Bakı Ağır Cinayətlər Məhkəməsinin bu ilin mart ayında verilən qərarı ilə Yaqublu 9 il müddətinə azadlıqdan məhrum edilib
Mayın 20-də Bakı Apelyasiya Məhkəməsi müxalif siyasətçi, Milli Şura və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun barəsində çıxarılmış hökmə baxıb.
Məhkəmə onun 9 il azadlıqdan məhrum edilməsi ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin 2025-ci il martın 10-da çıxardığı hökmü qüvvədə saxlayıb.
Tofiq Yaqublu Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 320-ci (saxta sənəd hazırlama və ya istifadə etmə) maddələri ilə təqsirli bilinib. Siyasətçi ittihamları saxta və siyasi motivli adlandırıb.
Yaqublu bu ittihamlara etiraz olaraq 2025-ci il aprelin 1-dən mayın 10-dək – 40 gün aclıq aksiyası keçirib.
Aksiyanı mayın 10-da, səhhətinin kəskin pisləşməsindən sonra, qızının xahişi ilə dayandırıb.
Tofiq Yaqublu siyasi fəaliyyəti dövründə bir neçə dəfə inzibati və uzunmüddətli həbs cəzası alıb.
O, 2013-cü ildə İsmayıllı hadisələrinə görə həbs edilib və 5 il azadlıqdan məhrum olunub.
2017-ci ildə əfv sərəncamı ilə azadlığa buraxılıb.
2020-ci il martın 22-də “xuliqanlıq” ittihamı ilə yenidən həbs olunub. İddia edilirdi ki, Yaqublu “8-ci kilometr bazarı” yaxınlığında yol qəzası törədib, digər sürücünü və onun həyat yoldaşını təhqir edib və onlara xəsarət yetirib.
Bu hadisə ilə bağlı Nizami Rayon Məhkəməsi onu 4 il 3 ay azadlıqdan məhrum etmişdi.
Bu hökmdən sonra – 2 sentyabr 2020-ci ildə Tofiq Yaqublu məhkəmə qərarına etiraz olaraq aclıq aksiyasına başlamış, 17 gün sonra – vəziyyəti ağırlaşdığı üçün təcridxanadan klinikaya köçürülmüşdü.
Sentyabrın 18-də Bakı Apellyasiya Məhkəməsi onu ev dustaqlığına buraxmışdı.
2021-ci il iyulun 15-də həmin hökmdə dəyişiklik edilərək 4 il 3 aylıq azadlıqdan məhrumetmə cəzası şərti cəza ilə əvəz olunmuşdu.