Vəkillər protokollarla tanış ola bilmədiklərini deyirlər
“Baku Steel Company” MMC – poladəritmə zavodunun keçmiş rəhbəri Rasim Məmmədovun 14 il azadlıqdan məhrum edilməsi barədə hökmdən verdiyi şikayətə Bakı Apelyasiya Məhkəməsində baxılır. Fevralın 24-də hakim Habil Məmmədovun sədrliyilə apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb. Elə ilk iclasda iş geriyə – Bakı Ağır Cinayətlər Məhkəməsinə qaytarılıb. Səbəb isə təqsirləndirilən şəxs və vəkillərinin məhkəmə iclas protokollarıyla tanış olmamasıdır.
Rasim Məmmədov və vəkilləri vəsatət qaldıraraq bildirib ki, Bakı Ağır Cinayətlər Məhkəməsində prosesin gedişində dəfələrlə vəsatət qaldırsalar da, onlara məhkəmə iclas protokollarıyla tanış olmağa imkan verilməyib. Hətta hökm çıxarılandan sonra da onlara protokollarla tanış olmağa şərait yaradılmayıb. Vəkillər bunun ciddi qanun pozuntusu olduğunu vurğulayıblar. Onlar bildirib ki, məhkəmə iclaslarında baş verənlərin nə dərəcədə obyektiv şəkildə protokollarda əksini tapıb-tapmadığını bilmirlər. Halbuki, onlara protkollarla tanış olmağa şərait yaradılmalıydı, razılaşmadıqları məsələlərlə bağlı qeydlərini verməliydilər.
Məhkəmə vəsatəti təmin edib. Rasim Məmmədov və müdafiəçilərinin protokollarla tanış olması və qeydlərini təqdim etməsi üçün işin Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilməsi haqda qərar qəbul olunub.
Rasim Məmmədov 2021-ci il yanvarın 28-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılıb. Onun haqqında hökm 2022-ci il dekabrın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində Leyla Əsgərova-Məmmədovanın sədrlik etdiyi hakimlər kollegiyası tərəfindən çıxarılıb. Hökmə əsasən, o, 14 illik həbs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.
Hökmə əsasən, Rasim Məmmədov və yaxınlarına məxsus çoxsaylı əmlaklar müsadirə olunub. Onların sırasında bağ evləri, Bakıda mənzillər, torpaq sahələri, obyektlər və s. var. Həmçinin Səbayel rayonu, Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə 108A ünvanında yerləşən “Baku Oxford School”un binası da müsadirə olunan əmlaklar arasındadır. Bu məktəbin həmtəsisçisi Rasim Məmmədovun həyat yoldaşı Mehriban Məmmədovadır. İstintaq dövründə üzərinə həbs qoyularkən bu əmlak 22 milyon manat qiymətləndirilib.
Ümumilikdə müsadirə olunan əmlakların dəyəri 70 milyon manata yaxındır.
“Baku Steel Company”dən 185 milyonluq yeyintidə ittiham olunan Rasim Məmmədova qarşı Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israfetmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə yalan sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə emə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham irəli sürülüb.
Lakin Rasim Məmmədov özünü təqsirli bilmir, ittihamın uydurma olduğunu deyir. Onun sözlərinə görə, öz zavodunun vəsaitlərini mənimsəməkdə ittiham olunması absurddur. O vurğulayıb ki, 2011-ci ildə “Baku Steel Company” ilə bağlı Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Prezidentin şəxsi mühafizə xidmətinin rəisi Bəylər Əyyubovla üçlükdə müzakirə aparıb, müəyyən məsələri razılaşdırıblar. Sonradan zavodun gəlirləri də həmin razılaşma əsasında bölünüb.