Arıçı Fətəli Feyziyev: Eyni malın yarısını əla, yarısını yararsız kimi qiymətləndiriblər

Source:

”Yarmarkaya öz yaxınlarının məhsullarını çıxarırlar”

“Gətirdiyim eyni məhsulun yarısını əla, yarısını isə satışa yarasız kimi qiymətləndirdilər. Bu, necə olur? Eyni həyət, eyni baldır. Belə hərəkət dünyanın heç bir yerində görülməyib”.

Bunu Meydan TV-ə arıçılıqla məşğul olan Fətəli Feyziyev deyib.

O, hər il Amay Ticarət Mərkəzində təşkil olunan “Arıçılıq məhsullarının sərgi-satış yarmarkası”na bal gətirir. Builki yarmarkada da iştirak edir. Deyir, çərçivədə olan şanlı bal məhsulunun yararsız olduğunu söyləyiblər:

“Bu, mümkün olan şey deyil. Deyirlər, analiz ediblər. Onda ya gərək 72 çərçivənin hamısı yararsız olardı, ya da hamısı normal çıxardı. Çünki gətirdiyim fərqli bal deyil”.

Fətəli Fərziyev deyir ki, satışa yararsız saydıqları bal çərçivələrini ondan alıb, saxlanma yerinə qoyublar. Təkrar analiz keçirilməsi ilə bağlı müraciətlərini isə dinləmirlər:

“Bilirəm, bizim kimilərin məhsuluna yararsız deyib, yarmarkaya öz yaxınlarının məhsullarını çıxarırlar. Bütün bunlarla bağlı oktyabrın 13-də kənd təsərrüfatı naziri Heydər Əsədova da teleqram vurmuşam. Bu günədək cavab almamışam. Çərçivədə olan bal lazımi qaydada saxlanmayanda məhv olur. Nə balımı qaytarırlar, nə də satışına izin verirlər. Mən il boyu əziyyət çəkib arı saxlamamışam ki, bir neçə günün içində zəhmətimin üstündən xətt çəkilsin?”

“Arıçılıq məhsullarının sərgi-satış yarmarkası” oktyabrın 10-dan başlayıb noyabrın 5-dək davam edəcək. Yarmarkanı Kənd Təsərrüfatı Nazirliyi təşkil edir.

Müxtəlif bölgələrdə arıçılıq təsərrüfatı ilə məşğul olan fermerlər yarmarkada öz məhsullarını satışa çıxarırlar.

Meydan TV Fətəli Feyziyevin şikayəti ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi ilə əlaqə saxlayıb. Nazirlikdən bu barədə hər hansı şikayət almadıqlarını deyiblər:

“Yararsız bal məhsulları satışa buraxılmır. Bu, qaydadır. Vətəndaş haqsızlıqla üzləşdiyini deyirsə, şikayətini araşdırıb, özü ilə əlaqə saxlayarıq. Hazırda isə ətraflı məlumat verə bilmirik, çünki məsələdən xəbərsizik”.

Ana səhifəXəbərlərArıçı Fətəli Feyziyev: Eyni malın yarısını əla, yarısını yararsız kimi qiymətləndiriblər