Zorakılığa məruz qalmasıyla əlaqədar prokurorluğa da müraciət olunacaq
Yeni yaranan III Respublika Platformasının Qurucu Heyət üzvü Araz Əliyev haqqında həbs qərarından apelyasiya şikayəti verilib.
Eyni zamanda, NİDA Vətəndaş Hərəkatının üzvü olan Araz Əliyev dekabrın 23-də saxlanılıb, ertəsi gün ona Nizami Rayon Məhkəməsinin qərarıyla 25 sutka inzibati həbs cəzası verilib. Universitet müəllimi İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddələrilə cəzalandırılıb. İddia olunub ki, Araz Əliyev dekabrın 23-də axşam 21:30 radələrində küçədə gedəndə qışqıraraq söyüş söyüb. Polislər ondan intizamlı olmağı tələb etsələr də, tabe olmayıb. Bu üzdən saxlanılaraq, Nizami rayonu 24-cü polis bölməsinə aparılıb.
29 yaşlı Araz Əliyev isə bildirib ki, protokolda yazılanlar yalandır. Onu axşamüstü saat 18 radələrində mülki geyimlilər Bəhruz Nuriyev küçəsində (“Neftçilər” metrostansiyasının yaxınlığı) saxlayıblar. Dərhal üstündəki telefonu, kompüteri götürüblər. Bir xeyli keçəndən sonra 24-cü polis bölməsinə gətiriblər.
Hazırda Binəqədidə inzibati qaydada həbs olunanların saxlandığı təcridxanada olan Araz Əliyev dekabrın 25-də vəkili Nemət Kərimli ilə görüşüb. O deyib ki, saxlanılarkən mülki geyimli polislərin zorakılığına məruz qalıb. Daha sonra polis bölməsində də təzyiq və təhqirlər davam edib.
Nemət Kərimli Meydan TV-yə bildirib ki, müvəkkilinin zorakılıqla bağlı şikayətinin araşdırılması üçün prokurorluğa müraciət edəcək.
“Çünki işgəncə, pis rəftar kimi məsələlərlə bağlı araşdırma aparmaq səlahiyyəti prokurorluqdadır. Ümumiyyətlə, Araz Əliyevə münasibətdə bir sıra qanun pozuntuları baş verib. Onun saxlanması, yeri barədə ailə üzvlərinə heç bir məlumat verilməyib. Mən müqaviləli vəkili olduğum halda, məhkəmənin keçirilməsini mənə bildirməyib, ona dövlət hesabına vəkil təyin ediblər. Halbuki, məhkəmə keçiriləndə bir sutkaya yaxın idi ki, həm mən vəkili olaraq, həm də ailəsi onu axtarırdı, Daxili İşlər Nazirliyinin 102 xidmətinə, Ombudsman Aparatına müraciət etmişdik. Hətta həyat yoldaşı buna görə Daxili İşlər Nazirliyinin qarşısında etiraz aksiyası da keçirdi”, – vəkil əlavə edib.
III Respublika Platdorması bəyanat yayaraq, Araz Əliyevin siyasi motivlərlə həbs olduğunu bildirib.
Dekabrın 7-də bir qrup ictimai-siyasi fəal III Respublika Platforması adlı siyasi təşkilat yaratdıqlarını elan edib. Həmin gün Azərbaycanda parlamentarizmin təsis olunmasının 105-ci ili tamam olurdu.
Platformanın Qurucu Heyət üzvləri arasında Akif Qurbanov və Araz Əliyevlə yanaşı, iqtisadçı Rövşən Ağayev, hüquqşünas Səməd Rəhimli, siyasətçilər Yadigar Sadıqlı, Elman Fəttah, Ruslan İzzətli də var.
Platformanın şüarı belədir: “Tək adama deyil, hüquqa itaət edirik!”