Ararat Mirzoyan türkiyəli həmkarına cavab verib: “Türkiyə ilə normallaşma Bakı ilə əlaqələrə mane deyil”

Ararat Mirzoyan. Foto: Ermənistan Xarici İşlər Nazirliyi

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, Türkiyə ilə münasibətlərin tam normallaşması Yerevanla Bakı arasında əlaqələrin irəliləməsinə mane olmur, əksinə, bu prosesə müsbət təsir göstərə bilər.

Mirzoyan bunu Türkiyənin xarici işlər naziri Hakan Fidanın Ankara–Ermənistan normallaşması ilə bağlı son açıqlamasına münasibət bildirərkən deyib.

Fidan açıqlamışdı ki, Türkiyə–Ermənistan münasibətlərinin indiki mərhələdə irəli aparılması Ermənistanı Azərbaycanla sülh sazişi imzalamağa sövq edən əsas stimulu zəiflədə bilər.

Ermənistan XİN rəhbəri deyib ki, diplomatik münasibətlərin qurulması və sərhədlərin açılması Yerevan üçün vacibdir. Onun sözlərinə görə, Azərbaycanla əldə olunmuş sülh razılaşmasının institusionallaşdırılması da mühüm əhəmiyyət daşıyır.

“Ermənistan hər iki istiqamətdə səmimi səylər göstərir. Bu iki proses biri-birinə şərt kimi bağlanmayıb. Əgər səbəb-nəticə əlaqəsi axtarsaq, Türkiyə ilə münasibətlərin normallaşmasının Ermənistan–Azərbaycan prosesinə mənfi yox, müsbət təsir göstərə biləcəyini görərik”, – Mirzoyan əlavə edib.

Nəqliyyat bağlantılarının açılması ilə bağlı danışan nazir xatırladıb ki, bunun prinsipləri avqustun 8-də Vaşinqtondakı sülh sammitində razılaşdırılıb: ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, suverenlik, yurisdiksiya və qarşılıqlılıq.

Onun sözlərinə görə, bu çərçivədə müəyyən edilmiş “Tramp yolu” marşrutu həm Azərbaycanın Naxçıvanla əlaqəsini, həm də Ermənistanın regiona çıxışını təmin edəcək:

“Ermənistan marşrutun mümkün qədər tez reallaşması üçün fəal çalışır”.

Türkiyə hökuməti Ermənistanla sərhədlərini 1993-cü ilin aprelində Azərbaycanın Kəlbəcər rayonu işğal ediləndən sonra bağlayıb.

Qarabağ münaqişəsinə görə, Türkiyə və Ermənistan arasında 30 ildir dondurulmuş diplomatik münasibətlərin buzu İkinci Qarabağ müharibəsindən sonra əriməyə başlayıb. 

2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib. Son illər Azərbaycan və Ermənistan arasında müxtəlif formatlarda sülh danışıqları gedib. Bu il avqustun 8-də Vaşinqtonda Ermənistan, ABŞ və Azərbaycanın liderləri münaqişənin sülh yolu ilə tənzimlənməsinə dair birgə bəyannamə imzalayıblar.

Həmin gün Azərbaycanın əsas hissəsini Naxçıvan anklavı ilə birləşdirəcək “Tramp marşrutu”nun 99 illiyə ABŞ-yə verilməsini nəzərdə tutan sənəd imzalanıb. 

Ana səhifəSiyasətArarat Mirzoyan türkiyəli həmkarına cavab verib: “Türkiyə ilə normallaşma Bakı ilə əlaqələrə mane deyil”