Arif Əliyev: Həlak olan azərbaycanlı jurnalistlərlə bağlı beynəlxalq reaksiya zəif oldu

“Bəsit səslənsə də, düşünürəm ki, həmin təşkilatlar peşə maraqlarını və prinsiplərini siyasi maraqlarından və münasibətlərindən ayıra bilmədilər”.

Source: Specify Source


Mehman Əliyev: “Azərbaycan hökuməti beynəlxalq təşkilatlar qarşısında etimad qazanmalıdır”

Kəlbəcərdə iki azərbaycanlı jurnalistin mina partlayışı nəticəsində həlak olmasına beynəlxalq münasibət Azərbaycan cəmiyyətinin gözlədiyindən zəif oldu. Bir sıra beynəlxalq jurnalist təşkilatı, beynəlxalq siyasi təşkilatların söz azadlığı üzrə nümayəndələri, Azərbaycanda fəaliyyət göstərən xarici səfirlərin bir çoxu sadəcə olaraq başsağlığı verməklə kifayətləndi.


“Beynəlxalq reaksiya Azərbaycanda məyusluq doğurdu”

Bəyanatlarda Ermənistandan mina xəritələrinin Azərbaycana verilməsi məsələsi qaldırılmadı. Təkcə qərargahı Nyu-Yorkda yerləşən Jurnalistlərin Müdafiə Komitəsi öz bəyanatında Ermənistana mina xəritələrinin verilməsi ilə bağlı müraciət etdi. “Sərhədsiz Reportyorlar Təşkilatı” isə rəsmi Yerevana hadisə ilə bağlı sorğu göndərsə də, cavab almadı. Avropa Şurasının İnsan Haqları üzrə Komissarı Dunya Miyatoviç, ATƏT-in söz azadlığı üzrə nümayəndəsi Tereza Ribeyronun hadisə ilə bağlı bəyanat və şərhlərində Ermənistanın mina basdıran tərəf kimi məsuliyyəti qeyd olunmadı. Bu konteksdə Azərbaycanın Ermənistana qarşı hər hansı bir addımı zamanı adıçəkilən şəxslərin və təşkilatların rəsmi Bakının ünvanına sərt tərzdə, ultimativ bəyanatları xatırlanır.


“Beynəlxalq təşkilatlardan daha ciddi addımlar gözləyirdim”

Beynəlxalq təşkilatların hadisə ilə bağlı reaksiyasını Meydan TV üçün şərh edən Bakı Mətbuat Klubunun prezidenti Arif Əliyev bunun kifayət qədər təsirli olmadığı qənaətindədir.

“Düzdür, bir çox təşkilat öz təəssüflərini bildirdi. Amma nərəzə almaq lazımdır ki, jurnalist ölümü son illər artsa da, hər halda minaya düşüb ölmək halları jurnalistlərin həyatında tez-tez olmur. Bunun təhlükəsi ondadır ki, bu halların təkrarlanmasının qarşısını almaq üçün heç bir zəmanət yoxdur. Bu zəmanəti yaratmağa təəssüf ki, nə beynəlxalq təşkilatlar cəhd göstəriblər, nə də jurnalist təşkilatları”.

Onun fikrincə, Azərbaycan-Ermənistan savaşından sonra hərbi əməliyyatların getdiyi ərazilərdə jurnalistlərin işləməsi çox təhlükəli olaraq qalır. Arif Əliyev qeyd edib ki, nəticədə biz onların təhlükəsizliyinə heç bir zəmanət əldə edə bilmirik:

“Mən gözləyirdim ki, beynəlxalq təşkilatlar mina xəritələrinin verilməsi, jurnalistlərin fəaliyyəti üçün şərait yaradılması məqsədi ilə daha ciddi sənədlər ortaya qoyacaqlar və daha ciddi addımlar atacaqlar”.


“Azərbaycanda medianın üstqurumu olan təşkilatların nüfuzu yoxdur”

Onun fikrincə, beynəlxalq jurnalist təşkilatlarının da reaksiyası eyni dərəcədə zəif oldu:

“Təəssüf ki, Azərbaycan tərəfi də bu reaksiyanı tələb etmək üçün daha ciddi iradə ortaya qoymadı. Düzdür, Azərbaycan jurnalist təşkilatlarının müraciəti oldu. Amma məsələnin daha geniş müstəvidə müzakirə olunması üçün Qərb ölkələrində, yaxud ölkə daxilində dərhal tədbirlər təşkil edib müxtəlif jurnalist təşkilatlarının nümayəndələrini də dəvət etmək lazım idi”.

Arif Əliyev deyir ki, bunun olmamasının əsas səbəblərindən biri Azərbaycanda təkcə media yox, medianın üstqurumu olan jurnalist təşkilatlarının da darmadağın vəziyyətdə olmasıdır:

“Bir zamanlar bu işləri görən, ümumi tədbirlər təşkil edən təşkilatlar hazırda işlək vəziyyətdə deyil, onlara işləmək üçün heç bir şərait yoxdur. Önə çəkilən, süni surətdə şişirdilən jurnalist təşkilatlarının isə bu addımları atmaq üçün nə real beynəlxalq əlaqələri, nə də nüfuzu var”.

Arif Əliyev
Arif Əliyev

Avropa Şurasının İnsan Haqları üzrə Komissarı Dunya Miyatoviç, ATƏT-in söz azadlığı üzrə nümayəndəsi Tereza Ribeyronun hadisə ilə bağlı mövqelərini şərh edən Arif Əliyev son illər jurnalistikanın həddən artıq siyasiləşdirildiyinin şahidi olduğunu deyib:

“Bu halda nə Ermənistanın adı çəkildi, nə səbəblərin aradan qaldırılması barədə hər hansı səy göstərildi. Bəsit səslənsə də, düşünürəm ki, həmin təşkilatlar peşə maraqlarını və prinsiplərini siyasi maraqlarından və münasibətlərindən ayıra bilmədilər”.

Arif Əliyev beynəlxalq rezonansın zəif olması səbəblərini bir tərəfdən xaricdə yaşayan azərbaycanlı jurnalistlərin bu məsələdə passiv mövqe tutmasında, digər tərəfdən isə rəsmi siyasətin qənaətbəxş olmamasında görür:

“Biz Vaşinqtondan başlamış Şərqi Avropa ölkələrinə qədər tez-tez görürük ki, Azərbaycandakı söz azadlığının problemləri ilə bağlı tədbirlər təşkil edilir. Olsun, çünki orada səslənən açıqlamaların böyük əksəriyyəti doğrudur və bunların təşkilində xaricdəki azərbaycanlı jurnalistlər də xeyli dərəcədə fəaldır. Amma təəssüf ki, iki azərbaycanlı jurnalistin ölümü ilə bağlı heç olmasa özümüzünkülərin bu cür tədbirlərin həyata keçirilməsini görmədik”.

Bununla paralel olaraq Arif Əliyev vurğulayıb ki, diplomatik qurumların səyləri açıq-aşkar kifayət etmir və onlar kifayət qədər işləmirlər.

“Bizim dövlət qurumları olaya münasibət bildirdilər, amma mənə elə gəlir ki, ən yüksək dövlət rəhbərləri səviyyəsində mütləq münasibət bildirilməli, çağırışlar edilməli idi”, – Arif Əliyev deyib.


“Hadisə ilə bağlı beynəlxalq reaksiya Azərbaycana qarşı münasibətin göstəricisidir”

“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev də hadisə ilə bağlı beynəlxalq reaksiyanın zəif olduğu qənaətindədir.

O hesab edir ki, buna bir tərəfdən səbəb müharibə dövründəki ümumi vəziyyət, digər tərəfdən isə Azərbaycana olan münasibətdir:

“Nəhayət, Azərbaycan mediası və vətəndaş cəmiyyətinin reaksiyası güclüydümü? Hansı toplantı keçirildi, dəfn mərasimi dövlət səviyyəsində normal təşkil olundumu?”

O, həm beynəlxalq siyasi təşkilatların, həm də beynəlxalq jurnalist təşkilatlarının hadisəyə zəif reaksiyasının Azərbaycana münasibətin göstəricisi olduğunu düşünür:

_36405.width-1024.jpg
Mehman Əliyev

“Yəni onlar bizim tərəfimizdə deyillər. Səbəb mövcud rejimdir, hakimiyyətin söz azadlığına, insan haqlarına qarşı münasibətindən doğur. Bunlar hamısı onlarda Azərbaycana qarşı münasibəti formalaşdırır”.

Onun fikrincə, belə bir məsələnin geniş beynəlxalq rezonans doğurması üçün ilk növbədə Azərbaycan hökuməti beynəlxalq təşkilatlar qarşısında etimad qazanmalıdır.

Sosial mediada isə həlak olmuş jurnalistlərin çalışdıqları media qurumlarının rəftarı tənqid olunub. Səbəb odur ki, ölkənin dövlət agentliyi olan “Azərtac” öz rəsmi səhifəsində əməkdaşının ölümünü manşetdə saxlamadı, AzTV isə həmin gün konsert proqramı yayımlamaqla tənqidə tuş gəldi.

Ana səhifəSiyasətArif Əliyev: Həlak olan azərbaycanlı jurnalistlərlə bağlı beynəlxalq reaksiya zəif oldu