Araz Əliyevə anasını xaricə müalicəyə aparmasına imkan verilməyib

Foto: Araz Əliyevin şəxsi arxivindən

O, hava limanında ölkədən çıxışına qadağa qoyulduğunu öyrənib

III Respublika Platformasının Qurucu Heyət üzvü Araz Əliyevə anasını xaricə müalicəyə aparmasına imkan verilməyib.

Bu barədə Araz Əliyev özü məlumat verib.

Onun sözlərinə görə, iyulun 7-də anasını müalicə üçün xarici ölkəyə aparan zaman hava limanında ölkədən çıxışına qadağa qoyulduğunu öyrənib:

“Azərbaycan dövləti valideynimi gözümün önündə öldürməkdə qərarlıdır. Anam 6 aydır ki, onkoloji xəstədir.

Ağır əməliyyat keçirib və hazırda kimyaterapiya alır. Lakin Azərbaycan səhiyyəsinin “peşəkarlığı” sayəsində müalicə nəticə vermir. Son günlər vəziyyəti daha da pisləşib. Qan dəyərləri yüksəlmir. Heç kim də məntiqli açıqlama vermir. Məcbur və təcili anamı ölkə xaricinə aparmalıyam. Lakin hava limanında aydın olur ki, ölkədən çıxışıma “stop” qoyulub. Üstümdə cinayət işi yoxdur, hər hansı işdə təqsirləndirilən şəxs də deyiləm. Qadağanın səbəbi və məqsədi də mənə bəlli deyil”.

Araz Əliyev bildirib ki, anası onsuz səfər etmək məcburiyyətində qalıb:

“Təhsil həyatımı bitirdiniz, işimi aldınız, 25 gün həbsə saldınız. Yetmədimi? İndi də valideynimi gözümün önündə öldürüb nəyi sübut etmək istəyirsiz?! Üzərimə qoyulan stopa görə hava limanından geri qayıtmalı oldum. Üçüncü mərhələ onkoloji xəstə anam isə mənsiz səfər etməyə məcburdur. Üstəlik, ilk dəfədir ki, təyyarə ilə səfər edir. Kimi yığıramsa, deyir ki, gözlə, baxaq. Sonra da zəng çatmır və ya məşğul göstərir. Bir Allahın bəndəsi normal cavab vermir, səbəbi izah etmir. Dərdləri nədir, nə istəyirlər bilinmir”.

Daxili İşlər Nazirliyi məsələ ilə bağlı açıqlama verməyib.

Araz Əliyev 2023-cü ilin dekabrında – III Respublika Platforması elan ediləndən az sonra həbs olunmuşdu. Ona xırda xuliqanlıq və polisin qanuni tələbinə tabe olmama ittihamıyla 25 sutka inzibati həbs cəzası verilmişdi.

Həbsindən sonra o müəllim kimi çalışdığı Bakı Dövlət Universitetindən uzaqlaşdırılmışdı.

O, bu ittihamların yalan olduğunu, küçədə gedərkən zorakılıqla saxlanıb polis idarəsinə aparıldığını, orada təşkilatın maliyyəsi, fəaliyyəti barədə suallar verildiyini bildirmişdi.

Ana səhifəSiyasətAraz Əliyevə anasını xaricə müalicəyə aparmasına imkan verilməyib