Aqil Xəlil: “İndi Çovdarovun tənqid edilməsi mənə sarkazm kimi görünür”



“Azərbaycanda mübarizə aparmaq çox çətindir, amma haqsızlıqları qəbul edib, yaşamaq özü bir ədalətsizlikdir”


Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun  həbsi “Azadlıq” qəzetinin Fransada mühacirətdə olan müxbiri Aqil Xəlilin 2006-cı ildə başına gətirilənləri yenidən gündəmə çıxardı. Vaxtilə jurnalist ona edilən təzyiq və hücumların, mənəvi terrorun, bıçaqlanmasının başında Akif Çovdarovun dayandığını desə də, hüquq- mühafizə orqanları buna əhəmiyyət verməmişdi. MTN generalının həbsindən sonra jurnalist Aqil Xəlillə bu barədə söhbətləşdik.



 Aqil bəy, Akif Çovdarovun həbsinə münasibətiniz necə oldu?

–    Təbii ki, onun həbsinə sevinənlərdən biri oldum. Tək özümə görə yox, məndən əvvəl, sonra törətdiyi cinayətlərə, haqqını tapdaladığı insanlara görə sevindim. Onun əməlləri nəhayət ki, ifşa olundu. Mənim başıma hansı oyunlar, əməllər gətirdilər. Bu əməllərdən sonra belə, hökumət heç bir tədbir görmədi, tam əksinə bütün rıçaqlar mənə qarşı yönəldi, mənə qarşı mənəvi terrora dəstək verdilər. Bıçaqlanmağıma qədər təşkil edən bu adamlar bu mafiya idi. İndi bu hadisələri mən xatırlayanda belə təsəvvür edə bilmirəm ki, necə bir dövlətdə yaşamışam, insanların başına bu oyunlar gətirilir və ədalətsizlik hökm sürür. Yəni heç bir tədbir görülmədi, tam əksinə olaraq mənim bütün haqlarımı pozdular. Neçə illər keçəndən sonra Avropa Məhkəməsi qərar çıxardı, nəhayət, mənim haqqım tanındı. Bundan sonra yenidən Akif Çovdarov məsələsi gündəmə gəldi və onun həbsinə start verildi. Təbii ki, tək mənim başıma gətirilənlərə görə deyil, birilərinin şəxsi mənafelərinə, şəxsi işlərinə görə bu həbs baş verdi. Amma yenə də onun həbsini müsbət qiymətləndirirəm. Ona görə ki, o, bu ölkədə nə qədər cinayətlər törədib. Tək Akif Çovdarov yox, nə qədər akif çovdarovlar həbs olunmalıdır. Çovdarovun həbsinə sevindim.  Bu, belə də olmalı idi.


–    Akif Çovdarovun həbs xəbəri yayılanda ağıla ilk Aqil Xəlil və qətlə yetirilmiş digər jurnalist Elmar Hüseynov gəlirdi. Aqil bəy, bu hadisələr baş verən vaxtlarda sizin adınızı çəkməyə ehtiyat edən bəzi media orqanları bu gün, Çovdarovun həbsindən sonra sizdən, sizin başınıza gətirilənlərdən danışırlar. Media orqanlarının bu hərəkətini necə qiymətləndirirsiz?

–    -Bu suala görə təşəkkür edirəm. Tam səmimi deyirəm. Artıq onların bu gün göbələk kimi çıxması, yıxılana balta çalanların çoxalması, yəni məhv ediləndən sonra Çovdarovun açıq şəkildə tənqid edilməsi mənə sarkazm kimi görünür. Yəni bunlar o vaxt hardaydı? O vaxt media az idi. Televiziya isə demək olar ki, yox idi. O vaxt müstəqil və müxalifyönlü media məni müdafiə edirdi.  Azad sözü, azad medianı dəstəkləyən insanlar, təşkilatlar mənim tərəfimdəydi. Qalanları isə demək olar ki, mənə qarşı kampaniyaya başlamışdılıar. Amma indi görürəm ki, həmin redaksiya, həmin qəzet, həmin media orqanları, həminki rəhbərləri və işçiləri ilə Akif Çovdarovu lənətləyirlər, onun həbsini alqışlayırlar, onun villalarını çəkib, göstərirlər. Bunları o vaxt göstərmək, o vaxt tənqid etmək lazım idi. 2008-ci ildə artıq bu adamın əməlləri məlum idi.  O vaxt onun haqqında yazmaq, göstərmək daha təsirli olardı, nəinki indi. İndi bunu etməyin mənası yoxdur.  Kaş o vaxt edəydilər. İndi bunu etmək çox rahatdır və qorxusuzdur. Deməli, o vaxt qorxurlarmış. İndi isə mənasını itirmiş bir hadisə kimi baxıram bu xəbərlərə.


– Akif Çovdarovun həbsi Avropa Məhkəməsinin sizin barənizdə çıxardığı qərarla demək olar ki, eyni vaxta təsadüf etdi. Məhkəmənin qərarına görə Azərbaycan höküməti sizə kompensasiya ödəməlidir. Bütün bunlar sizə olan təzyiqlərdən, bıçaqlanmağınızdan, ölkədən getməyinizdən bir neçə il sonra baş verib. Demək olar ki, siz bu illəri səbrlə mübarizə apardız və gözlədiz. Buna ilahi ədalət demək olarmı?

– Deməzdim ki, bu gün baş verənlər təkcə mənim mübarizəmin nəticəsidir. Təsadüf demək olar. Mən bugünə qədər öz haqqımı qorumuşam və mübarizəmi aparmışam. Azərbaycanda mübarizə aparmaq çətin idi. Məcbur olub ölkəni tərk etdim. Və mən təsəvvür edə bilməzdim ki, iş Avropa Məhkəməsində olanda Azərbaycan hökuməti səhvini boynuna alsın və işin yenidən, düzgün araşdırılmasına söz versin.  Bütün bunların eyni vaxta düşməsi o demək deyil ki, bütün baş verənlər bu hadisələrlə bağlıdır. Mənim başıma gətirilənlərlə bağlı başqa maddələrlə cinayət işi açılmışdı. Güman edirəm ki, mənim başıma gətirilənləri də indi bu gün baş verənlərin gözünə qatıb, yeni bir cinayət işi açacaqlar, hətta cəmiyyətə də göstərəcəklər ki, biz bu cinayətin üstünü açdıq. Amma yenə də deyirəm ki, bu, mənim üçün ədalətli ola bilməz. Məndən əvvəl rəhmətlik Elmar Hüseynovun qətlini – Çovdarovun törətdiyi tam dəqiq bilinməsə belə – araşdırsaydılar, ədalətli olardı. Amma tam əksinə oldu. Həmin vaxt hətta prezident səviyyəsində onun vəzifəsini artırdılar, ona “İgidliyə görə” ordeni verdilər. Tam tərsinə baş verirdi hər şey. Sanki baş verənləri sevinc olaraq qarşılayırdılar. İndi də bumeranq özlərinə qayıdıb. Deyərdim ki, ilahi ədalət varmış. Hər kəs öz mübarizəsini sonadək aparsa, yarıyolda buraxmasa, gec də olsa öz istəyinə çata bilər. Düzdür, Azərbaycanda mübarizə aparmaq çox çətindir. Amma haqsızlıqları qəbul edib, yaşamaq özü bir ədalətsizlikdir.


– Aqil bəy, Azərbaycandan kənarda bu son baş verənlər necə görünür?

–  Mən bunu spirala bənzədirəm. Bütün bu baş verən hadisələr, cinayətlər tək bir adamın, Akif Çovdarovun işi deyil. Təbii ki, bu hərəkətləri edən yuxarıdan dəstəklənən adamdır. Prezident səviyyəsində dəstəklənən adamdır. Yəqin ki, indi həmin adamların arasında hansısa problemlər yaranıb. Gör nə qədər haqqı pozulan insan şikayət etməyə qorxurmuş, bu gün həmin insanlar yavaş-yavaş üzə çıxırlar. Gör neçə- neçə ailəni başsız qoyublar, reketlik edib kimlərinsə əlindən pulunu alıblar, malını-mülkünü mənimsəyiblər. Belə görünür ki, yuxarı səviyyədə bunlar dəstək alıblarmış ki, bu cinayətləri törədiblər. Mənə elə gəlir ki, bunlar öz aralarında, mafiya arasında anlaşa bilməyiblər və birinin məhvinə, həbsinə qərar verilib.  Çox təəssüf ki, onların əməllərinin əzabını çəkən sadə vətəndaşlardır, bizim kimi jurnalistlərdir, haqqı tapdanan insanlardır.  Hələ nə qədər açılmamış sirlər var. Hələ bilinmir ki, bu insan nə qədər qətllər törədib? Amma inanmıram ki, bunlar düzgün araşdırma aparsınlar.



Aqil, o vaxt sizin başınıza gətirilən əməllərdən sonra ölkəni tərk etdiniz və özünüzə yeni həyat qurdunuz. İndi həyatınızdan məmnun olduğunuzu deyirsiz. Bəlkə bunda həmin hadisələrin də rolu var…

–  Baxmayaraq ki, mən bu gün həyatımdan məmnunam,  tamam başqa mühitdə yaşayıram, ordakı şəraitimlə burdakı şəraitim tamam fərqlidir, demokratik bir cəmiyyətdə yaşayıram, amma buna haqq qazandırmaq olmaz ki, bunlara nail olmaq üçün bütün bu müsibətləri yaşayasan. Mən rahatlığımı, azadlığımı tapmaq üçün mütləqdirmi ki, bunları yaşayaydım? Mənim, ailəmin, yaxınlarımın yaşadığı stressi mənə milyonlarca kompensasiya versələr belə qaytara bilməzlər. Vəziyyət elə gətirdi ki, mən ölkədən çıxmaq məcburiyyətində qaldım. Mən burda başqaları kimi adi həyat yaşayıram. Çox istəyərdim ki, burdakı həyatın heç olmasa 20-30 faizi Azərbaycanda olsun.



Aqil bəy, Parisdəsiz. Son günlər Paris də diqqət mərkəzindədir. Parisdə baş verən terror hadisəsi bütün dünyanı silkələdi. Terror aktlarından sonra Parisdə psixoloji vəziyyət necədir və həyat hansısa formada dəyişibmi?

– Mən terror aktları baş verəndə bayırdaydım və həmin panikanın şahidi oldum. Hadisənin sabahı günü demək olar ki, Paris boşalmışdı.  Küçədə heç kəs yox idi. İnsanlar çox qorxmuşdu. Hamı şokdaydı. 2 gün sonra, bazar günü insanlar artıq yavaş-yavaş çölə çıxmağa başladılar. Amma hələ də insanlarda qorxu var.  Hamı artıq bir-birindən şübhəli gəzir. İnsanların üzündə qorxu hiss olunur.

Ana səhifəVideoAqil Xəlil: “İndi Çovdarovun tənqid edilməsi mənə sarkazm kimi görünür”