Araz Əzimovun müsahibəsi birmənalı qarşılanmadı

Siyasi şərhçilərin məsələyə münasibətdə fikirləri haçalanır

Source:
Araz Əzimov
Araz Əzimov
Araz Əzimov
Araz Əzimov


Siyasi şərhçilərin məsələyə münasibətdə fikirləri haçalanır

Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimovun Avstriya mətbuatında Suriya olayları ilə bağlı açıqlaması birmənalı qarşılanmayıb. Xüsusən də Araz Əzimovun müsahibəsinin Türkiyənin baş naziri Əhməd Davudoğlunun Kiyevdə Rusiyanı Suriyada, Ukraynada, Moldovada işğalçılıqda və Dağlıq Qarabağın ilhaqında Ermənistana dəstək verməkdə ittihamından bir gün sonra dərci suallar doğurub.

Belə ki, cənab Əzimov Suriya prezidenti Bəşər Əsədi Suriyanın ərazi bütövlüyünün və təhlükəsizliyinin yeganə təminatçısı adlandırıb.

“Əsədin ordusu hüquqi institutdur. Biz Əsədin varisi tərəfindən əvəzlənənə qədər prezident kimi qalmasını nəzərdə tutan hərtərəfli siyasi prosesi dəstəkləyirik. Əgər sabah Əsəd getsə, biz buna qarşı çıxmayacağıq. Biz hərtərəfli stabilləşmə prosesinin tərəfdarıyıq”,-deyə nazir müavini bildirib.



“Rəsmi Bakını bir az sıxsalar, deyəcək ki, Türkiyə baş naziri Azərbaycanın adından danışa bilməz”

Açıqlamanı Meydan TV-yə şərh edən siyasi şərhçi Hikmət Hacızadə hesab edir ki, Əzimovun açıqlaması Azərbaycanın Suriya məsələsində İran və Rusiyanın mövqeyindən çıxış etməsidir: “Bu açıqlamanı iki yöndən şərh etmək olar. Birinci, Azərbaycan Moskva və Tehranın mövqeyini Suriya məsələsində dəstəkləyir. İkinci, Azərbaycan hakim elitası ilə Suriya hakimiyyəti eyni dünyagörüşə malikdirlər. Hər iki rejim eyni mahiyyətlidir, eyni davranışlıdır. Məsələ ondadır ki, hakimiyyətdəkilərin Bəşər Əsədə böyük sevgisi var”.

Hikmət Hacızadə
Hikmət Hacızadə

Hikmət Hacızadə Əzimovun açıqlamasını həm də Türkiyənin baş naziri Davudoğluna bir cavab da sayır: “Bilirsiniz, rəsmi Bakını bir az sıxsalar, deyəcək ki, Türkiyə baş naziri Azərbaycanın adından danışa bilməz”.



“Bu kimi məsələlərdə beynəlxalq hüquqa söykənib özümüzü müdafiə etməliyik”

Onun həmkarı Zərdüşt Əlizadə isə fərqli düşünür və beynəlxalq hüquqa istinad edir: “Suriyanın bütövlüyü Azərbaycanın da mənafeyinə cavab verir. Biz beynəlxalq hüquqa söykənir və bəyan edirik ki, beynəlxalq hüquqa əsasən Qarabağ Azərbaycan ərazisidir. Ermənistan isə hərbi müdaxiləylə ərazimizi parçalayıb. Bütün dünyaya bəllidir ki, Suriyadakı qiyamçıları Qərb və ərəb dövlətləri müdafiə edir. Bəşər Əsədi yıxmaq bəhanəsilə Suriyanı parçalayırlar. Bizim əks tərəfdə olmağımız o deməkdir ki, Qarabağı sözdə də istəmirik”.

Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə

Rusiya və İranın Əsədi dəstəkləməsinə gəlincə, siyasi şərhçi dedi ki, indiki Suriya hakimiyyətini Avstraliya da dəstəkləyə bilərdi, bu, o demək deyil ki, Azərbaycan Avstraliya tərəfdən çıxış edir: “Biz beynəlxalq hüququn tərəfindəyik. Əgər Qərb, mürtəce ərəb rejimləri geosiyasi və iqtisadi maraqlarına görə beynəlxalq hüququ pozursa, bizə lazımdırmı onların tərəfində olaq?! Bizim öz məqsədimiz olmalıdır və Qarabağ olayında beynəlxalq hüququn tərəfindəyik. Yaxud Ukraynanın bütövlüyünün tərəfindəyik və bu, o demək deyil ki, Rusiyaya qarşı çıxırıq. Ya da Kosova məsələsində Qərbi dəstəkləmədik, bu, Avropaya qarşı çıxmaq deyil. Biz bu kimi məsələlərdə beynəlxalq hüquqa söykənib özümüzü müdafiə etməliyik”.



“Araz Əzimov prezidentdən çoxmu ağıllıdır?”

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Araz Əzimovu illərin diplomatı və Azərbaycan müstəqil olandan XİN-də çalışdığını, Dağlıq Qarabağ danışıqlarında ölkəni və prezidenti təmsil etdiyini bildirib: “Belə bir mühüm yanaşmaya malik adam deyir ki, Bəşər Əsəd prezident kimi hazırda Suriyanın ərazi bütövlüyünün və təhlükəsizliyinin yeganə qarantıdır və onun ordusu hüquqi institutdur (?!). Əvvəl deyirdim və yazırdım ki, başda xarici işlər naziri Elmar Məmmədyarov olmaqla diplomatlarımızın yerli və xarici mətbuatla sıx əlaqədə olması vacibdir. Ancaq indi görürəm ki, elə müsahibə verməsələr, yaxşıdır”.

Elxan Şahinoğlu
Elxan Şahinoğlu

Elxan Şahinoğlu hesab edir ki, Araz Əzimovun Əsədlə bağlı fikirləri Rusiya və İran rəsmilərinin fikirləri ilə tamamən üst-üstə düşür: “Məgər, biz Suriya məsələsində Moskva və Tehranın mövqeyini müdafiə edirik? Araz Əzimovdan heç kim tələb etmir ki, Qərb və Türkiyə liderləri kimi desin ki, Əsəd getməlidir. Bu bizim dərdimiz deyil, heç prezident İlham Əliyev də Əsədi dəstəkləyən açıqlamalar vermir, Suriyadakı vəziyyətlə bağlı ümumi ifadələr işlədir. Çünki bilir ki, Əsədin günahları terrorçuların günahlarından az deyil. Görəsən, illərin diplomatı Araz Əzimov Əsədin adını çəkmədən Suriyadakı durumla bağlı ümumi ifadələr tapa bilməzdi? Araz Əzimov prezidentdən çoxmu ağıllıdır? Məncə, Araz Əzimovun müsahibəsindəki fikirlərə ya özü, ya da XİN açıqlama gətirməlidir. Əks halda, Qərbdə və Türkiyədə Azərbaycanı İran və Rusiya ilə yanaşı Əsəd dəstəkçiləri siyahısına aid edəcəklər”.

Ana səhifəXəbərlərAraz Əzimovun müsahibəsi birmənalı qarşılanmadı