Arif Əsgərovun qohumu dələduzluqda ittiham olunur

Külli miqdarda pul mənimsəməkdə təqsirləndirilən Rahib Hüseynovun məhkəməsi bağlayıb

Source:

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Rahib Hüseynovun məhkəmə prosesi başlayıb. O, “Azərbaycan Dəmir Yolları” QSC-nın sədri Arif Əsgərovun baldızı oğludur.

Meydan TV-nin məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı oktyabrın 31-nə təyin edilib.

İclasda məlum olub ki, R.Hüseynov külli miqdarda dələduzluqda təqsirləndirilir. Lakin onun barəsində həbs-qətimkan tədbiri yox,  polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

R.Hüseynovun digər qardaşı Emil Hüseynov barəsində də hazırda cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır.

İttihama görə, E.Hüseynov vətəndaş Tural Hüseynovun etibarından sui-istifadə edərək, ondan 382 min dollar, Namiq Mehdiyevdən 80 min manat, Emil Məmmədovdan 2 milyon 500 min dollar və Mərziyyə Rzayevadan isə 19 500 manat pulu dələduzluq yolu ilə ələ keçirib. Həmin şəxslərin hüquq-mühafizə orqanlarına şikayətindən sonra cinayət işi başlanıb. Cinayət materiallarına əsasən, E.Hüseynov Gürcüstan Respublikasından izolyasiya və digər materiallar gətirmək adı ilə həmin vətəndaşları aldadıb.

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.

E.Hüseynov 2016-cı ilin dekabr ayında “İnrerpol” xətti ilə Qazaxıstanda həbs edilərək Azərbaycana təhvil verilib.

Barəsində həbs-qətimkan tədbiri seçilən E.Hüseynov məhkəməyə müraciət edib. O, həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini istəyib. Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə vəsatət təmin edilib, E.Hüseynovun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Ana səhifəXəbərlərArif Əsgərovun qohumu dələduzluqda ittiham olunur