Ararat Mirzoyan: “Azərbaycan sülh müqaviləsini imzalamaq istəmir, əməliyyat planlaşdırır”

Ararat Mirzoyan. Mənbə: Reuters

Rəsmi Bakı iddiaları qəbul etmir, manipulyasiya adlandırır

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan iddia edib ki, Azərbaycanın Ermənistanla sülh sazişi imzalamaq üçün “siyasi iradəsi” yoxdur və ola bilər ki, ona qarşı əlavə hərbi əməliyyatlar planlaşdırır.

Bu barədə Ararat Mirzoyan oktyabrın 2-də Polşada keçirilən beynəlxalq təhlükəsizlik konfransında danışıb.

Ermənistanın xarici işlər naziri şikayətlənib ki, tərəflər arasında fikir ayrılığını aradan qaldıracaq müvəqqəti sülh müqaviləsinin imzalanması ilə bağlı Yerevanın təklifini rəsmi Bakı dəfələrlə rədd edib:

Bəzi səbəblərdən, müəyyən hesablamalara görə, onlar hər dəfə yeni ilkin şərtlər irəli sürürlər və biz görürük ki, Bakı  sadəcə olaraq sənədi imzalamaq istəmir… Biz Azərbaycan tərəfdən siyasi iradə görmürük”.

Ararat Mirzoyan eyni zamanda bildirib ki, Azərbaycanın Ermənistan əraziləri ilə bağlı əlavə hərbi planlarının olması ilə bağlı ciddi narahatlıqlar var:

Bir misal gətirə bilərəm. Hazırda Azərbaycan Ermənistanın ərazisi olan “Qərbi Azərbaycan” terminindən istifadə edir. Bizi əmin edirlər ki, bu, ərazi iddiası deyil, amma təəssüf ki, təəssürat tamam başqadır”.

Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat idarəsinin rəisi Ayxan Hacızadə Ararat Mirzoyanın söylədiklərini qəbul etməyib:

Mirzoyan Varşava Forumunda Azərbaycana qarşı həqiqətəuyğun olmayan fikirlər səsləndirib”.

Varşava Forumunun anti-Azərbaycan əhval-ruhiyyəsinin qızışdırılmasına yönəldiyini deyən Hacızadə əlavə edib ki, Ermənistan XİN rəhbəri forum çərçivəsində çıxışı zamanı dezinformasiya və manipulyasiya aparmaqla məşğul olub.

Sentyabrın 26-da Nyu-Yorkda Ararat Mirzoyan və Ceyhun Bayramov ABŞ Dövlət katibi Entoni Blinkenin ev sahibliyi ilə yeni danışıqlar aparmaq üçün görüşüblər.

Görüşdən sonra hər iki tərəfin yaydığı açıqlamada nazirlərin sülh sazişinin “bağlanması üçün əlavə səylər göstərməyə” razılaşdıqları qeyd olunmuşdu.

Münaqişənin tarixçəsi

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.

Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.

Sentyabrın 28-də isə separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.

O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.

2023-cü il oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndidəki çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.

Azərbaycan və Ermənistan arasında hələ də sülh müqaviləsi imzalanmayıb.

Ana səhifəSiyasətArarat Mirzoyan: “Azərbaycan sülh müqaviləsini imzalamaq istəmir, əməliyyat planlaşdırır”