ARDNŞ-ın vitse- prezidenti: ”Papağımızı qabağımıza qoyub fikirləşəcəyik”

“ Biz hər gün o platformadan 900 ton neft, 1 milyon kub metr qaz alırdıq, bu gün bu alınmayıb. Bizim itkimiz budur”

Source:

“Bu hadisən sonra  papağımızı qabağımıza qoyub fikirləşəcəyik. Platformadakı yanğını söndürəcəyik. Bizə heç kimdən kömək lazım deyil. O adamları tapacağıq”- bu sözləri Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti Xoşbəxt Yusifzadə keçirdiyi mətbuat konfransında bildirib.

Vitse-prezident açıqlayıb ki, platformada 63 nəfər işləyib. Həmin şəxslərdən 29 nəfər itkin düşüb və onların axtarışı davam edir. “Hələ ki, itkin sayılırlar. Allahın işidir, bəlkə biri salamatdır. Neçə saatdır bu adam dənizdədir, indi özünüz bilin… Möcüzə ola bilər, amma belə mümkün deyil”.

X. Yusifzadə hadisənin güclü külək səbəbindən qaz kəmərində baş verən partlayış nəticəsində yarandığını deyib. “ Təxribat olarsa, platformaya nəsə qoyardılar. Dalğanın gücü o kəməri tərpədib, sındırıb. Bundan sonra partlayış baş verib. Amma nə bilim, hər şey ola bilər. Komissiyanın tərkibində MTN var, yəqin ki, onlar bunu araşdırıb tapacaqlar”.

ARDNŞ sözçüsü deyib ki, yanğın quyulara da keçib. “ Biz hər gün o platformadan 900 ton neft, 1 milyon kubmetr qaz alırdıq. Bu gün bu alınmayıb. Bizim itkimiz budur. Əsas itki bu platformanın üstündədir. Nə qədər ki, platformanı söndürməmişik, bu itkilərimiz olacaq”.

Ana səhifəXəbərlərARDNŞ-ın vitse- prezidenti: ”Papağımızı qabağımıza qoyub fikirləşəcəyik”