Aqrar sektorda subsidiyalar siyasəti effektivliyinin artırılması yolları

Kənd təsərrüfatına ayrılan vəsaitlər məhsulun keyfiyyətinin yaxşılaşdırılmasına stimul yaratmayıb

Source:


Kənd təsərrüfatına ayrılan vəsaitlər məhsulun keyfiyyətinin yaxşılaşdırılmasına stimul yaratmayıb

Bütün dünyada kənd təsərrüfatı ən çox himayə olunan sektordur. Obyektiv səbəblərə görə, kənd təsərrüfatı məhsul istehsalçıları sənaye müəssisələri və xidmət sahələri kimi zəruri rentabellik səviyyəsini saxlaya bilmirlər. Bu da kənd təsərrüfatında istehsal prosesinin açıq səma altında, texnoloji baxımdan yığcam olmayan, dağınıq, pərakəndə məkanda baş tutması, hava şəraitindən asılılığının olması və bazar iqtisadiyyatının xüsusiyyətləri ilə bağlıdır.  Bu baxımdan, kənd təsərrüfatına dövlət dəstəyi əksər ölkələrdə aqrar siyasətin tərkib hissəsi kimi mövcuddur.

Qeyd etməliyəm ki, aqrar sektorun inkişafına dövlət dəstəyi vəziyyətini və sahəyə ayrılan maliyyə resurslarının səmərəliliyini qiymətləndirmək, problemləri müəyyən etmək və problemlərin həlli üçün alternativ təkliflər paketi hazırlamaq məqsədi ilə “Aqrar sektorda subsidiyalar siyasəti effektivliyinin artırılması yolları” adlı layihə həyata keçirilib. Layihə sənədində qeyd edilir ki, Azərbaycanda  on ildir  kənd təsərrüfatının inkişafı məqsədilə subsidiyalar verilir.  Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 yanvar tarixli 1907 nömrəli Sərəncamına uyğun olaraq, hər hektar əkin sahəsinin becərilməsində istifadə edilən yanacağa və motor yağlarına görə büdcə vəsaiti hesabına 40 manat yardımın verilməsi, habelə istehsalçılara satılan mineral gübrələrin dəyərinin orta hesabla 50 faizinin dövlət tərəfindən ödənilməsi, eləcə də buğda, çəltik istehsalının stimullaşdırılması məqsədilə hər hektar üçün əlavə olaraq 40 manat yardımın verilməsi həyata keçirilir.

Lakin apardığımız araşdırmalar göstərir ki, kənd təsərrüfatı sahəsində daha çox məhsul istehsalına nail olmaq üçün subsidiyaların verilməsi mexanizminin təkmilləşdirilməsinə ehtiyac vardır. Belə ki, mövcud olan qaydalar kənd təsərrüfatında məhsuldarlığın artırılmasını, məhsulun keyfiyyətinin yaxşılaşdırılmasını, rəqabətqabiliyyətliliyinin gücləndirilməsini stimullaşdırmır, əksinə ekstensiv əkinçiliyi genişləndirir və qeyri səmərəli biznesi stimullaşdırır. İndiyə kimi  ayrılan subsidiyalardan bir çox halda aqrar sahədə çalışan kəndlilər, fermerlər deyil, məmurlar və onlara yaxın olan dələduzlar, fırıldaqçılar faydalanıb. Bu vəsaitlərin ayrılmasında və fermerlərə çatdırılmasında neqativ hallara yol verilib. Maliyyə Nazirliyinin 13 yanvar 2010-cu il tarixli DX-03/01 DSM-14 m nömrəli sənədində göstərilib ki, 2007-2008-ci illərdə kənd təsərrüfatı məhsullarının istehsalçılarına Maliyyə Nazirliyi tərəfindən dövlət büdcəsindən ayrılmış yardımların xərclənməsində ciddi nöqsanlara yol verilib. Həmin büdcə vəsaitlərinin təyınatından yayındırmalar aşkarlanıb. Sənəddə, kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin 50% güzəştlə verilməsi qaydalarının pozulması, gübrə almayan sahibkarların adlarının siyahıya salındığı, istehsalçıların becərdikləri torpaqların həcminin süni şəkildə şişirdildiyi, buğda və çəltik istehsalının stimullaşdırılması məqsədilə yardımların verilməsində kənd ərazi nümayəndəliklərində yaşamayanların adlarının yardım alanlara aid sənədlərə daxil edildiyi göstərilib. Yoxlamalar nəticəsində məlum olub ki, yerlərdə tərtib olunmuş sənədlərdə mövcud olmayan səhələrdə taxıl səpildiyi qeyd olunub, arpa, xəsil sahələri buğda sahəsi kimi təqdim edilib, bələdiyyə sədrlərinin adlarına əsassız olaraq buğda səpilməsi rəsmiləşdirilib. Həmçinin, yanacaq və motor yağlarının verilməsi sənədlərində qanunsuz düzəlişlər üzə çıxarılıb.

Qeyd etməliyəm ki, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyünün uzun müddət ləngiməsinin əsas səbəbi kimi ölkənin bu beynəlxalq quruma müəyyən özünəməxsus şərtlərlə daxil olmaq istəyi ilə bağlıdır. Danışıqlarda Azərbaycan hökumətinin mövqeyi kənd təsərrüfatı sahəsində subsidiyalar üzrə razılaşmanı inkisaf etməkdə olan ölkələrə verilən güzəstlər səviyyəsində, illik kənd təsərrüfatı məhsulu istehsalının 10 faizi səviyyəsində verilməsinə nail olmaqdan ibarətdir. Kənd təsərrüfatının subsidiyalaşdırılması üzrə limit inkişaf etməkdə olan ölkələr üçün müəyyən edilən göstərici 10 faiz, inkişaf etmiş ölkələr üçün isə üçün 5 faiz nəzərdə tutulur. Lakin get-gedə Ümumdünya Ticarət Təşkilatına üzv olma sərtləri dəyişir, subsidiyalarla bağlı şərtlər isə  ağırlaşır. Danışıqlar zamanı Azərbaycan tərəfi birbaşa subsidiyalar üçün 10-15 faiz tələb etsə də ÜTT bunun 3-5 faiz endiirilməsini tələb edir. İxracı stimullaşdırmaq məqsədi ilə ayrılan bütün subsidiyaların ÜTT tərəfindən ləğv edəcəyi gözlənilir.

Apardığımız araşdırmalar göstərir ki, aqrar sahəyə subsidiyalar ayrılan zamandan əkin sahələrinin əraziləri böyüdüyü halda, məhsuldarlıq artmamış, keyfiyyət yaxşılaşmayıb. Rəqabətqabiliyyətli  məhsul istehsalı mümkün olmayıb. Bu da onu deməyə əsas verir ki, kənd təsərrüfatına ayrılan vəsaitlər sahədə məhsuldarlığın artmasına, məhsulun keyfiyyətinin yaxşılaşdırılmasına stimul yaratmayıb. Bu qədər vəsait bəzi məmurların və ayrılan vəsaitdən bəhrələnmək məqsədi güdən işbazların maliyyə durumunu yaxşılaşdırıb, onların sosial problemlərinin həllində vasitəyə çevrilib, əvvəllər bu işlə ciddi məşğul olan fermer və kəndlilərin sıradan çıxmasına səbəb olub.

Aparılan araşdırmalar göstərir ki, bütün ölkələr kənd təsərrüfatına maliyyə dəstəyini özünəməxsus formada həyata keçirir. Amerika Birləşmiş Ştatlarının Aqrar Departamenti (USDA) kənd təsərrüfatına hər il 25 milyard dollardan çox subsidiya verir. Bazar qiymətlərindən və digər faktorlardan aslı olaraq ayrılan subsidiyaların məbləği ildən-ilə dəyişir. Subsidiya əsasən buğda, qarğıdalı, soya, düyü və pambıq istehsalçıları olan böyük fermer təsərrüfatlarına verilir. Amerika ekspertləri hesab edir ki, bu formada hökumət fermerlər üçün sosial təminat sistemi yarada bilib.

Avstraliya, Kanada, Yeni Zelandiya, Latın Amerikası ölkələrinin əsas prinsipləri kənd təsərrüfatı ticarətinin liberallaşdırılması, birbaşa dövlət dəstəyinin azaldılması, ixrac subsidiyalarının ləğv edilməsidir. Kənd təsərrüfatı məhsulu istehsalına birbaşa subsidiya ayırmayan ölkələrin təcrübəsi göstərdi ki, subsidiyaların aradan qaldırılması, ümumi məhsul istehsalının və məhsuldarlığın artımına səbəb olub. Fermerlər gəlirlərini artırmaq məqsədilə məhsuldarlığı artırmaq, məhsulun maya dəyərini aşağı salmaq haqqında düşündüyü üçün kəmiyyət və keyfiyyət göstəricilərinin yaxşılaşmasına nail olublar.

Əmtəəlik məhsula görə subsidiya verilməsi praktikası Rusiya Federasiyasının Xantı-Mansiysk Muxtar dairəsində bir müddətdir ki, həyata keçirilir. Hökumətin kənd təsərrüfatına dəstəyi subsidiya formasında istehsal olunan məhsulun həcminə, çəkisinə görə müəyyənləşib.  Rusiya hökuməti 22 dekabr 2012-ci il tarixdə qəbul etdiyi qərara əsasən, reəlizə olunmuş 1 litr (kiloqram) əmtəəlik südün istehsal xərcinin bir hissəsini federal büdcə hesabına  ödəmək məqsədilə Rusiya Federasiyası subyektlərinə subsidiya ayrılması nəzərdə tutulur.  Bir çox vilayətdə subsidiyanın miqdarı mövsümlə əlaqədar olaraq hesablanır. Belə ki, Volqoqrad vilayətində iyun-iyul aylarında reəlizə olunan 1 ton əmtəəlik süd üçün 450 rubldan 1100 rubladək,  avqust-noyabr aylarında isə 1000 rubldan 3200 rubladək subsidiya nəzərdə tutulur .

Dünya ölkələrində subsidiyanın əmtəəlik məhsula görə verilməsi praktikası o qədər də geniş yayılmayıb. Daha çox aqrar sahəyə dövlət yardımı həyata keçirən qərb ölkələrində başa düşürlər ki, subsidiyanın hektara görə verilməsi heç də məhsul istehsalını stimullaşdırmır. Bununla yanaşı həmin ölkələrdə onu da anlayırlar ki, subsidiyanın əmtəəlik məhsula görə verilməsi daha ciddi problemlər yarada bilər. Belə ki, qərb ölkələrində yüksək texnologiyanın tətbiqi sayəsində kənd təsərrüfatı məhsulu istehsalını artırmaq üçün geniş imkanlar var. Lakin məhsul bolluğu təklifin artmasına, bu isə öz növbəsində kənd təsərrüfatı məhsullarının istehlak qiymətlərinin aşağı düşməsinə gətirib çıxarar. Ona görə də subsidiya əkilən hər hektar sahə üçün nəzərdə tutulur. Onu da nəzərə almaq lazımdır ki, Avropada orta hesabla 15 hektar əkin sahəsi olan 12 milyon fermer var, ABŞ-da isə fermerlərin sayı 2 milyon və hər birinə düşən əkin ərazisinin ölçüsü 180 hektar təşkil edir.  Azərbaycanda ümumi əkin sahəsi və məhsul istehsalı az olduğu üçün subsidiyanın əldə edilən məhsula görə verilməsi məhsuldarlığı stimullaşdırar.

Yeni Zelandiya 1984-cü ildə çox cəsarətli addım atdı. Belə ki, həmin ildən kənd təsərrüfatına ayrılan subsidiyaları dayandırdı. Aparılan islahatın ilk etapında müəyyən çətinliklər olsa da çox keçmədi ki, Yeni Zelandiya fermerləri məhsuldarlığı və rentabellik səviyyəsini artıra bildilər. Yeni Zelandiya fermerlər xərcləri azaltmaq, torpaqdan səmərəli istifadə etmək və qeyri-kənd təsərrüfatında gəlirlərini artırmaq hesabına indiyə kimi dövlət dəstəyi olmadan fəaliyyət göstərirlər.

Azərbaycanda aqrar sektorda subsidiyalar siyasəti effektivliyinin artırılmasına dair tövsiyələr.

Dünya təcrübəsi göstərir ki, aqrar sahənin rəqabətqabiliyyətliliyi daxili resurslardan səmərəli istifadədən asılıdır. Son zamanlar bütün dünyada kənd təsərrüfatı yüksək texnologiyalı sahə kateqoriyasına keçid alır. Bu istiqamətdə  Azərbaycan hökuməti aqrar siyasəti yenidən müəyyənləşdirməlidir. Hökumətin kənd təsərrüfatına  dəstəyi dövrün tələbinə uyğun olmalıdır. Belə ki, bu sahədə  elmi potensialın artırılması, yeni, daha müasir resursqoruyucu texnologiyanın tətbiq edilməsi, peşəkarların, mütəxəssislərin, alimlərin hazırlanması, elmi araşdırmalara daha geniş imkanların yaradılması yaxın zamanlarda əsas hədəf kimi qarşıya qoyulmalıdır. Yuxarıda qeyd olunduğu kimi Azərbaycanda subsidiyanın əkin sahələrinin həcminə görə verilməsi çoxlu sayda problemlər yaradır. Sahibkarlarla məmurlar arasında sövdələşmə nəticəsində göstəricilərin şişirdilməsinə və dövlət vəsaitlərinin mənimsənilməsinə, qeyri-səmərəli xərclənməsinə, ciddi qanun pozuntularına yol açır.  Azərbaycan şəraitində subsidiyanın əkin sahəsinin həcminə, doğulan hər baş buzova görə deyil, əmtəəlik məhsula görə verilməsi məqsədəuyğundur. Belə ki, subsidiyanın əmtəəlik məhsula görə verilməsi, nəticədə ümumi istehsalın və məhsuldarlığın artımına, əldə olunan məhsulun keyfiyyətinin yaxşılaşdırılmasına  stimul yaradar. Qeyd olunduğu kimi digər ölkələrdən fərqli olaraq Azərbaycanın torpaq-iqlim şəraiti çoxlu adda, çeşiddə kənd təsərrüfatı məhsulları istehsal etmək imkanı verir. Bu da öz növbəsində fermerlərə, kəndlilərə daha çox gəlir əldə etmək üçün seçim imkanı yaradır. Araşdırmalar göstərir ki, ölkədə meyvə, tərəvəz, bostan və texniki bitkilərin məhsulu istehsalı rentabellidir. Çay, pambıq, tütün məhsullarına dünya bazarında təlabat yüksək olmaqla yanaşı, qiymətlər də Azərbaycan istehsalçıları üçün sərfəlidir. Ona görə də bu subsektorlara dövlət dəstəyi elmin inkişafı istiqamətində həyata keçirilsə məqsədəuyğun olar.  Azərbaycan özünün əsas ərzaq mallarına olan təlabatını Ümümdünya Səhiyyə Təşkilatının müəyyən etdiyi normalara uyğun olaraq tam ödəyə bilmir. Belə ki, istehsal olunan ərzaq büğdası daxili təlabatın az bir hissəsini, ət 38 faizini, süd, yumurta 55 faizini təmin edir. Ölkənin müharibə şəraitində olduğunu və çox mürəkkəb beynəlxalq  vəziyyəti nəzərə alaraq, hökumət əsas ərzaq mallarının istehsalını artırmaq istiqamətində siyasətini müəyyənləşdirməlidir. Taxıl istehsalı üçün ölkədə çox münbit şərait olduğu halda, hər ildə 400-500 milyon dollar dəyərində ölkəyə taxıl məhsulları idxal olunur. Digər tərəfdən, ölkə daxilində istehsal olunan taxıl məhsullarından əsasən yemçilikdə istifadəsi olunsa da, ölkə heyvandarlıq məhsullarına olan təlabatı da ödəyə bilmir. Ölkədə taxılçılığı inkişaf etdirilməklə, ərzaq buğdasına və heyvandarlıq məhsullarına olan tələbatı daxili istehsal hesabına ödəmək mümkün olar. Taxılçılığın inkişafı öz arxası ilə  buğda, düyü, çörək, un məmulatları, makaron, qarışıq yem istehsalını aparacaq. Keyfiyyətli yem istehsalı isə toyuq, qoyun, mal əti, ət məhsulları, süd, süd məhsulları, yumurta istehsalı və göl balıqçılığının inkişafı üçün stimul yaradacaq. Taxılçılığın inkişafı həm də emal müəssisələrinin gəlirli işləməsini, yeni iş yerlərinin yaradılmasını stimullaşdırar. Yüksək keyfiyyətli, balanslaşdırılmış qarışıq yem istehsalını ildə 2 milyon tona çatdırmaq mümkün olacaq. Subsidiyanın əmtəəlik taxıl məhsullarına görə nəğd pulla verilməsi fermerlərə, kəndlilərə seçim imkanını verər, onlar daha keyfiyyətli və daha zəruri olan istehsal vasitələri, keyfiyyətli toxum materialı, mineral gübrələr, pestisidlər əldə edər.

Subsidiyaların əmtəəlik məhsullara görə verilməsi təklif olunur.  Belə ki, emal müəssisələrinə 1,2,3-cü sinif bərk buğda, 1,2,3-cü sinif yumşaq buğda, əla və 1-ci sort düyü təhvil verən istehsalçılara, hər ton məhsul üçün 50 manat, yemlik arpa, vələmir, qarğıdalı istehsalçılarına, isə hər ton üçün 30 manat subsidiya veriməsi təklif olunur.

Əmtəəlik malın bir tonu üçün təklif olunan subsidiya məbləği hesablanarkən məhsulun əhəmiyyətliliyi, istehsal xərci, sahəyə ayrılan subsidiyanın həcmi əsas götürülüb və hökumətin mövcud subsidiya siyasəti nəzərə alınıb. Belə ki, ərzaq buğdası istehsalı əhəmiyyətli olduğu üçün bu sahəyə daha çox məbləğdə subsidiya ayrılması nəzərdə tutulur. Keyfiyyətli buğda istehsalı daha çox xərc tələb edir. Buğda istehsalını artırmaq, məhsulun keyfiyyətini yaxşılaşdırmaq üçün fermerlər yüksək repreduksiyalı toxumdan istifadə etməlidir. Bitkilərin normal inkişaf etməsi üçün vegetasiya dövründə aqrotexniki qaydalara tam əməl olunmalıdır. Əldə olunan dənin kondisiyaya çatdırılması, qurudulması, təmizlənməsi, yararlı hala salınması çox  vacib şərtdir. Bu məqsədlə texnoloji avadanlıqların alınması, onlardan istifadə edilməsi əlavə maliyyə resursuna ehtiyac yaradır. Nəzərdə tutulan subsidiyanın məbləği hesablanarkən bu kimi vacıb şərtlər nəzərə alınıb.  Bu variantda əmtəəlik malın hər tonu üçün təklif olunan subsidiya məbləği taxıl istehsalının artırılmasını, keyfiyyətinin yaxşılaşdırılmasını qısa müddət ərzində həyata keçirilməsi üçün optimal variantdır.

Alternativ variant kimi, emal müəssisələrinə 1,2,3-cü sinif bərk buğda, 1,2,3-cü sinif yumşaq buğda, əla və 1-ci sort düyü təhvil verən istehsalçılara, hər ton məhsul üçün 30 manat, yemlik arpa, vələmir, qarğıdalı istehsalçılarına, isə hər ton üçün 15 manat subsidiya veriməsi təklif olunur.

Bu variant hökümətin mövcud subsidiya siyasətinə uyğun olaraq hazırlanıb. Belə ki, hər hektar buğda əkini üçün 90 manat, digər əkin sahələri üçün 50 manat subsidiya nəzərdə tutulduğunu nəzərə alaraq, mövcud məhsuldarlığa uyğun olaraq hesablanıb. Bu variantda hökumət maliyyə resurslarına qənaət etmiş olur və bu da imkan yaradır ki, həmin vəsaitlər digər sahələrə yönəldsin. Bu variantın mənfi cəhəti odur ki, fermerlərin əldə etdikləri subsidiya sahədə mövcud olan problemlərin aradan qaldırılması üçün yetərli olmayacaq.

Azərbaycanda aqrar sektorda subsidiyalar siyasəti effektivliyinin artırılması üçün bir sıra vacib məsələlər öz həllini tapmalıdır.




Azərbaycan Respublikasına yapışqanlığı 23 faizdən aşağı olan yemlik, 4-cü və 5-ci sinif buğda idxalına birdəfəlik qadağa qoyulması tövsiyə olunur.



•             Dövlət Taxıl Fondunun formalaşması yalnız yerli istehsal hesabına həyata keçirilməlidir



•             Taxıl məhsullarının və un məmulatlarının idxalına 3 il müddətinə əlavə dəyər vergisi tətbiq edilməlidir.



•             Yerli taxıl məhsullarından unüyütmədə və qarışıq yem istehsalıda istifadə hökumət tərəfindən təşviq edilməlidir.



•             Yerli taxıl emalı ilə məşğul olan müəsisələr üçün güzəştlər nəzərə alınsın.



•             Unüyütmə ilə məşğul olan və bir müddət əvvəl fəaliyyətləri dayandırılan dəyirmanların, yem istehsal edən emal müəsaisələrin yenidən bərpası, fəaliyyəti üçün imkanlar yaradılsın.



•             Bərk buğda istehsalını stimullaşdırmaq məqsədilə ölkədə makaron, vermişel, spaqetti istehsal edən yeni müəssisələrin yaradılması təşviq edilsin.

 Ölkənin ərzaq buğdasına olan tələbatı 1,2 milyon tondur. Bu qədər məhsul istehsalı üçün 60 milyon manat subsidiyanın verilməsi yetərlidir. Qəbul olunmuş dövlət proqramında ölkədə yüksək keyfiyyətli, balanslaşdırılmış qarışıq yem istehsalını ildə 2 milyon tona çatdırmaq nəzərdə tutulur, bu qədər qarışıq yemin istehsalı üçün ayrılan subsidiyanın məbləği 60 milyon manat təşkil edəcək. Beləliklə, ölkənin ərzaq buğdasına və qarışıq yem istehsalı üçün xammala olan ehtiyacı 120 milyon manat subsidiya ayırmaqla tam təmin olunacaq. Hər ton əmtəəlik bərk buğda və düyü üçün nəzərdə tutulan 50 manat subsidiya geridə qalmış bu sahələrin inkişafına stimul yaradacaq. Ümumilikdə ayrılan subsidiyanın məbləği 150 milyon manat təşkil edəcək ki, bu da ÜTT-nin tələblərinə cavab verir.

Subsidiyaların verilməsi Maliyyə Nazirliyi tərəfindən həyata keçirilməsi daha məqsədəuyğundur. Belə olan halda istehsal olunan məhsulu qəbul edən emal müəssisəsi və tədarük edən sahibkarın kassa mədaxil orderinin qəbzi ilə sənədləşdirilir. İstehsalçı məhsul satışından əldə etdiyi kassa mədaxil ordeninin qəbzinin sürətini yerli maliyyə orqanına təhvil verir və müəyyən müddət ərzində fermer üçün nəzərdə tutulan vəsait, subsidiya onun bank hesabına köçürülür. Məhsulun istehsalını və əmtəəlik olduğunu təsdiq edən sənəd kimi emal müəssisəsinin istehsalçıya təqdim etdiyi kassa mədaxil orderinin qəbzi və yaxud Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən müəyyən edilən maliyyə sənədi əsas götürülür, digər sənədlərin toplanmasına ehtiyac yaranmır.

Xüsusən ayrılan dövlət vəsaitlərinin səmərəliliyini bu formada təmin etməklə, istehsalda mövcud olan pərakəndəliyi, dağınıqlığı aradan qaldırmaq, emal sənayesini dirçəltmək mümkün olacaq. Kiçik ailə, fermer təsərrüfatlarda taxıl istehsalı gəlirli olmadığı üçün az həcmli pay torpağına sahib olan kəndlilər əkin sahələrini birləşdirmək və birgə təsərrüfat yaratmaq qərarına gələcəklər. Buğda istehsalı yerli çörək, un məmulatları istehsalının dayanıqlılığını təmin edəcək. Keyfiyyətli taxıl istehsalı öz növbəsində heyvandarlıq məhsullarının, xüsusən ət, süd, yumurta istehsalını və balıqçılığın inkişafını stimullaşdıracaq.

Əmtəəlik mala görə subsidiya alan fermerlərə etibar, inam yaranacaq, onların bazara, maliyyə, kredit resurslarına çıxış imkanı asanlaşacaq. Fermerlərin toxum, gübrə və digər istehsal vasitələrinin əldə etməsi üçün ayrılan subsidiya əlavə maliyyə imkanı yaradacaq.

Subsidiyaların əmtəəlik məhsula görə verilməsinin nəticəsində:




Taxıl məhsulları istehsalı artacaq



•             İstehsal olunan məhsulun keyfiyyəti yaxşılaşacaq



•             Dayanıqlı taxıl məhsulları istehsalı təmin olunacaq



•             Taxıl məhsulları idxalı kəskin şəkildə azalacaq



•             Bəzi taxıl məhsullarının (bərk buğda, düyü) ümumi istehsalı artacaq, bu da yeni ixrac imkanı yaradacaq



•             Olkə özünün çörək və un məmulatlarına olan təminatını daxili istehsal hesabına davamlı olaraq təmin edəcək



•             Heyvandarlığın inkişafında zəif bənd olan yemçilik inkişaf edəcək. Qarışıq yem istehsalı 2 milyon tona çatdırılacaq



•             Taxıl məhsullarının idxalı üçün xərclənən 400 milyon dollar maliyyə resursu ölkə daxilində qalacaq



•             Fermerlərin gəlirləri artacaq



•             Yeni emal müəssisələri və iş yerləri yaradılacaq

Beləliklə, aqrar sektorda subsidiyalar siyasəti effektivliyinin artırılması məqsədi ilə irəli sürülən təkliflər bu sahəyə ayrılan dövlət vəsaitlərindən səmərəli istifadəni təmin etməklə yanaşı, qeyri-neft sektorunun inkişafında və ölkənin ərzaq təhlükəsizliyinin təminatında stimullaşdırıcı pol oynayacaq. Taxılçılıqda mövcud olan pərakəndəlik aradan qalxacaq. Xırda, rentabelliyi aşağı olan kiçik ölçülü kəndli və fermer təsərrüfatlarının könüllülük əsasında kooperasiyalarda birləşməsi zərurəti yaranacaq.

Ana səhifəAnalitikaAqrar sektorda subsidiyalar siyasəti effektivliyinin artırılması yolları