Arif Hacılı: Hökumət işimizdən narahat olduğundan ailəmə təzyiq edir

Biz yerli hakimiyyət orqanlarının narahatlıq keçirdiyi haqda məlumat almışdıq

Source:


DİN: ''Polis evlərə basqın etmir, əksinə, bunun qarşısını alır''

Mayın 24-də Zaqatalanın bir qrup polis əməkdaşının Müsavat Partiyasının başqanı Arif Hacılının rayondakı ata yurduna getdiyi deyilir. Polislər qonşulardan Vaqif Hacıbəyli və Mustafa Hacıbəylinin harada olduğunu soruşublar. Onlara hər ikisinin Bakıda olduğu söylənəndən sonra polislər Zaqatalada Müsavat Partiyasının yerli təşkilatının iclasının planlaşdırıldığını və buna imkan verilməyəcəyini bildiriblər.

Müsavat Partiyasının başqanı Arif Hacılı Meydan TV-yə mayın 25-də Zaqatalada partiyanın yerli təşkilatının iclasının planlaşdırıldığını təsdiqləyib. O, polisin hərəkətinin qanunsuz və Konstitusiyaya zidd olduğunu deyib:

“Biz yerli hakimiyyət orqanlarının narahatlıq keçirdiyi haqda məlumat almışdıq. Ona görə toplantını Mustafa Hacıbəylinin evində keçirməyi qərarlaşdırdıq. Toplantı sabah keçirilməli olduğu halda, bugündən ata yurduma polis basqını olub. İclas keçirilsə, qarşıdurma olacağını və buna imkan verilməyəcəyini deyiblər. Baş verənlər qanunsuzdur, çünki yerli təşkilatın hər hansı toplantısı haqda hökumət strukturlarına məlumat verməyə borclu deyilik”.

Müsavat başqanı əlavə edib ki, bir nəfərin şəxsi mülkündə edilən belə davranış qanunaziddir:

“Partiyanın nüfuzunun artması və xarici səfərlərim hakimiyyətə təsir edir. Buna görə ailəmə təzyiq yolunu seçiblər”.

Arif Hacılı mayın 25-də toplantını keçirəcəklərini bildirib:

“Düşünürəm ki, hakimiyyət dairələrində bu yanaşmanın nə qədər absurd olduğunu anlayanlar olacaq”.

Meydan TV məsələyə münasibət öyrənmək üçün Zaqatala Rayon Polis Şöbəsi ilə əlaqə saxlayıb. Şöbədən hadisə barədə xəbərsiz olduqlarını bildiriblər. Daha sonra Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti ilə əlaqə saxlamağı tövsiyə ediblər.

DİN-in mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov isə Meydan TV-yə deyib ki, polis hər hansı evə, yaxud harasa basqın etmir, əksinə, basqının qarşısını alır:

“Bu məsələ haqda eşitməmişəm, araşdırandan sonra məlumat yayacağıq”.

Ana səhifəXəbərlərArif Hacılı: Hökumət işimizdən narahat olduğundan ailəmə təzyiq edir