Ararat Mirzoyan: “Azərbaycan sülh sazişi ilə bağlı təkliflərimizi qəbul etməyib”

Ararat Mirzoyan. Mənbə: Reuters

“Bizim üçün əsas təhlükəzilik və Qarabağın statusu məsələlərini müzakirə etməkdir”

“Azərbaycan hələ də Yerevanın Dağlıq Qarabağın gələcək statusu və təhlükəsizliyi ilə bağlı təklifini Ermənistanla münasibətlərin nizamlanması gündəliyinə daxil etməyib”.

Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan mayın 19-da Brüsseldə “Azadlıq Radiosu”nun erməni xidmətində səsləndirib.

“Biz sülh prosesi ilə bağlı baxışımızı dərc etmişik. Dedik ki, Azərbaycanın təklif etdiyi müddəalarda Ermənistan tərəfi üçün qəbuledilməz heç nə yoxdur. Ancaq bu müddəalar gözlənilən sülh sazişində olan problemlərin bütün gündəliyini ehtiva etmir. Bizim üçün əsas Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi, eləcə də müvafiq olaraq Qarabağın statusu məsələlərini müzakirə etməkdir”, – deyə Mirzoyan bildirib.

Mirzoyan qeyd edib ki, Yerevan danışıqların ATƏT-in Minsk Qrupu çərçivəsində, həmsədrlərin mandatına uyğun davam etdirilməsini vacib sayır:

“Sülh sazişi üzrə danışıqların ATƏT-in Minsk Qrupu çərçivəsində davam etdirilməsini təklif etmişik. Hələlik bu təkliflərə Azərbaycandan müsbət cavab almamışıq, lakin bu danışıqların mümkün olması üçün səylər göstərilir”.

Ararat Mirzoyan hansı tərəfin səy göstərdiyini və bu istiqamətdə hər hansı irəliləyişin olub-olmadığını konkret açıqlamayıb.

Onun sözlərinə görə, ölkəsi münasibətləri normallaşdırmağa hazırdır, amma bunun üçün qarşı tərəfin də razılığı lazımdır.

Ermənistanlı nazir aprelin sonuna qədər delimitasiya və sərhəd təhlükəsizliyi üzrə birgə komissiyanın yaradılması barədə dövlət başçılarının razılığa gəldiklərinə də toxunub.

A.Mirzoyan iclasın keçirilməməsini fikir ayrılıqlarının olması ilə izah edib:

“Düz deyirsiniz, bu görüş baş tutmadı, amma sizi əmin edə bilərəm ki, biz bu görüşlərin təşkili ətrafında müzakirələri davam etdiririk. Tərəflər arasında razılaşdırılmalı olan bəzi texniki detallar var. Ümid edirik ki, bu görüş yaxın günlərdə və həftələrdə baş tutacaq”.

Azərbaycan dövlət başçısı İlham Əliyev mayın 18-də Litva Prezidenti Gitanas Nauseda ilə birgə mətbuat konfransında görüşün baş tutmamasında Yerevanı günahlandırmışdı.

“Bu, Ermənistan tərəfi ilə razılaşdırılmışdı. Yeri gəlmişkən, sərhəddə ilk görüşü Ermənistan Xarici İşlər Nazirliyi təklif edib. Azərbaycan bu təklifi qəbul etdi və biz nümayəndə heyəti göndərməyə hazır idik. Lakin son anda, aprelin 29-da Ermənistan razılaşdırılmış görüşü ləğv etdi. Bu, məyusedici məsələdir”, – deyə Əliyev bildirmişdi.

Xatırlatma

2020-ci il sentyabrın 27-də isə Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində növbəti dəfə döyüşlər başlayıb.

44 günlük bu müharibə (İkinci Qarabağ müharibəsi) və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona (Şuşa, Hadrut, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan və Xocavəndin bir hissəsi) nəzarəti ələ alıb.

10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib, Kəlbəcər, Ağdam və Laçın rayonları boşaldılıb.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsi tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qalıb.

Ana səhifəSiyasətArarat Mirzoyan: “Azərbaycan sülh sazişi ilə bağlı təkliflərimizi qəbul etməyib”