Vahid Məhərrəmov: ”Ayrılan 50,7 milyard manat dövlət vəsaitlərini nəzərə alsaq, bu sahədə sürətli inkişaf olmalıydı”
Prezident İlham Əliyev bu il aprelin 11-də kənd təsərrüfatının inkişafı ilə bağlı əlavə tədbirlər haqda sərancam imzaladı. Sərəncamda ölkənin sosial-iqtisadi həyatında xüsusi əhəmiyyət kəsb etdiyi üçün qeyri-neft sektorunun inkişafı nəzərdə tutulur. Kənd təsərrüfatı məhsullarının istehsalının artırılması da planlardan biridir.
Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov deyir ki, Azərbaycanın ərzaq malları ilə özünütəminat səviyyəsi 50 faizdir:
“Əksər MDB olkələrinin qida məhsulları ilə özünütəminat səviyyəsi isə yüksələn xətt üzrə gedir. Xüsusən Belarusiya, Ukrayna, Ermənistan, Qırğızıstan, Rusiya kimi ölkələr istehlak normasından çox məhsul istehsal edir. Bu qədər məhsul onların istehlak tələbatını ödəməklə yanaşı həm də ixraca yönəlir, ölkəyə valyuta gətirir”.
Vahid Məhərrəmov deyir ki, Azərbaycan MDB-də adi yumurta istehsalında da sonuncudur:
“Ümumdünya Səhiyyə Təşkilatın (ÜST) müəyyən etdiyi qida normasına uyğun olaraq adambaşına yumurta norması il ərzində 280 ədəddir. 2015-ci ildə Belarusiya 402 ədəd istehsal etməklə MDB-də lider olub. İkinci yerdə 392 ədədlə Ukrayna, üçüncü yeri isə adambaşına 290 ədəd yumurta istehsal etməklə Rusiya tutub. Azərbaycan il ərzində adambaşına 163 ədəd yumurta istehsal etməklə bu siyahıda Ermənistandan da xeyli geridədir. Ermənistan 2015-ci ildə adambaşına 220 ədəd yumurta istehsal edərək MDB-də 5-ci olub. Azərbaycan yumurtaya olan təlabatın yalnız 58 faizini daxili istehsal hesabına təmin edə bilir”.
Azərbaycan hökuməti 2017-ci ildə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı ilə bağlı yol xəritəsini açıqladı.
Sənəd prezidentin rəsmi internet saytında var. 177 səhifəlik xəritədə 9 strateji hədəf müəyyən edilib. Hədəflər kənd təsərrüfatının müxtəlif istiqamətlərini əhatə edir.
Sənəddə deyilir ki, “Kənd təsərrüfatı məhsullarının istehsal potensialının dəyər zənciri üzrə artırılması” hədəfinə çatmaqdan ötrü həm daxili, həm də xarici bazarlarda rəqabətqabiliyyətli istehsal potensialının gücləndirilməsi nəzərdə tutulur.
Xəritədə deyilən fəaliyyətlərin reallaşdırılmasından ötrü azı 1 milyard 170 milyon manat investisiya tələb olunur.
Vahid Məhərrəmov isə bildirir ki, son illər aqrar sektora yönələn böyük məbləğdə maliyyə resursları heç bir işə yaramayıb. Deyir, regionların inkişafı adı ilə ayrılan 50,7 milyard manat dövlət vəsaitlərini nəzərə alsaq, bu sahədə sürətli inkişaf olmalıydı. Əhali də bunun nəticəsini həm məhsulun qiymətində, həm də keyfiyyətində görməliydi:
“Eləcə də fermerlərin həyat səviyyəsi xeyli yaxşılaşmalıydı. Təəssüflər olsun ki, ölkədə bunların heç biri müşahidə olunmur. Bazarlarda yenə qıtlıqdır, qiymətlər də bahadır. Fermerlər əkib-becərməyə meyilli deyillər. Çünki becərdikləri məhsuldan mənfəət əldə edə bilmirlər. Dövlət hesabına ayrılan maliyyə resurslarının aqrar sahəyə müsbət təsiri yoxdur. Həmin vəsaitlərdən sadəcə, oliqarx-məmurlar bəhrələndilər”.
Ekspert bildirir ki, Kənd Təsərrüfatı Nazirliyinin həyata keçirdiyi elektron kənd təsərrüfatı hökuməti layihəsinə böyük məbləğdə maliyyə resursu ayrılıb. Ancaq görülən iş fermerləri qane etmir:
“Elektron portalda fermerləri maraqlandıran bütün məsələlər əksini tapmalıydı. İstehsal vasitələrinə olan ehtiyac, istehsal olunmuş məhsula bazardakı tələbat, məhsulun qiyməti və sair. Fermer elektron portala daxil olub onu maraqlandıran bütün məlumatları əldə etməliydi və bunun sayəsində də fəaliyyətini düzgün tənzimləməliydi. Bunu çox asanlıqla həyata keçirmək mümkün idi. Necə ki, hazırda bu layihə keçmiş sovet respublikalarının bir çoxunda icra olunur. Fermer gərək hərtərəfli məlumatlı olsun ki, istehsalı ona görə tənzimləsin. Hətta qonşu ölkələrdə fermerlər haradan və hansı qiymətə yaxşı, keyfiyyətli toxum ala biləcəklərini də elektron portal vasitəsilə öyrənirlər. Fermer harada, hansı bazarda hansı məhsula tələbat olduğunu da öyrənir və məhsulunu ora aparır”.
Vahid Məhərrəmov deyir ki, Azərbaycanda hələ də bu məsələlər həllini tapmayıb, digər tərəfdən bazarın tələbatını öyrənən fermerin bazarın qapısından içəri buraxılıb-buraxılmayacağı da sual altındadır:
“Çünki ölkədə bazar rəqabəti yoxdur, əksinə, monopoliya var. Bakıya girişdə “Meyvəli” satış mərkəzi yaradılıb. Hamı bilir ki, o, məmurlara məxsusdur. “Meyvəli” inhisarçı olduğu üçün göstərdiyi xidmət bahadır. Rəqabət mühiti yoxdursa, seçim imkanı da yoxdur. Ancaq biz təklif etmişdik ki, regionlar üzrə bir neçə topdansatış mərkəzi yaradılsın. Məsələn, Şəmkir, Göyçay rayonları pomidor-xiyar üzrə ətraf rayonları əhatələsin, deyək ki, Tovuz-Gədəbəy-Şəmkir, Cəlilabad kartof qəbulu və satışı üzrə mərkəz rolunu oynasın. Eləcə də digər bölgələri müəyyən meyvə-tərəvəz üzrə mərkəzləşdirmək tamamilə mümkündür. Fermerlərin məlumat alması da çətin məsələ deyil. Birincisi, indi demək olar ki, hamının mobil telefonu var, ikincisi, hər kənddə internet klublar var. Lap 3 kəndi 1 mərkəzdə birləşdirmək də olar. Bununla da fermerlərin lazımi məlumatları əldə etməsini asanlaşdırmaq mümkündür. İşə bu qaydada yanaşılsa, bazarlardakı inhisarçılıq da aradan qaldırılar. Amma təəssüf ki, heç kim bu barədə düşünmək və işləmək istəmir. Görünür, mövcud durum bəzilərinə sərf edir”.
Ekspert mövcud problemlər qaldıqca, kimsə bu sahədə qiymətlərin enəcəyini gözləməsin deyir:
“Kənd təsərrüfatı ilə bağlı gözləntilər adətən bu sahəyə ayrılan investisiyalar fonunda hesablanır. Son illər kənd təsərrüfatına ayrılan kredit resursları 4 dəfə azalıb. Bu isə o deməkdir ki, fermer, kəndli kredit vəsaiti əldə edə bilməyəcək, deməli, məhsuldarlığı artıra bilməyəcək, nəticə etibarilə istehsal vasitələri üçün lazım olan dəstəyi almayacaqlar. Maliyyə resursları olmadan həm də keyfiyyət və kəmiyyət göstəricilərinin artacağını gözləmək absurddur. Fermerin, kəndlinin əldə etdiyi gəlir ancaq ailəsini dolandırmağa güclə yetir”.
Vahid Məhərrəmovun fikrincə, hökumətin aqrar sektora böyük məbləğdə maliyyə ayırmasına rəğmən, bu sahədə müsbət dəyişiklik yoxdursa, deməli, həmin vəsaitlər fərqli formada mənimsənilib.