Ararat Mirzoyan: “Qarabağ münaqişəsi bizim üçün ərazi deyil, hüquqi məsələdir”

Mənbə: Reuters

“Fundamental və əsas məsələ Artsax ermənilərinin hüquqlarının təminatıdır”

“Azərbaycanla sülh sazişi üzrə danışıqlar ilkin şərt olmadan aparılmalıdır”.

Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “Armenpress”ə müsahibəsində deyib.

Martın 14-də Azərbaycanın Ermənistanla münasibətlərin normallaşması üçün Yerevana təqdim etdiyi təkliflər paketi açıqlanıb.

5 hissədən ibarət təkliflər arasında dövlətlərin bir-birlərinin suverenliyini, ərazi bütövlüyünü, beynəlxalq sərhədlərinin toxunulmazlığını və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması ilk sırada gəlir.

Ararat Mirzoyanın sözlərinə görə, hər iki dövlət bir-birinin ərazi bütövlüyünü 1991-ci ildə tanıyıb:

“Hər iki ölkə hələ 1991-ci il dekabrın 8-də “Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında” Sazişi birgə imzalayaraq ərazi bütövlüyünü qarşılıqlı olaraq tanıyıb”.

O deyib ki, Azərbaycanın təkliflərindəki məqamlar mövcud problemləri tam əks etdirmir:

“Ermənistan üçün Artsax ermənilərinin hüquq və azadlıqlarının aydın təminatı, eləcə də Dağlıq Qarabağın statusunun yekun olaraq aydınlaşdırılması fundamental və əsasdır. Bizim üçün Dağlıq Qarabağ münaqişəsi ərazi məsələsi deyil, hüquqi məsələdir”.

Xatırlatma

Ermənistanla Azərbaycan arasında sonuncu 44 günlük silahlı münaqişə 2020-ci il noyabrın 10-da qüvvəyə minmiş tam atəşkəs haqqında razılaşma ilə başa çatıb.

Dağlıq Qarabağ və ətraf bölgələrdəki münaqişənin tarixi isə 1988-ci ilə dayanır.

90-cı illərdə Azərbaycan-Ermənistan arasındakı ilk müharibə və sonrakı dövrlərdə Azərbaycan tərəf daim Ermənistanı mədəni abidələrin məhv edilməsində günahlandırıb.

2020-ci ildə baş verən ikinci müharibədən sonra isə Azərbaycan Ermənistanı şəhərləri, kəndləri, qəbristanlıqları yer üzündən silməkdə ittiham edib.
Ermənistan isə hazırda eyni ittihamla Azərbaycanı suçlayır.

Ana səhifəSiyasətArarat Mirzoyan: “Qarabağ münaqişəsi bizim üçün ərazi deyil, hüquqi məsələdir”