiya uğrunda mübarizəyə qalxıb. Elə 2003-cü ilin proseslərini xatırlamaq yetər, 1998-ci ildə çox ciddi demokratiya uğrunda mübarizə vardı, 2005-ci ildə bu mübarizə ümummilli xarakter almışdı. İndi də Azərbaycan xalqı demokratiya və azadlığın olmasını istəyir.



O zaman cəmiyyət siyasiləşmişdi, bu gün cəmiyyət apolitikləşmiş durumdadır, insanların daha çox maddi durumlarını düşündüklərini nəzərə alırsınızmı?

– Mən cəmiyyət haqqında elə fikirdə deyiləm, Azərbaycan ictimaiyyəti dəyişiklik istəyir, demokratiyaya keçidə hazırdır. Sadəcə, cəmiyyət apardığı mübarizənin nəticəsində demokratik dəyişikliklər olacağına inanmır.



Bəlkə müxalifətə inanmır, baxın, seçki ilə bağlı mitinqinizə çox az adam gəlmişdi, burdan çıxış edə bilərikmi?

– Cəmiyyət dəyişikliklərə inanmadığı üçün bu proseslərdə iştirak etmir. Azərbaycan hakimiyyəti parlament seçkisində bizi televiziyalara buraxmadı, hətta 4 dəqiqəlik çıxışdan belə məhrum etdi. Əgər cəmiyyətimizin müxalifətə inamı yox idisə, niyə hakimiyyət yalnız 4 dəqiqə ərzində olacaq çıxışımıza maneçilik xətti götürdü? Əslində, Azərbaycan cəmiyyəti özünə də, müxalifətə də inanır. Amma Azərbaycanda elə bir avtoritar və amansız rejim fəaliyyət göstərir ki, insanlar mübarizələrinin nəticəsində nəinki demokratik dəyişiklikllərə inanmır, həm də işlərini, hətta həyatlarını itirəcəklərindən çəkinirlər.



Siyasi şərhçi Ərəstun Oruclu isə bildirir ki, mövcud hakimiyyətə alternativ yoxdur…

– Müsahibəni oxumuşam və bu fikir bir qədər kontekstdən çıxarılmış şəkildə qeyd olunub. Azərbaycan hakimiyyətinin alternativləri və onlar çoxdur, mən cəmiyyətimiz haqqında belə pis fikirdə deyiləm. Siz Misir və Tunis cəmiyyətlərini göstərdiniz, amma mən deyirəm ki, 1989-cu ildə dünyada ciddi proseslərin getdiyi zaman Azərbaycan xalqı ilin xalqı elan olundu. Demokratikliyinə və təşkilatçılığına görə. Azərbaycan cəmiyyəti demokratik cəmiyyətə hazırdır və inkişaf səviyyəsinə görə Misir və Tunisdən də irəlidədir. Təxminən Gürcüstan və Ukrayna səviyyəsindədir, bəzi hallarda bu cəmiyyətlərdən də irəlidədir.



Bəs niyə dəyişikliklər yoxdur?

– Sadəcə, Azərbaycanda daha amansız bir rejim mövcuddur. Ən əsası Ukrayna və Gürcüstanda olduğu kimi Azərbaycanda qismən dinc yolla hakimiyyət dəyişikliyi ilə barışacaq iqtidar yoxdur.  Bu, çox kədərli mənzərədir. Çünki bu cür cəmiyyətlərdə dəyişikliklər qısa müddətdə böyük partlayışla baş verir. Azərbaycan cəmiyyəti də buna nail olacaq.



Amma sizinlə uzun müddət yol,məhbəs yoldaşı olan Pənah Hüseyn hakimiyyətlə iqtidarı və  məsuliyyəti bölüşməyə hazır olduğu bəyanatını verib. Bəs siz “amansız” adlandırdığınız rejimlə iqtidarı və məsuliyyəti bölməyə hazırsınızmı?

– Son dövrlərdə Pənah Hüseynin siyasi fəaliyyətini izləmədiyimdən onun açıqlamaları barədə fikir səsləndirə bilmərəm. Biz Azərbaycanın taleyini düşünürük, partiyamız fəaliyyətini bu illərdə ölkənin maraqları uğrunda mübarizəyə uyğun qurmaqdadır. Mübarizəmiz yalnız hakimiyyətə gəlmək uğrunda deyil, biz Azərbaycanda sivil cəmiyyətin qurulmasını, azad iqtisadiyyatın, azad mətbuatın və azad seçkinin keçirilməsini istəyirik, bunun uğrunda mübarizə aparırıq. Əgər bunlar uğrunda hansısa populyar olmayan addımların atılması tələb olunacaqsa, ona da gedəcəyik. Ancaq hakimiyyətin bugünkü və indiyə qədər olan davranışları göstərir ki, iqtidarla birlikdə hansısa ciddi dəyişiklikləri etmək qeyri-mümkündür. Azərbaycanın problemlərinin həlli hakimiyyət dəyişikliyindən sonra baş verəcək.



Artıq iki ildir Müsavat Partiyasının başqanısız, bu müddətdə hansı fərqli və uğurlu addımlarınız olub?

– Xarici siyasət sahəsində öz fəaliyyətimizi xeyli dərəcədə yaxşılaşdırmışıq. Müsavat Parrtiyası postsovet və Avropa məkanında öz mövqelərini kifayət qədər möhkəmləndirib. Bu il Türkiyə və Avropa ölkələrinə bir neçə səfərim olub, bu müddətdə partiyamızın beynəlxalq əlaqələrini gücləndirmişik. Yaxınlarda Avropa ölkələri ilə görüşümüzdə də partiyamızın ümumi siyasi istiqaməti və Azərbaycanın Qərbə inteqrasiya perspektivləri barədə danışdıq. Mən Brüsseldə Aİ-nin Şərq Tərəfdaşlığı Proqramı ilə bağlı beynəlxalq tədbirdə iştirak etdim, bu da Müsavat Partiyasının xarici siyasət sahəsində mövqeyinin möhkəmlənməsi deməkdir. Mətbuat sahəsində müəyyən işlər qururuq, bir çox işləri sıfırdan başlayırıq. Çünki indiyə qədər olan mətbuat orqanlarının heç biri partiyamızın ümumi siyasətinə uyğun fəaliyyət göstərmədiyindən yeni media orqanları yaratmağa başladıq.



Yəni partiya mətbuatı olacaq?

– Xeyr. sadəcə, partiyamızın siyasətini və mesajlarını ictimaiyyətə çatdıran saytlar yaranır. Daxili siyasətdə uğurlu fəaliyyət göstərmişik. Azərbaycanın 8 milyarda qədər maliyyə vəsaitinin xərcləndiyi Avropa Oyunlarını boykot etmək barədə düzgün qərar qəbul etməyi bacaran və buna cəsarəti çatan yeganə partiya Müsavat oldu. Seçki kampaniyası dövründə də düzgün taktika seçdik, ilkin mərhələdə iştirak edərək, bir tərəfdən cəmiyyətə mesajlar verdik və kampaniya aparmaq imkanında olduğumuzu nümayiş etdirdik. Həm də daxili və xarici ictimaiyyətə seçki saxtakarlıqları barədə ətraflı məlumatlar verməyə nail olduq. Ardınca seçkilərə 1 gün qalmış bütün dünyanın diqqətini seçkilərə yönəldə bildik. Təsadüfi deyil ki, seçki günü və sonrakı günlərdə ən nüfuzlu media qurumları partiyamızın mövqeyini işıqlandırdı. Və mövqeyimiz beynəlxalq birliyin seçkilərə verdiyi qiymətdə həlledici rol oldu.



Ancaq partiyanızın üzvləri İltizam Əkbərli və İkram İsrafil seçki prosesindən geri çəkilmədi…

– Təbii, qərarımızla razılaşmayanlar vardı, taktikamızın nəinki düzgün olmadığını, hətta vətənə xəyanət kimi qiymətləndirənlər oldu. Bu məsələyə normal yanaşmaq lazımdır. Sualınıza gəldikdə, elə bir hal baş verməyib. Sadəcə, yalnız İltizam Əkbərli seçicilərə verdiyi vədləri əsas gətirərək, seçkilərdə iştirak etdi. Ona görə də partiyamız məsələni müzakirə edərək ona töhmət verdi. İstər seçki günü, istərsə də seçkidən sonra Əkbərlinin qərarla bağlı mövqeyində mənfi münasibətlə rastlaşmadıq.



Başqan olduqdan sonra Qubad İbadoğluna, Hikmət Hacızadəyə qapını göstərdiniz, Tural Abbaslı kənarda qalıb. Sizə elə gəlmir ki, partiyadaxili demokratiyanın inkişaf etmıəməsi özünüzə ziyandır?

– Müsavat Partiyası Azərbaycanda və postsovet məkanında ən demokratik partiyadır. Müsavat bir nəfərin iki dəfədən artıq başqan seçilməməsini tətbiq edən partiya idi. Ötən həftə Rusiyada “Yabloka” təşkilatı belə bir qaydanı tətbiq etməklə ikinci belə siyasi qüvvəyə çevrildi. Hesab edirəm ki, 1992-ci ilin prezident seçkilətindən sonra 2014-cü ilin partiya qurultayında keçirilən seçkilər ən demokratik seçkilər idi. İstər iqtidar, istərsə də müxalifət olsun,  Müsavat Partiyası daha demokratik prinsiplərlə idarə olunan partiyadır. Yeganə partiyadır ki, onun bütün orqanlarına seçkilər gizli səsvermə yoluyla keçirilir. Sualınıza gəldikdə, mən heç kəsə qapını göstərməmişəm, başqan seçildikdən sonra hər kəsi qucaqlamağa çağırmışam, Hikmət Hacızadə və Qubad İbadoğluyla da dəfələrlə görüşmüşəm, onlara müxtəlif yüksək vəzifələr təklif etmişəm. Ancaq onlar təkliflərlə razılaşmayaraq başqa yol tutublar. O ki qaldı Demokratiya və Rifah Hərəkatına, tamamilə iflasa uğramış qurumdur. Mən əvvəlcədən kimin başqan seçiləcəyini həlledici olmayacağını bəyan edirdim, amma qurultaydan sonra bu adamların əvvəl Ədliyyə Nazirliyinə, sonra məhkəməyə müraciət etmələri bütün fəaliyyətlərinin partiyamızı ləkələmək xətti olduğunu göstərdi.



Ancaq kənarda qalan Tural Abbaslı partiya haqqında danışarkın kəskin fikirlər söyləyir və faktlar əsasında danışır…

– Qurultaydan sonra partiyaya daxil olanların sayı çıxanlardan dəfələrlə çoxdur.



Statistika verə bilərsinizmi?

– Çıxanların sayı haqqında dəqiqi statistika deyə bilərəm. Qurultaydan sonra partiyadan gedənlərin sayı 100 nəfər olub, amma yalnız Cəlilabad təşkilatına elə bu qədər şəxs üzv olub. Təbii ki, partiya daxilində demokratik qaydaları daha da dərinləşdirməyə çalışırıq. Hakimiyyətdən nəyi tələb ediriksə, özümüz də partiyadaxili demokratiyaya tam nəzarət edirik. Yeganə partiyayıq ki, hər həftə rəhbər struktur toplaşaraq, cari siyasət və ümumi proseslər barədə kollegial qərarlar veririk. Həm də yeganə partiyayıq ki, 3 aydan gec olmayaraq məclisi toplayaraq ümumi istiqamətlər barədə qərarlarımızı veririk.



Axı başqa partiyalardan fərqli olaraq qərargahınız var…

– Əsas prinsiplərdir ki, qəbul etmişik, bizim qərargahımız olmasa da, toplantılarımızı keçirəcəyik. İkinci, rayon təşkilatlarımızın qərargahı yoxdur, Bakıdan fərqli olaraq.



O zaman qərargahı olmayan AXCP və Milli Şurayla növbəti il münasibətləri necə qurmaq fikrindəsiniz?

– Müsavat Partiyası bu məsələ ilə bağlı mövqeyini açıq şəkildə ortaya qoyub. Hazırda partiyamızın prinsiplərinə uyğun olaraq real müxalifət hesab etdiyi və əməkdaşlıq etmək istədiyi bir neçə təşkilat var. Onlardan biri AXCP, digərləri isə ReAL və NİDA-dır. Sonuncularla ümumi şəkildə olsa da, əməkdaşlıq münasibətlərimiz mövcuddur. AXCP-yə də oxşar prinsiplər şəklində olan təkliflərimizi vermişik, təkliflərimiz bu gün də qüvvədə qalır. Yalnız ictimai təşkilatları və partiyaları yox, cəmiyyətin bütün aparıcı qüvvələrini Azərbaycanın ümumi mənafeləri ətrafında toparlamağa çalışırıq. Bunun üçün Müsavat Partiyasının prinsipləri var. Biz demokratik, dünyəvi, seçkilərlə formalaşan, liberal iqtisadiyyatı qurulan və milli təhlükəsizlik konsepsiyasına uyğun dövlətimizin olmasını istəyirik. Bu prinsiplərə hazır olan digər təşkilatlarla əməkdaşlıq etməyə hazırıq.



Milli təhlükəsizlik demişkən, yeni təyin olunan dövlət təhlükəsizlik xidmətinin rəisi Mədət Quliyev yeni işində bacaracaqmı?

– O, bu sahənin mütəxəssisi deyil, ona görə zaman göstərəcək bacaracaq, yoxsa yox. Ümumiyyətlə, MTN-də gedən proseslər ayrıca söhbətin mövzusudur.

Ana səhifəVideoArif Hacılı: ”İlham Əliyevi düşünməyə çağırıram” (VİDEO)