Arif Əliyev: Mediaya dəstəyin fəlsəfəsini anlamırlar

Həftədə bir nömrəsi maliyyələşdirilən qəzetlərin hər birinə aylıq 5 000 manat, həftədə beş nömrəsi maliyyələşdirilən qəzetlərin hər birinə isə aylıq 15 000 manat məbləğində maliyyə yardımı göstəriləcək.

Source: Meydan TV


Ələsgər Məmmədli: “Yardım kəsilən kimi media qurumlarının fəaliyyəti də bıçaq pendiri kəsən kimi kəsiləcək”

“Dövlət medianı inkişaf etdirmək üçün mühit yaratmalıdır. Bu, mediaya vəsait ayırmaq, jurnalistin cibinə pul qoymaq formasında olmamalıdır”.

Media eksperti Ələsgər Məmmədli Media İnkişaf Agentliyinin (MEDİA) çap və veb-saytlar üçün keçirdiyi müsabiqəni və ayrılan pul vəsaitini şərh edərkən belə deyib.

Müsabiqəyə 70-dən çox saytın müraciət edildiyi bildirilir. Onlardan 39 sayta maliyyə yardımı ayrılıb.

Agentliyin seçimi ictimaiyyətdə birmənalı qarşılanmayıb.


“Təəssüf ki, Medianın İnkişafı Agentliyi də eyni yolu davam etdirir”

Ələsgər Məmmədli deyir ki, media sahəsini inkişaf etdirmək üçün jurnalistin həqiqi fəaliyyət göstərməsinə maksimal şərait yaratmaq, həmçinin azadlıq mühitini formalaşdırmaq, toxunulmazlığını təmin etmək lazımdır:

“Medianın inkişafı – informasiya çıxışındakı problemləri aradan qaldırmaq, ifadə azadlığına şərait yaratmaq, qanunvericiliyi daha liberallaşdrıb, diffamativ ifadəyə görə qorxu yaratmamaq, yüksək miqdarda cərimələrə məruz qoymamaq, həbs etməmək, ona zərər verməmək və sair şərtlərdən ibarət olmalıdır. Həmçinin media savadlılığının artırılması üçün jurnalistlərin peşədaxili inkişafına təkan verən müəyyən proyektlər etmək lazımdır. Medianın İnkişafı Agentliyi KİVDF-nin doqquz il etdiyini təkrarlayır. Onda da xeyli korrupsiya hallarına yol verilmişdi. 15-20 dəqiqə tanıdıqları adamalara bəlli pullar ayrılmışdı.

Hüquqşünas Ələsgər Məmmədli
Ələsgər Məmmədli

Təəssüf ki, Medianın İnkişafı Agentliyi də eyni yolu davam etdirir. Heç nə dəyişmir. 39 sayta, 17 çap mediasına ayda 3 min manat ayrımaqla medianı ələbaxan edirlər. Bu, medianın inkişafını, öz ayaqları üzərində durmaq imkanlarını artırmır. Əskinə, yardım kəsilən kimi media qurumlarının fəaliyyəti də bıçaq pendiri kəsən kimi kəsiləcək. Medianın İnkişafı Agentliyi KİVDF-dən fərqli olmalıdır”.


“Yardım kəsilsə, diz çökəcəklər”

“Dövlət mediaya göstərdiyi dəstəyin fəlsəfəsini anlamalıdır. Bizim dövlətimiz bu dəstəyin fəlsəfəsini anlamır, hesab edir ki, KİV-lərə pul verib, onları süni sürətdə yaşatmaqla, media inkişafına nail olur”, – media eksperti Arif Əliyev Meydan TV-yə açıqlamasında belə deyir:

“Dövlət ayrı-ayrı KİV-lərə pul paylayır. Əvəzində onlardan özünə loyallıq qazanır. Uzun illər çap kütləvi informasiya vasitələrinə on milyonlar xərcləndi. Axırda gördülər ki, ordan bir şey çıxmır. İndi də saytlara üz tutublar. Bu, heç bir müsbət nəticə verməyəcək, əksinə, vəziyyəti daha da pisləşdirəcək. Yardım kəsilsə, diz çökəcəklər. Necə ki, qəzetlər o günə düşdü. Bu, sadəcə, vəsaitin öldürülməsidir”.

Arif Əliyev
Arif Əliyev


Bahəddin Həziyev: “Məsələ ayrılan məbləğdən çox qarşıya qoyulan məqsəddədir”

“Bizimyol.info” “MEDİA”dan dəstək alıb. Saytın rəhbəri Bahəddin Həziyev bununla bağlı “Facebook”da paylaşım edib:

“Dəstək verilən veb-saytlar arasında “Bizimyol.info” da var. Buna görə təşəkkür edirik. Düşünürəm, bu, yaxşı bir başlanğıcdır. Ümid edirik ki, seçim zamanı subyektivliyə yol verilməyib və bu iş daha da təkmilləşər. Media sahəsində dərin islahatlar daha da sürətlənər. Biz də hamılıqla bu pozitiv prosesə dəstək verməyə çalışacağıq. Məsələ ayrılan məbləğdən çox qarşıya qoyulan məqsəddədir. Məqsəd nəcibdirsə, nəticəsi mediamız üçün də, cəmiyyətimiz üçün də uğurlu olar, inşallah. Təbii ki, bu seçimlə bağlı tənqidlər də olacaq. Düşünürəm, haqlı tənqidlər, faydalı təkliflər, iradlar da nəzərə alınmalıdır və alınacaq”.

Bahəddin Həziyev
Bahəddin Həziyev


Aynur Camal: “Kül sözün başına!”

“Teleqraf” Media Holdinqinin rəhbəri Aynur Camal müsabiqənin şərtləri ilə razılaşmadığını bildirib. O, sosial şəbəkədə bu haqda yazıb:

“Adını ilk dəfə eşitdiyin media qurumları ilə eyni siyahıda olmaq da bir ayrı bədbəxtlikdir! Hətta sözün bitdiyi yerdir! Kül sözün başına!”.

Narazılar arasında “xeber365.com” saytının təsisçisi Gülşən Hacıyeva, “Laf TV”-nin rəhbərlərindəbn Ləman Ələşrəfqızı da var.

maxresdefault.jpg
Aynur Camal


Qəzetlərə də maliyyə ayrılır

Həftədə bir nömrəsi maliyyələşdirilən qəzetlərin hər birinə aylıq 5 000 manat, həftədə beş nömrəsi maliyyələşdirilən qəzetlərin hər birinə isə aylıq 15 000 manat məbləğində maliyyə yardımı göstəriləcək. Müsabiqədə qalib olan hər bir qəzet redaksiyasının eyniadlı veb-saytına 3 000 manat məbləğində maliyyə yardımı göstəriləcək. Qalib elan olunan qəzetin baş redaktoru müsabiqəyə müraciət ərizəsində qəzetinin eyniadlı veb-saytını əsaslı yeniləmək niyyətini ifadə etmişdirsə, maliyyə yardımı göstərilən 6 aylıq dövrün birinci ayında ona həmin veb-saytın əsaslı yenilənməsi məqsədilə 5 000 manat məbləğində vəsait ayrılır.

Agentlik tərəfindən maliyyələşdirilən veb-saytların hər birinə aylıq 3000 (üç min) manat məbləğində maliyyə yardımı göstəriləcək.

“MEDİA”dan məsələyə münasibət öyrənmək mümkün olmayıb.

Ana səhifəSiyasətArif Əliyev: Mediaya dəstəyin fəlsəfəsini anlamırlar