Araz Əliyevin ölkədən çıxışına qoyulan qadağa götürülüb

Foto: Araz Əliyevin şəxsi arxivindən

O, hazırda onkoloji xəstəliklə əlaqədar xaricdə müalicə olunan anasının yanındadır

III Respublika Platformasının Qurucu Heyət üzvü Araz Əliyevin ölkədən çıxışına qoyulan qadağa götürülüb.

Araz Əliyev istifadəçisi olduğu sosial şəbəkədə bu barədə yazıb. Bildirib ki, artıq hazırda onkoloji xəstəliklə əlaqədar xaricdə müalicə olunan anasının yanındadır.

Araz Əliyev ölkədən çıxışına qadağa qoyulmasını, iyulun 7-də anasını müalicə üçün xarici ölkəyə aparan zaman hava limanında öyrənmişdi.

Siyasətçiyə qadağanın “Toplum TV işi”ndə şahid olması ilə bağlı olduğu deyilmişdi.

Bu iş üzrə isə istintaq artıq başa çatıb.

III Respublika Platforması 2023-cü ilin dekabrında, növbədənkənar prezident seçkisi ərəfəsində vətəndaş cəmiyyəti üzvləri tərəfindən yaradılıb.

Araz Əliyev 2023-cü ilin dekabrında – III Respublika Platforması elan ediləndən az sonra həbs olunmuşdu. Ona xırda xuliqanlıq və polisin qanuni tələbinə tabe olmama ittihamıyla 25 sutka inzibati həbs cəzası verilmişdi.

Həbsindən sonra o, müəllimi olduğu Bakı Dövlət Universitetindən uzaqlaşdırılmışdı.

Siyasətçi bu ittihamların yalan olduğunu, küçədə gedərkən zorakılıqla saxlanıb polis idarəsinə aparıldığını, orada təşkilatın maliyyəsi, fəaliyyəti barədə suallar verildiyini bildirmişdi.

III Respublika Platformasının spikeri kimi Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov seçilib, lakin o, 2024-cü ilin martında “Toplum TV işi” çərçivəsində həbs olunub. Platformanın digər üzvü Ruslan İzzətli də “Toplum TV işi” çərçivəsində həbsdədir.

Ana səhifəSiyasətAraz Əliyevin ölkədən çıxışına qoyulan qadağa götürülüb