Mənbə: Meydan Tv

Aqil Hümmətovu daha 1 ay psixiatriya xəstəxanasında saxlayacaqlar

Məqalə yeniləndi:  11 İyun 2020

Həkim Ekspert Komissiyası bu qərara gəlib

Sosial şəbəkələrdə Prezident İlham Əliyev də daxil olmaqla, hökuməti tənqid edən, uşaqpulu verilməsini istəyən AXCP üzvü Aqil Hümmətovun psixiatriya xəstəxanasında saxlanma müddəti daha bir ay uzadılıb. Bu isə o deməkdir ki, aprelin 2-də xəstəxanaya salınmış A.Hümbətov iyulun 2-nə qədər orada qalacaq. Bu barədə AXCP-dən Meydan TV-yə verilən məlumatda bildirilir ki, iyulun 2-də də buraxılıb-buraxılmayacağı məlum deyil. Çünki artıq iki dəfə saxlanma müddətini uzadıblar və bunun üçüncü dəfə baş verəcəyi də istisna olunmur.

“Bir dəfə mayın 2-də bir ay uzatmışdılar, ümid edirdik ki, eyni qanunsuzluğu bu dəfə eləməzlər. Sağlam adamı iki ay psixiatriya xəstəxanasında saxlamaqla kifaylətlənərlər. Amma məlum oldu ki, qanunsuzluqdan əl çəkmək istəmirlər. Aqil Hümbətovun saxlanma müddətinin daha bir ay uzadıldığını iyunun 2-də xəstəxanadan həyat yoldaşına bildiriblər. Guya həkim-ekspert komissiyası belə nəticəyə gəlib ki, hələ bir ay da məcburi orada saxlanılıb, müalicə olunmalıdır. Halbuki, bu adamın müalicəyə ehtiyacı yoxdur, ora sırf uşaqpulu tələbilə hökuməti, İlham Əliyevi tənqid etdiyinə görə salınıb”, - deyə partiyadan bildirilib.

A.Hümmətovun psixiatriya xəstəxanasına yerləşdirilməsi haqda Bakı Apelyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə şikayət verilib. Həmçinin bu məsələ ilə əlaqədar Avropa Məhkəməsinə də şikayət göndərilib.

A.Hümmətovun vəkili Nemət Kərimli Meydan TV-yə bildirib ki, Avropa Məhkəməsinə göndərdikləri şikayətin qeydə alınması barədə Strasburqdan cavab gəlib.

Küçədən tullantılar yığıb çeşidləməklə ailəsini dolandıran A.Hümmətov martın 29-da “Facebook” hesabından hökuməti və şəxsən Prezidentin özünü tənqid edəndən bir gün sonra – martın 30-da küçədən tutulub Xəzər rayonu, 1-ci polis bölməsinə aparılıb. Daha sonra onu bölməyə çağrılan Təcili Tibbi Yardım maşınıyla Psixiatriya Xəstəxanasına yerləşdiriblər. Orada saxlandığı müddətdə xəstəxananın baş həkimi Ağahəsən Rəsulov onun məcburi müalicəyə cəlb olunmasına icazə almaq üçün Sabunçu Rayon Məhkəməsinə ərizə verib. Lakin hakim Samir Talıbov aprelin 1-də baş həkimin ərizəsinə baxaraq, onu təmin etməyib. Həmin gün də o, evə buraxılıb. Aprelin 1-də yenidən sosial şəbəkələr vasitəsilə başına gələnləri açıqlayan A.Hümmətov ertəsi gün günorta yenidən zorla xəstəxanaya aparılıb. Məlum olub ki, baş həkim sözügedən məhkəmə qərarından apelyasiya şikayəti verib. Bakı Apelyasiya Məhkəməsinin hakimi Məmməd Məmmədov onun şikayətini təmin edib və dərhal da A.Hümmətov xəstəxanaya salınıb. O vaxtdan da oradan buraxılmayıb.

İddia olunur ki, A.Hümmətov öz hərəkətlərinə nəzarət edə bilmir, ətrafdakı sakinlərə qarşı əxlaqsız hərəkətlər edir, bu üzdən ondan şikayətlər olub.

Amma A.Hümmətovun xanımı deyir ki, şikayətçi kimi adı keçən üç nəfərdən onların yaşadığı Zirə qəsəbəsində adamları şərləmək məqsədilə tez-tez istifadə olunur.

A.Hümmətovun xəstəxanadan buraxılması barədə qərar çıxaran Samir Talıbovun hakimlik səlahiyyətlərinə bundan təxminən on gün sonra xitam verilib. O, öz ərizəsilə bu vəzifədən getdiyini bildirib. Lakin başqa mənbələr onun ərizə yazmağa məcbur edildiyini iddia edir.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  11 İyun 2020
Bölmələr:  
qısa linklər:   http://mtv.re/gkt16e

Ən çox baxılan