“Paşinyan oktyabrın 19-da mənə dedi ki, müharibə davam edir”
Martın 3-də Qarabağ separatçılarının işi üzrə məhkəmə prosesi davam etdirilib.
Ermənistan vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Saakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə məhkəmə prosesinin baxış iclası keçirilib.
Məhkəmədə təqsirləndirilən şəxs Arayik Harutyunyan 44 günlük müharibənin gedişində Prezident İlham Əliyevə məktub ünvanlamaq istədiyini, lakin Ermənistanın Baş naziri Nikol Paşinyanın buna imkan vermədiyini deyib.
“Oktyabrn 18-i axşamçağı bizim Bako Saakyanla və Arkadi Qukasyanla axırıncı görüşümüz oldu. Nikol Paşinyana zəng etdim və dedim ki, mən Azərbaycan Prezidentinin adına müharibəni saxlamaqla bağlı məktub yazmağa hazıram, Bako və Arkadi də da lazım olsa buna qoşulacaqlar. Məktubun məğzi bundan ibarət idi ki, sadəcə müharibəni saxlayın. Paşinyana yazdığımız məktubun məzmunu isə belə idi ki, istənilən qaydada müharibəni saxlayın və bildirin ki, bu, erməni sakinlərin istəyidir. Belə ki, Ermənistanda vahid bir fikir yox idi. Ona görə də mən dedim ki, bizə istinad edib müharibəni saxlamaq lazımdır. Biz sonra dırnaqarası günahkar olmağa da hazırıq, lakin insan həyatını qorumaq lazımdır. Paşinyan bir neçə görüş keçirdi, müxalifətlə görüşdü, demək olar ki, hamıyla görüşdü. Oktyabrın 19-u gününün sonunda o mənə geridönüş etdi və dedi ki, müharibə davam edir. Detallara varmaq istəmirəm. Ən pisi o idi ki, müharibə davam edirdi”, – Arayik Harutunyan deyib.
2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.
Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.
Sentyabrın 28-də isə separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.
O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.
2023-cü il oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndidəki çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.
Qarabağda separatçıların “prezidenti” olmuş Arkadi Gukasyan, Bako Sahakyan, Arayik Harutyunyan, sabiq “xarici işlər naziri” Davit Babayan, “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan və David Manukyan da daxil olmaqla, hazırda Azərbaycanda 14 nəfər həbsdədir və Bakıda onların məhkəmə prosesi keçirilir.
Azərbaycanla Ermənistan arasında isə hələ də sülh müqaviləsi imzalanmayıb.