Apelyasiya Məhkəməsi Gözəl Bayramlıya ”yox” dedi

“Nə istintaq, nə də məhkəmə onun həbsdə saxlanması üçün ciddi sübut təqdim edib”

Source:
Gözəl Bayramlı
Gözəl Bayramlı


“Nə istintaq, nə də məhkəmə onun həbsdə saxlanması üçün ciddi sübut təqdim edib”

Avqustun 24-də Bakı Apelyasiya Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Gözəl Bayramlının həbs müddətinin uzadılması qərarından verilmiş şikayətə baxılıb. Məhkəmə qapalı keçirilib.

Namiq Məmmədovun sədrlik etdiyi hakimlər kollegiyası apelyasiya şikayətini təmin etməyib.

Məlumatı Meydan TV-yə Gözəl Bayramlının vəkili Zibeydə Sadıqova verib.

“Şikayətdə bildirmişdik ki, həbs və həbsdə saxlanma müddətinin uzadılması qanunsuzdur. Nə istintaq, nə də məhkəmə onun həbsdə saxlanması üçün ciddi sübut təqdim edib. Məhkəmə şübhələrə əsaslanaraq qərar qəbul edib. Buna baxmayaraq, Apelyasiya Məhkəməsi də şikayətimizi qəbul etmədi”.

Vəkil bildirir ki, o, həmçinin, Gözəl Bayramlının səhhətindəki problemləri də hakimlərin diqqətinə çatdırıb:

“Buna baxmayaraq, Nəsimi Rayon Məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlandı”.

Məhkəmədə G.Bayramlı özü də iştirak edib. Z. Sadıqova deyir ki, o, elan olunmuş ittihamları saxta, həbsinin əsl səbəbinin isə siyasi fəaliyyəti ilə bağlı olduğunu bildirib:

“Vurğuladı ki, səhhətindəki problemlər qalır, ayağındakı ağrılardan əziyyət çəkir və bu günədək ona əl ağacı verilməyib. Bundan əlavə, istintaqa Gözəl Bayramlıya təyin olunmuş müalicə reseptinin verilməsi haqda vəsatət də vermişdik, təmin olunmuşdu. Hələ də resept ona verilməyib. Biz dəfələrlə istintaq qarşısında bu məsələni qaldırmışıq, təcridxana rəhbərliyinə müraciət etmişik ki, onun müayinə və müalicəsinə ehtiyacı var. Ən azı, Müalicə Müəssisəsinə köçürülməsinə, normal tibbi yardım almasına imkan verilsin. Təəssüf ki, hələlik nəticə yoxdur”.

Bu günlərdə isə G.Bayramlının saxlandığı 1 Saylı İstintaq Təcridxanasının rəhbərliyi onun vəkillərinə məktub göndərmişdi. Həmin məktubda G.Bayramlının hər cürə müayinələrdən keçirildiyi və səhhəti ilə bağlı narahatlığa əsas olmadığı bildirilirdi.

AXCP sədrinin müavini Gözəl Bayramlı mayın 25-i axşam saatlarında Gürcüstandan qayıdarkən saxlanıb. Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. Mayın 26-da Səbail Rayon Məhkəməsində onun barəsində ilkin olaraq üç ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Avqustun 17-də bu müddət daha iki ay uzadılıb.

Rəsmi açıqlamada Gürcüstandan qayıdarkən G.Bayramlının əşyaları arasında bəyan edilməmiş 12 min dollar pul tapıldığı iddia olunur.

G.Bayramlı isə məhkəmədə deyib ki, həmin pulu hüquq-mühafizə əməkdaşları özləri onun əşyaları arasına atıblar, onun həbsi siyasi xarakter daşıyır. Gürcüstana isə müalicə məqsədilə gedib. Son iki ildə Gürcüstanda üç dəfə əməliyyat olunub.

AXCP sədrinin müavininə verilən ittiham təsdiqlənərsə, onu 5 ilə kimi həbs gözləyir.

Cinayət işinin istintaqı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində davam edir.

Ana səhifəXəbərlərApelyasiya Məhkəməsi Gözəl Bayramlıya ”yox” dedi