Bu gün Yasamal rayon Məhkəməsində AZTV-nin sədri Arif Alışanovun telejurnalist Qulu Məhərrəmliyə qarşı iddiası əsasında məhkəmə prosesi başlayıb.
Meydan TV-nin məhkəmədə olan əməkdaşının məlumatına görə, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə Qulu Məhərrəmli vəsatətlə müraciət edərək Arif Alışanovun iclasa gəlməsini istəyib: “Arif Alışanov gəlsin, görək nədən zərər çəkib, məni nədə ittiham edir. O, məni müsahibə verdiyimə görə məhkəməyə verib. Lakin mənim işim müsahibə verməkdən ibarətdir. Özü gəlsin, izah eləsin ki, niyə məni məhkəməyə verib, onu necə təhqir eləmişəm”.
Qulu Məhərrəmlinin müdafiəçisi Cavid Rzazadə də çıxışında bildirib ki, Arif Alışanov məhkəmədə iştirak etməlidir: “Arif Alışanov şərəf və ləyaqətinin təhqir olunduğunu iddia edir. Şərəf və ləyaqət sırf şəxsin özünə aid məsələ olduğuna görə gəlib özü iştirak etməlidir”.
Prosesdə A. Alışanovun hüquqlarını müdafiə edən Zaur Abbasov isə bildirib ki, əgər Arif Alışanovun iştirakına zərurət yaranarsa, onu məlumatlandıra bilər. Hakim Q.Məhərrəmlinin vəsatətini təmin edib.
Məhkəmə qeyri-müəyyən vaxta qədər təxirə salınıb.
Prosesdən sonra telejurnalist Qulu Məhərrəmli jurnalistlərə açıqlama verib. O, bildirib ki, AZTV-nin 60 illik yubileyi ilə bağlı informasiya saytlarından birinə müsahibə verib: “Həmin müsahibədə televiziyanın 60 ilini təhlil etməyə çalışmışam. Televiziyanın cəmiyyətdə yerini, rolunu, göstərməyə çalışmışam. Təbii ki, bu prosesdə müəyyən qiymətləndirici ifadələrim olub. Televiziyanın tarixində Mehdi Hüseynin, Nəbi Xəzrinin, Teymur Əliyev kimi görkəmli adamların adları var. Belə bir televiziyanın müəyyən nöqsanlarının olduğunu, ora rəhbirlik edən şəxslərin işə uyğunsuzluğunu qeyd etmək, iradlar bildirmək hesab edirəm qəbahət deyil. Mən də televiziya jurnalistiyəm və televiziyanın tarixini araşdırmışam. Hesab edirəm ki, özünə qiymət verən şəxs məhkəməyə müraciət etmək əvəzinə, o nöqsanları aradan qaldırmaqla məşğul olmalıdır. AZTV heç bir reytinq cədvəlində yoxdur. Ora verilən pulun bir milyonun başqa özəl kanala verin, görün necə gözəl proqramlar yaradır. Hesab edirəm bunları televiziya üçün müəyyən məsuliyyət daşıyan adamlar deməlidir. Mən də onlardan biriyəm və bunu demişəm. İndi buna görə adamı məhkəməyə verərlər? Məhkəməyə də verməyinin zərəri yoxdur. Media , ictimaiyyət bu məsələyə diqqət yetirir”.
A. Alışanov Q. Məhərrəmli tərəfindən təhqir olunduğunu, əsas gətirərək onun Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması barədə iddia ərizəsi ilə Yasamal rayon Məhkəməsinə müraciət edib.