”Aqrolizinq” ASC-nin əvəzinə Aqrar Kredit və İnkişaf Agentliyi yaradılır

Vahid Məhərrəmov: ”Özəl şirkətlərə bu işləri görmək imkanı yaradılmalıydı”

Foto: president.az
İlham Əliyev sərəncam imzalayır (arxiv foto)
İlham Əliyev sərəncam imzalayır (arxiv foto)


Vahid Məhərrəmov: ”Özəl şirkətlərə bu işləri görmək imkanı yaradılmalıydı”

Azərbaycan

prezidenti İlham Əliyev

“Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Fərman imzalayıb.

Fərmana əsasən, “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası” təsdiq edilib və bu qaydalara uyğun olaraq dövlət büdcəsinin vəsaiti hesabına verilən güzəştlər kənd təsərrüfatı istehsal vasitələrinin (kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların) ticarəti ilə məşğul olan bütün hüquqi və fiziki şəxslərin həyata keçirdikləri satışlara (lizinq və ya kredit yolu ilə) şamil edilib.

Fərmana əsasən, “Aqrolizinq” ASC-nin sərəncamındakı əmlak beynəlxalq nüfuzlu auditor təşkilatı cəlb edilməklə qiymətləndiriləcək bunun nəticəsinə əsasən, Cəmiyyətin yeni balansı barədə məlumat Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim ediləcək.

Bundan başqa mövcud kənd təsərrüfatı istehsal vasitələrinin, o cümlədən 2019-cu ilə Cəmiyyətin satın alması nəzərdə tutulan texnikanın və damazlıq heyvanların lizinq yolu ilə satışı zamanı tətbiq edilən güzəşt və yaranmış faiz öhdəlikləri Cəmiyyətin zərəri hesabına ödəniləcək, mövcud qalıq portfeldən yığılan vəsait (Cəmiyyətin saxlanması və fəaliyyətinin təmin olunması üçün tələb olunan vəsait həcmi istisna olmaqla) təsdiq edilmiş qaydaya uyğun olaraq müəyyənləşdirilən güzəştlərin ödənilməsində istifadə məqsədilə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin müvafiq hesabına köçürüləcək.

Fərmanda deyilir ki, Əmlak Məsələləri Dövlət Komitəsi Kənd Təsərrüfatı Nazirliyi ilə razılaşdırılan ardıcıllıqla Cəmiyyətin aqrotexniki xidmət sahələrinin (rayon filialları) özəlləşdirilməsini həyata keçirəcək.

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov uzun müddətdir “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin ləğv olunmasının vacibliyi haqda məsələni gündəmə gətirdiyini xatırlatdı.

O deyib ki, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti üzərinə düşən funksiyanı yerinə yetirə bilmirdi:

“Son zamanlar apardığımız müşahidə və araşdırmalar deyir ki, cəmiyyət nəinki üzərinə düşən vəzifəni yerinə yetirə bilmir, qurum özü ciddi bir problemə çevrilib. Cəmiyyətin nəzdində çoxlu sayda texniki avadanlıqlar heç bir istifadə üçün yararlı deyil. Halbuki, həmin avadanlıqlar yaxın müddətdə əldə olunmuşdu”.

V.Məhərrəmov qeyd edib ki, ümumiyyətlə, dövlətə tabe olan bu cür şirkətlərdə özününkü olmadığı üçün yanaşma fərqli olur, yəni texnikanın detallarının kimlərəsə satılması hesabına müəyyən gəlirlər əldə edirlər, nəticədə texnika sıradan çıxır.

“Əslində, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətini yaratmaqdansa, özəl şirkətlərə bu işləri görmək imkanı yaradılmalıydı. Kim istəyirsə, xaricdən texniki avadanlıqlar, kübrə, cins mal-qara gətirib satışını həyata keçirməlidir. Nəticədə bazarda rəqabət mühiti yaradılardı”.

Vahid Məhərrəmli
Vahid Məhərrəmli

Vahid Məhərrəmov hökumətə dəfələrlə bununla bağlı təkliflər verdiyini söyləyib:

“Çıxış yolu olaraq göstərirdik ki, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin yerli bölgələri sahibkarlara verilsin və əyalətlərdə rəqabət mühiti yaransın”.

Ekspertin sözlərinə görə, güzəştlər kübrənin, cins mal-qaranın alınıb gətirilməsinə tətbiq olunur, birincidə 70, ikincidə 50 faiz. O cümlədən, sürtkü yağları və dizel yanacağına güzəşt tətbiq edilib. Bəzi avadanlıqların alınıb gətirilməsində də gömrük rüsumunda güzəştlər var, amma əvvəl bu yox idi. Bu dəfəki fərmanda güzəştlər özəl müəssisələrə də şamil ediləcək:

“Ümumiyyətlə, birinci növbədə özəl sahibkarlığa imkan yaradılmalıdır. Texnika, kübrə istehsal edən, mal-qara satışı ilə məşğul edən ölkələrin Azərbaycanda filiallarını yaradılmasına dəstək verilməlidir. Həmin filiallar vasitəsilə satış və xidmət həyata keçirilsin. Sahibkarlar yalnız güzəştli kredit ala bilsinlər. Məsələn, 3 faizdən çox olmamaq şərtilə özəl müəssisələrə kredit verilməlidir ki, onlar ziyana məruz qalmasın. Belə olduqda normal mühit yaratmaq mümkündür. Əgər dövlət hansısa qurumuna güzəşt var, bu, dövlət büdcəsinin sonda qeyri-səmərəli xərclənməsinə imkan verəcək və bəziləri də bundan faydalanacaq”.

Ana səhifəXəbərlər”Aqrolizinq” ASC-nin əvəzinə Aqrar Kredit və İnkişaf Agentliyi yaradılır