Apelyasiya Məhkəməsi Rüfət Səfərovu həbsdə saxlayıb

Rüfət Səfərov. İllüstrasiya: Meydan TV

R.Səfərov deyib ki, Azərbaycandakı məhkəmələrdən ədalətli qərar gözləntisi yoxdur

Martın 3-də Bakı Apelyasiya məhkəməsində hüquq müdafiəçisi Rüfət Səfərovun vəkilləri Cavad Cavadovla Elçin Sadıqovun onun ev dustaqlığına buraxılmaması qərarından  verilmiş apellyasiya şikayətinə baxılıb.

Hüquq müdafiəçisinin vəkilləri Cavad Cavadovla Elçin Sadıqovun onun ev dustaqlığına buraxılması barədə vəsatətini Binəqədi Rayon Məhkəməsi təmin etmədiyindən, həmin qərardan apelyasiya şikayəti veriblər.

Bu şikayətə hakim Elmar Rəhimovun sədrliyi ilə baxılıb.

Müdafiə tərəfi R.Səfərovun həbsdə saxlanmasına heç bir əsas olmadığını vurğulayaraq, şikayətin təmin edilməsini istəyib.

R.Səfərovun özü isə deyib ki, ev dustaqlığına buraxılmaqdan ötrü müraciət etməyib. O, vəkillərinin əməyinə hörmət əlaməti olaraq məhkəməyə gəlməyə razılıq verdiyini bildirib və əlavə edib ki, özünün Azərbaycandakı məhkəmələrdən, hakimlərdən ədalətli qərar gözləntisi yoxdur.

Vaxtilə prokurorluqda müstəntiq vəzifəsindən könüllü şəkildə imtina edərək, ölkədə repressiyaya məruz qalanların, əzilənlərin hüquqlarının müdafiəsinə qoşulduğunu söyləyən R.Səfərov bu davranışından heç peşman olmadığını vurğulayıb:

“Qanun və hüququn dəfn olunduğu ölkədə məni nələr gözlədiyini bilirəm. Amma vicdanlı və ləyaqətli yolu seçdiyimə görə qətiyyən peşman deyiləm. Sizlərdən də heç bir xahişim yoxdur. Sadəcə, vəkillərimin əməyinə hörmət əlaməti olaraq buradayam. Siz hakimlər, müstəntiqlər də əminsiniz ki, Rüfət Səfərov bu cinayəti törətməyib. Buna Allah da, onun bəndələri də şahiddir…”, – Rüfət Səfərov məhkəmədə deyib.

O, ötən il dekabrın 10-da – Beynəlxalq İnsan Haqları Günündə Vaşinqtonda ABŞ Dövlət katibi Antoni Blinkenin dünya üzrə 6 nəfərə “İlin güclü hüquq müdafiəçisi” mükafatını təqdim etməli olduğuna diqqət çəkib. Həmin 6 nəfərin biri olsa da, təqdimat mərasiminə yollanmazdan iki gün öncə həbs edildiyini bildirən hüquq müdafiəçisi həbsinin gerçək səbəbinin də bu olay olduğunu vurğulayıb:

“Mən orada olmasam da, Blinken adımı çəkib, mənə aid mükafatı təqdim etdi…”.

Hüquq müdafiəçisi əlavə edib ki, 23 yaşında “Aqrolizinq” ASC-nin Müşahidə Şurasının üzvü, ardından Kənd Təsərrüfatı Nazirliyində hüquqşünas-baş məsləhətçi, daha sonra prokurorluqda müstəntiq çalışıb:

 “Çoxlarının can atdığı bu vəzifədən könüllü imtina etmiş adamı indi tamah məqsədilə dələduzluqda ittiham etmək gülüncdür. Prokurorluqdakı vəzifəmdən imtina etdiyimə görə məni o vaxt şərləyib həbs elədilər”.

Bakı Apellyasiya Məhkəməsi hüquq müdafiəçisinin ev dustaqlığına buraxılmasından ötrü verilən şikayəti təmin etməyib.

Rüfət Səfərov ötən il dekabrın 3-də həbs olunub.

Ona qarşı Cinayət Məcəlləsinin 127.2.3 (qəsdən bədənə az ağır xəsarət yetirmə), 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 221.1 (xuliqanlıq) maddələrilə ittiham irəli sürülüb.

Cinayət işində iddia olunur ki, Rüfət Səfərov Novxanıda torpaq satmaq adı ilə Natiq İmamquliyev adlı şəxsdən 60 min manat pul alıb.

Həmin şəxslə dekabrın 3-də aralarında mübahisə düşüb və onu vurub.

Rüfət Səfərov isə bu ittihamların saxta olduğunu, həmin gün axşam saat 17.00 radələrində evə qayıdarkən qarajda maşından düşəndə bir nəfərin ona hücum etdiyini, dərhal da ətrafdan polislərin qaraja daxil olub, onu qandallayıb apardığını bildirir.

Hüquq müdafiəçisi vurğulayır ki, Natiq İmamquliyevdən pul almaması bir yana, qarajdakı hadisəyə qədər ümumiyyətlə, onu görməmişdi.

Rüfət Səfərov həbsdə olsa da, 10 dekabr – Beynəlxalq İnsan Haqları Günü münasibətilə həmin vaxt ABŞ-nin dövlət katibi vəzifəsini daşıyan Entoni Blinken onu “İlin güclü hüquq müdafiəçisi” mükafatı ilə təltif edib.

Keçmiş dövlət katibi çıxışında vurğulayıb ki, Rüfət Səfərov hüquq müdafiəçisi kimi fəaliyyətinə görə həbs edildiyinə görə mükafatı özü qəbul edə bilmir.

Rüfət Səfərov vaxtilə Kənd Təsərrüfatı Nazirliyində baş hüquqşünas, ardınca prokurorluqda müstəntiq işləyib.

O, 2015-ci ilin dekabrında ölkədə insan hüquqlarının pozulması, qanunların işləməməsinə etiraz olaraq bəyanatla prokurorluğun müstəntiqi vəzifəsindən istefa verib.

Bu addımından sonra onun mənzilində axtarış aparan prokurorluq özünün də haqqında cinayət işi başladıb və o, həbs olunub.

Rüfət Səfərov 9 il azadlıqdan məhrum edilib.

2019-ci ilin martında əfv sərəncamı ilə vaxtından əvvəl azadlığa buraxılandan sonra “Müdafiə Xətti” təşkilatını təsis edərək insan hüquqlarının müdafiəsilə məşğul olmağa başlayıb.

Ana səhifəSiyasətApelyasiya Məhkəməsi Rüfət Səfərovu həbsdə saxlayıb