Fransa mundialda ilk məğlubiyyətini yaşayıb
Noyabrın 30-da futbol üzrə dünya çempionatının qrup mərhələsində 3-cü turun daha dörd oyunu keçirilib.
Bu turadək C qrupunun lideri olan Polşa ikinci sıradakı Argentina millisi ilə üz-üzə gəlib. Görüş cənubi amerikalıların qələbəsi ilə yekunlaşıb – 2:0. Qrup liderliyini təmin edən argentinalılar növbəti mərhələyə adlayıb.
Qrupun digər matçında Səudiyyə Ərəbistanı yığması Meksika ilə qarşılaşıb. Meksikalılar ərəbləri 2:1 hesabı ilə məğlub etsələr də, qrupdan çıxa bilməyiblər. Argentina ilə yanaşı, C qrupundan növbəti mərhələyə Polşa yığması yüksəlib.
Yeri gəlmişkən, Argentina 1/8 finalda Avstraliya ilə, Polşa isə Fransa ilə qarşılaşacaq.
Xal: Argentina – 6, Polşa – 4, Meksika – 4, Səudiyyə Ərəbistanı – 3
D qrupunda pley-offa vəsiqəni təmin edən Fransa millisi mundialda ilk məğlubiyyətini yaşayıb. Amma Tunis yığması fransalılar üzərindəki minimal hesablı qələbəyə rəğmən, turnirin 1/8 final mərhələsinə vəsiqə qazana bilməyib.
Qrupun digər matçında Avstraliya yığması Danimarka ilə münasibətlərinə aydınlıq gətirib. Avstraliya 1:0 hesablı qələbə sayəsində adını 1/8 final mərhələsinin iştirakçılarının siyahısına yazdırıb.
Daha əvvəl Fransa, Portuqaliya, Braziliya, Niderland, Seneqal, İngiltərə və ABŞ milli komandaları mundialın 1/8 finalına yüksəlmişdi.
Xal: Fransa – 6, Avstraliya – 6, Tunis – 4, Danimarka – 1
DÇ-2022, 3-cü tur
1 dekabr
F qrupu
19:00. Xorvatiya – Belçika (“Ahmad Bin Ali” stadionu)
19:00. Kanada – Mərakeş (“Al Tumama” stadionu)
E qrupu
23:00. Yaponiya – İspaniya (“Xalifa” stadionu)
23:00. Kosta-Rika – Almaniya (“Al Bayt” stadionu)