Əgər hökumət çox qısa müddətdə milli valyutaya inamı bərpa edib, bankların manatla kreditləri bərpa etməsinə nail ola bilməsə, iqtisadi fəallığın sürətlə itirilməsi ölkə iqtisadiyyatı üçün böhranlı perspektiv vəd edir
“Moody’s” beynəlxalq reytinq agentliyinin kredit riskləri üzrə Bakıda keçirdiyi illik konfransda Azərbaycan iqtisadiyyatı ilə bağlı açlqlanan proqnozları kifayət qədər narahatedicidir. Agentliyin nikbin proqnozuna görə, bu il ölkədə ÜDM 1 faiz arta, pessimist proqnoza görə, artım qeydə alınmaya, inflyasiya 9 faizə qədər təşkil edə bilər.
Doğrudan da, son 2 ayda iqtisadi təhlillərin mərkəzi mövzusu yalnız bank sektoru olduğu üçün ölkədə iqtisadi fəallığın azaldığını əks etdirən bir sıra göstəricilər diqqətdən kənarda qalıb. Hərçənd ki, Azərbaycanın bank sektoru başqa ölkələrdə olduğu kimi ölkədə iqtisadi inkişafın təmin olunmasına ciddi töhfə vermir. Cəmi iki fakt söylədiklərimin əsassız olmadığını göstərmək üçün kafi sayıla bilər.
Birincisi, bank kreditlərinin ölkə iqtisadiyyatına qoyulan sərmayələrdə payı 3 faizə güclə çatır. Bu, o deməkdir ki, iqtisadiyyatın hər 100 manatlıq sərmayə ehtiyaclarının qarşılanmasında bank sektroru cəmi 3 manat vəsaitlə iştirak edir. Bu, həm də onun göstəricidir ki, sərmayə xarakterli vəsaitlər uzunmüddətli (5 ildən çox, orta hesabla 15-20 il) kreditlər tələb edir. Bizim bank sektoru 1-3, maksimum 5 illik bahalı kreditlərə üstünlük verməklə faizlərlə yaxşıca qazanmağın yolunu çoxdan tapıb.
Ikincisi, istehsal sferasına yönələn kreditlərin bank kreditlərində payı ən yaxşı halda 15 faizdən çox deyil. Bank kreditlərinin az qala yarısı istehlak kreditləridir. Əgər istehlak kreditləri yerli məhsulların alınmasını stimullaşdırsaydı, buna pozitiv tərəfdən baxmaq olardı. Amma nəzərə alanda ki, həmin kreditlər əsasən idxal mallarının istehlakını stimullaşdırır, deməli, bizim bank sektoru xarici sahibkarlara daha çox fayda verir.
Əslində mövzu tamamən banklar deyil, bu sektor ətrafında baş verənlərlə müqayisədə iqtisadiyyatın bir sıra vacib göstəricilərinin pisləşməsinin diqqətdən kənarda qalması idi. Məsələ burasındadır ki, Dövlət Statistika Komitəsi iqtisadi göstəricilərin bir qayda olaraq aylıq dinamikasını vermir, arxada qalan ayların cəmini artan yekunla təqdim edir. Məsələn, mart ayında biz yalnız 3 ayın yekununu görə bilirik, amma ayrı-ayrı göstəricilərin aylıq dinamikası əsas makroqitisadi göstəricilər üzrə təqdim edilmir. Halbuki aylıq göstəricilərin təqdimatı çox vacibdi. Məsələn, arxada qalan 4 ay üzrə xarici ticarət statistikasının təhlili göstərir ki, aprel ayında ölkədən ixracın ən aşağı səviyyəsi qeydə alınıb. Belə ki, ixrac yanvarda 1.278 milyard, fevralda 1.057 milyard, martda 1049 milyard, apreldə 887 milyon dollar təşkil edib. Yanvarla müqayisədə apreldə ixracın həcmi 391 milyon dollar (31 faiz) azalıb.
Qeyri-neft ixracında da kəskin azalma diqqətdən qaçmır. Qeyri-neft ixracının ən yüksək səviyyəsi fevralda olub – 225.2 milyon dollar. Martda bu göstərici 96, apreldə isə 110 milyon dollar təşkil edib. Rəqəmlərdən göründüyü kimi, mart-aprel ayları üzrə qeyri-neft sektorunun ümumi ixracı təkcə fevral ayı üzrə göstəricidən təxminən 8.5 faiz azdır. Bir məqamı deyim ki, bu hesablamalarda kimya sektoru qeyri-neft sektoruna aid edilməyib, çünki Azərbaycanın kimya sənayesi əsasən neft əsaslı sahədir. Ona görə də neft-kimya sektorunun ixracı birlikdə götürülüb.
Azalma meyli özəl sektorun ixracından da yan keçməyib. Özəl sektorun ixracının ən yüksək həddi fevralda qeydə alınıb – 201.5 milyon dollar. Martda 100.2 milyon, apreldə isə 76.7 milyon dollara enib.
Doğrudur, ÜDM-nin aylar üzrə ən yüksək məbləği apreldə qeydə alınıb – 5.1 milyard manat (ən aşağı məbləğ fevralda olmuşdu – 3.5 milyard manat). Statistik məlumatların təhlili göstərir ki, nominal ÜDM-nin artımında əsas təsir tikinti sektoru ilə bağlıdır. Belə ki, son 4 ayda əsaslı vəsait qoyuluşu artan templə davam edib. Əgər yanvarda iqtisadiyyata sərmayə qoyuluşları cəmi 683 milyon manat olmuşdusa, martda həmin göstərici 1.5, apreldə isə 1.6 milyard manat təşkil edib. Halbuki ötən ay qeyri-neft sənayesində yaranan ÜDM martla müqayisədə 250 milyon manat (32 faiz) azalaraq, 519 milyon manata enib.
Yeri gəlmişkən, “Moody’s”un konfransda verdiyi proqnozlardan biri də Azərbaycan iqtisadiyyatının artım tempinin bu ilin ikinci yarısında azalacağı ilə bağlıdır. Əslində apreldə ilin əvvəlki 3 ayına nisbətən qeyri-neft ixracının, qeyri-neft sənayesində yaranan ÜDM-nin, pərakəndə ticarət dövriyyəsinin nəzərəçarpan dərəcədə azalması artıq bu prosesin ilin birinci yarısının sonlarına doğru başladığını söyləməyə əsas verir.
İqtisadi fəallığın azalması fonunda milli valyutaya inamın itməsindən, dollarlaşmanın sürətlə artmasından da dolayı narahatlıqlar yerində olan narahatlıqlardı. “Moody’s” agentliyinin qiymətləndirmələrinə görə, dollarlaşma səviyyəsi 65 faizə yüksəlib. Doğrudan da, Mərkəzi Bankın monetar göstəricilərinin təhlili göstərir ki, geniş pul kütləsində (M3 pul aqreqatı) xarici valyutada depozitlərin xüsusi çəkisi son 1 ildə 16 faizdən 36 faizə yüksəlib. Nağd dövriyyədə, xüsuslə iriməbləğli sövdələşmələrdə valyutanın üstünlük təşkil etdiyini nəzərə alsaq, “Moody’s” un dollarlaşma səviyyəsilə bağlı hesablaması tam real görünür.
Əgər hökumət çox qısa müddətdə milli valyutaya inamı bərpa edib, bankların manatla kreditləri bərpa etməsinə nail ola bilməsə, iqtisadi fəallığın sürətlə itirilməsi ölkə iqtisadiyyatı üçün böhranlı perspektiv vəd edir. Nəzərə alaq ki, növbəti il üçün hökumət büdcə xərclərini və dövlət sərmayələrini də kəskin ixtisar etməyi müzakirə edir. Halbuki son illər ölkədə iqtisadi artım birbaşa hökumət xərcləmələrindən asılı olub.
Belə şəraitdə əsas sual budur: bank sektorunun böhranla üzləşdiyi dövrdə uzun illər büdcənin iqtisadi artımı stimullaşdırma funksiyasını hansı iqtisadi mexanizm yerinə yetirəcək?