“Əməliyyatda 5-i azyaşlı olmaqla 25 mülki şəxs həyatını itirib”
Ermənistan 2023-cü ilin 19-20 sentyabrında Azərbaycanın Qarabağda apardığı lokal hərbi əməliyyat zamanı 223 nəfərin həlak olduğunu açıqlayıb.
Yanvarın 5-də Ermənistanın İstintaq Komitəsinin sədri Argişti Karamyan İctimai Televiziyaya müsahibəsində belə deyib. Onun sözlərinə görə, əməliyyatda 5-i azyaşlı olmaqla 25 mülki şəxs həyatını itirib: “10-u azyaşlı, 80-ə yaxını mülki şəxs olmaqla 244 nəfər isə yaralanıb”.
“Hazırda 20 nəfər itkin düşmüş hesab olunur, onlardan beşi mülki şəxsdir”,-deyə Argişti Karamyan əlavə edib.
Azərbaycan Müdafiə Nazirliyi məlum əməliyyatda 204 hərbçisinin və bir mülki şəxsin həlak olduğunu açıqlamışdı.
Münaqişənin qısa xronikası
Ermənistanla Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb. 2020-ci ilin sentyabrında isə uzunmüddətli atəşkəsdən sonra Azərbaycan və Ermənistan arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib. Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.
Sentyabrın 28-də separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb. O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.
Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndi şəhərinə səfər edib. Prezident Xankəndidə Azərbaycan bayrağını qaldırıb və çıxış edib. Çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.
Tərəflər arasında indiyə qədər sülh sazişi imzalanmayıb.