Polad Aslanov

Mənbə: meydan tv

Başlıq: Polad Aslanov

Apelyasiya Məhkəməsi baş redaktorun şikayətini təmin etmədi

Polad Aslanov ev dustaqlığına buraxılmadı

Avqustun 6-da Bakı Apelyasiya Məhkəməsində "xeberman.com" saytının həbsdə olan baş redaktoru Polad Aslanovun ev dustaqlığına buraxılması məsələsinə baxılıb.

Hakim Elmar Rəhimovun sədrliyilə keçirilən məhkəmədə P.Aslanov da iştirak edib. Amma jurnalist istintaq altında olduğundan məhkəmə qapalı keçirilib.

Apelyasiya şikayəti Səbail Rayon Məhkəməsinin qərarından verilmişdi. Bu məhkəmə P.Aslanovu ev dustaqlığına buraxmaqdan imtina etmişdi. Apelyasiya Məhkəməsi də şikayəti təmin etməyib, qərarı qüvvədə saxlayıb.

Jurnalistin həyat yoldaşı Gülmirə Aslanova Meydan TV-yə bildirib ki, P.Aslanov heç bir sübut-dəlil olmadan həbsdə saxlanılır: "Təəssüf ki, sifarişlə işləyən məhkəmələr də buna göz yumur. Ədalətli, qanuni qərar çıxarmağa cəsarətləri çatmır".

G.Aslanova deyir ki, konstitusiya da, Cinayət-Prosessual Məcəllə də şəxsə yaxın qohumlarının əleyhinə ifadə verməmək hüququ tanıyır. Ancaq P.Aslanova münasibətdə bu hüquq pozulub: "Müstəntiq məni və qayınanamı çağırmışdı. Dedim ki, əvvəla, mən iyunun 13-də - Polad Aslanov saxlandığı gün ifadə vermişəm. İkincisi, qanuna görə, biz yaxın qohumları olduğuna görə ifadə verməyə bilərik. Müstəntiq dedi ki, nə qanun, mən necə istəyirəm, elə olacaq".

G.Aslanova əlavə edib ki, qanun həbsdəki şəxsə həftədə iki dəfə yaxınları ilə əlaqə saxlamaq imkanı versə də, həyat yoldaşı həftədə bir dəfə zəng eləyir: "Onda da nəzarət altında 4-5 dəqiqə danışır, evdəkiləri, uşağı soruşur, vəssalam".

P.Aslanov bu il iyunun 12-də saxlanılıb, Səbail Rayon Mәhkәmәsinin qərarıyla onun barəsində ilkin istintaq dövrü üçün 4 aylıq hәbs-qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur. Bu ittihamda 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) yaydığı rəsmi açıqlamada iddia olunur ki, P.Aslanov xarici xüsusi xidmət orqanlarının əməkdaşları ilə respublikadan kənarda məxfi görüşlər keçirib, aldığı pula görə qəbzləri imzalayıb.

Yaxınları isə onun DTX haqqında tənqidi yazılarına görə şərlənib həbs olunduğunu bildirir.

P.Aslanov ötən ilin aprelində 29 yaşında hərbi xidmətə aparılmışdı. "Sülh şəraitində hərbi xidmətə yararsız" olması barədə hərbi bileti olan P.Aslanovun həyat yoldaşı o zaman da bildirirdi ki, yazılarına görə cəzalandırmaq məqsədilə ona qarşı bu cür davranırlar.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/7kd9ar

Ən çox baxılan