Arif Əsgərovun qohumu yenə məhkəməyə gəlmədi

Təqsirləndirilən şəxsin barəsində axtarış verilə bilər

Source:
Arif Əsgərov
Arif Əsgərov


Təqsirləndirilən şəxsin barəsində axtarış verilə bilər

“Azərbaycan Dövlət Dəmir yolları” QSC-nin sabiq sədri Arif Əsgərovun dələduzluqda təqsirləndirilən baldızı oğlu Emil Hüseynov axtarışa verilə bilər. Bu haqda fevralın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda bildirilib.

Külli miqdarda dələduzluqda təqsirləndirilən Emil Hüseynovun cinayət işi üzrə məhkəmə prosesinə hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilir.

İclasda onun vəkili sənəd təqdim edərək müvəkkilinin xəstəxanada müalicə olunduğunu deyib. Məhkəmə katibi bildirib ki, təqsirləndirilən şəxsin barəsində məcburi gətirilmə qərarı olsa da, icra edilməyib. Hakim isə bildirib ki, məhkəməyə təqdim edilən sənədlərdən onun ciddi xəstəliyinin olmadığı qeyd edilir. Təqsirləndirilən şəxsin vəkilləri isə onun fevralın 6-da xəstəxanadan çıxacağını deyiblər. Zərərçəkmiş şəxsin vəkili isə onun məhkəməni uzatmaq üçün belə addım atdığını bildirib. Hakim onun barəsində olan məcburi gətirilmə qərarını qüvvəsində saxlayıb və iclası fevralın 8-nə təxirə salıb. Bildirib ki, növbəti iclasda gəlməsə, barəsində axtarış elan ediləcək.

Ötən iclasda da təqsirləndirilən şəxs iştirak etməyib və vəkilləri onun xəstə olduğunu deyiblər. Buna görə onun barəsində məcburi gərtirilmə qərarı çıxarılmışdı.

İttihama görə, E. Hüseynov vətəndaş Tural Hüseynovun etibarından sui-istifadə edərək, ondan 382 min dollar, Namiq Mehdiyevdən 80 min manat, Emil Məmmədovdan 2 milyon 500 min dollar, Mərziyyə Rzayevadan isə 19 500 manat pulu dələduzluq yolu ilə ələ keçirib. Həmin şəxslərin hüquq-mühafizə orqanlarına şikayətindən sonra cinayət işi başlanıb. Cinayət işi materiallarına əsasən, E.Hüseynov Gürcüstan Respublikasından izolyasiya və digər materiallar gətirmək adı ilə həmin vətəndaşları aldadıb.

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.

E.Hüseynov 2016-cı ilin dekabr ayında “İnrerpol” xətti ilə Qazaxıstanda həbs edilərək Azərbaycana təhvil verilib.

Barəsində həbs-qətimkan tədbiri seçilən E.Hüseynovun daha sonra ev dustaqlığı qətimkan tədbiri seçilib.

E.Hüseynov “Azərbaycan Dövlət Dəmir yolları” QSC-nin sabiq sədri Arif Əsgərovun baldızı oğludur. Onun qardaşı Rahib Hüseynov da külli miqdarda dələduzluqda təqsirləndirilir. Onun barəsində olan cinayət işi hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində

araşdırılır

.

Ana səhifəXəbərlərArif Əsgərovun qohumu yenə məhkəməyə gəlmədi